Azərbaycanın dövlət müstəqilliyini yenidən bərpa etməsinin 20-ci ildönümü son 2 onilliyin ən mühüm hadisə və uğurları ilə yanaşı, özündən əvvəlki tarixin ciddi və unudulmaz fakt və işıqlı məqamlarını da yada saldı. Bu baxımdan yaşlı nəsil daha çox məsələləri xatırlamalı oldu. Ömrümün təxminən yarım əsri Azərbaycanın ikinci böyük sənaye mərkəzi Sumqayıtda keçib. Uzun illər bu şəhərin ağır zəhmətli, həm də şöhrətli boru-prokat zavodunun ürəyi sayınan marten sobasında çalışmışam. Bu obyektin od-alovu ilə yanaşı, həyatın sazaq-soyuğunda da bərkimişəm. Bu gün dövlət müstəqilliyimizin ayağa qaldırıb keçmişin his-pasından, ağrı-acısından qurtardığı, ikinci gənclik bəxş etdiyi bu şəhərin əvvəlki 30 ili də, son 20 ili də gözlərim qarşısından gəlib keçir.
Ötən əsrin 60-cı illərində Sumqayıtın bir sənaye şəhəri kimi formalaşdığı dövrü xatırlayanda, onun sovet dövründə yüksək inkişafa çatdığı illər barədə düşünəndə bir xalq misalı yada düşür: adı bizim, dadı özgənin. O zaman Sumqayıtın Azərbaycana məxsusluğu bir coğrafi xəritədən, bir də şair-bəstəkarlarımızın bu şəhərə qoşduğu nəğmələrdən bəlli olurdu. SSRİ-nin kimya və metallurgiya nazirliklərinin burada yaratdığı nəhəng müəssisələrdə mən şəhərə gəldiyim vaxtlarda milli varlığımıza uyğun gəlməyən tamamilə yad bir mühit hökm sürürdü. Bu zavod-fabriklər birbaşa Moskvadan idarə olunurdu, nəyi və nə qədər istehsal etmək, hara göndərmək barədə əmrlər yalnız oradan gəlirdi.
Sonralar xalq hərəkatı zamanı etiraf olundu ki, Sovet İttifaqının bir çox zərərli və son məhsul verməyən, respublikaya o qədər də gəlir gətirməyən istehsalatları burada yerləşdirilirmiş. Azərbaycanın, yerli təşkilatların öhdəsinə qoyulan isə bu nəhəng maxinanı ucuz işçi qüvvəsi ilə təmin etmək, plan-tapşırıqları sözsüz və artıqlaması ilə yerinə yetirmək idi. Əhalinin böyük əksəriyyəti azərbaycanlılar olsa da rus dili hakim mövqedə idi. Ana dilimiz rəsmi həyatdan kənarda, məişətdə, dükan-bazarda işlədilirdi. Uşaqlar rus dilində təhsil almağa, gənclər başqa xalqlarla ailə qurmağa həvəsləndirilirdi. Şəhər yüksək sənayeləşməsi, beynəlmiləlləşməsi, kənar regionlarla sıx əlaqəsi ilə tərif olunurdu.
Bu vəziyyət xalqımızın qüdrətli oğlu, müdrik siyasətçi, işgüzar dövlət xadimi, millətsevər insan Heydər Əliyevin 1969-cu ildə Azərbaycana rəhbərlik etməsinədək davam etmişdi. Onun milli təssübkeşliyi, respublikanı inkişaf etdirmək, məmləkətinə sahiblik etmək istəkləri çox keçmədi ki, Sumqayıta da doğma bir ab-hava gətirdi. Şəhərin üzləşdiyi ağır durumla dərindən və ətraflı tanış olmuş Azərbaycanın yeni rəhbəri bir sıra əsaslı tədbirlər həyata keçirdi.
Əvvəla, ittifaqtabeli müəssisələrə respublikadan güclü rəhbərlik təmin edildi. Yeni zərərli obyektlər yaradılmasının qarşısı alındı. Son məhsul buraxan istehsal sahələri açıldı. Məsələn, kimya müəssisələrində gübrələr istehsalı, məişət məhsulları buraxılışı yerli tələbatın ödənilməsi, respublikanın öz sərvətlərindən faydalanması məqsədi daşıyırdı. İkincisi, yeni yaradılan yüngül və yerli sənaye müəssisələri ekoloji cəhətdən zərərsiz idi, bu, qadınları ağır istehsalatdan çıxarmaq, işsizliyi aradan qaldırmaq sahəsində uğurlu addımlar oldu. Üçüncüsü, geniş mənzil, sosial-mədəni obyektlər tikintisi Sumqayıtı sənaye poliqonundan abad-yaraşıqlı yaşayış məntəqəsinə, Şimal bölgəsinin mədəni mərkəzinə çevirdi. Dördüncüsü, şəhərin idarəçiliyində, iri istehsalatlarda milli kadrların irəli çəkilməsi yerli əhalinin şəhərə sahiblik hissini dirçəltdi, yad təzahürlərin azalmasına səbəb oldu.
Beləliklə, Heydər Əliyevin dərin zəkası, tükənməz enejisi bütün Azərbaycanda olduğu kimi, Sumqayıtda da böyük yüksəliş, güclü milliləşmə ilə nəticələndi. Təəssüf ki, o böyük insan Moskvaya, yüksək sovet rəhbərliyinə aparılandan sonra ələbaxım, təşəbbüssüz, bacarıqsız kadrlar, Heydər Əliyevin hər cür köməyinə, himayəsinə baxmayaraq bu inkişafın sürətini və miqyasını qoruyub saxlaya bilmədilər. Xalqımızın ümummilli lideri səviyyəsinə yüksəlmiş Heydər Əliyevin Azərbaycanın düşmənlərinin əli ilə hakimiyyətdən uzaqlaşdırılandan sonra isə respublikamız da, Sumqayıt da tənəzzülə doğru yuvarlandı. Adamı yandıran odur ki, "başbilənlərimiz" bunu görüb ulu öndəri qorumaq, onun müdrikliyindən faydalanmaq əvəzinə, düşmənlərimizdən də amansız oldular. Belələri Heydər Əliyevin xalqımız üçün göstərdiyi xidmətləri unudub, şər-böhtana rəvac verdilər.
Nəticə isə çox acınacaqlı oldu. Düşmən qüvvələrin açıq-gizli himayəsi ilə Azərbaycan torpaqlarına təcavüz edən namərd ermənilərin xəyanət, təxribat və işğallarının qarşısını almaq mümkün olmadı. Haqq mübarizəsinə qalxmış xalqa doğru yol göstərməyi bacarmayan, onu birləşdirib düşmənlə mübarizəyə apara bilməyən maymaq rəhbərlər və hakimiyyət hərisləri, kənar dairələrin aləti olan ayrı-ayrı siyasətbazlar SSRİ-nin dağılması ərəfəsində, dövlət müstəqilliyinin başlanğıcında Azərbaycana məğlubiyyət qazandırdılar, insanları fəlakətə, faciələrə düçar etdilər.
Bütün bunlara ardıcıl olaraq etirazını bildirən xalq 1993-cü ilin yayında ilk addımlarını atan müstəqil dövləti xilas etmək, ərazi bütövlüyümüzü qoruyub-saxlamaq üçün ümummilli lider Heydər Əliyevi hakimiyyətə dəvət etdi. Azərbaycanın ağır günlərində Moskvadan düşmənlərin əhatəsindən çıxıb Vətənə dönən, doğulub-böyüdüyü Naxçıvanda yaşamaq imkanı əldə edən dünya şöhrətli siyasətçi, böyük dövlət xadimi Heydər Əliyev artıq blokadada olan muxtar respublikanı erməni işğalından qorumuş, burada millətsevər qüvvələrlə birlikdə Azərbaycanın müstəqilliyi ilə bağlı tarixi addımlar atmışdı. Heydər Əliyevin istər sovet zamanı, istər xalq hərəkatı dövründə, isətrsə də müstəqilliyin ilk vaxtında gördüyü işlər onu xalqın şəriksiz liderinə, Vətənin xilaskar qəhrəmanına çevirmişdi.
Doğrudan da, xalq öz qənaətində haqlı idi. Heydər Əliyev qısa müddətdə siyasi böhranı, milli fəlakəti sovuşdurdu. Onun həyata keçirdiyi müdrik, uzaqgörən siyasət Azərbaycanın etibarlı müdafiəsini, möhkəm daxili sabitliyi, səmərəli xarici əməkdaşlığı təmin etdi. Ulu öndərin həyata keçirdiyi siyasi, iqtisadi, sosial və mədəni islahatlar keçmiş sistemin ədalətsizliklərini aradan qaldırdı, yeni demokratik inkişafa yol açdı. Torpaqların və ictimai əmlakın özəlləşdirilməsi, sabibkarlığın inkişafı üçün yaradılan əlverişli şərait ölkənin böhrandan çıxmasına səbəb oldu, sürətli inkişafa təkan verdi. "Əsrin müqaviləsi" adlı beynəlxalq neft layihəsinin həyata keçirilməsi, Azərbaycanı dünya kommunikasiyalarına qoşan neft-qaz kəmərlərinin, avtomobil, dəniz və dəmiryol xətlərinin işə salınması ölkəyə külli miqdarda sərmayə və faydalı tərəfdaşlar qazandırdı.
1993-cü ilin yayında "mən həyatımın yerdə qalan hissəsini də xalqıma bağışlayıram" deyərək ölkə rəhbərliyinə qayıtmış ulu öndər Heydər Əliyev, dünyaya bəyan etdiyi kimi, Azərbaycanın müstəqilliyinin dönməzliyinə nail oldu, onun əbədiliyi üçün möhkəm əsaslar yaratdı. Ulu öndər həyatını canından əziz bildiyi xalqının xoşbəxtliyi yolunda şam kimi əridib əbədiyyətə qovuşdu. Onun Azərbaycan qarşısında ən böyük xidmətlərindən biri isə başladığı işlərin uğurla başa çatdırılması, müəyyənləşdirdiyi strateji yolun yüksək səviyyədə davam etdirilməsi üçün layiqli lider yetişdirməsi, qabil siyasi qüvvə formalaşdırması oldu.
Artıq səkkizinci ildir ki, Azərbaycan ulu öndər Heydər Əliyevin siyasi kursunun ən layiqli davamçısı İlham Əliyevin təşəbbüskar, yenilikçi fəaliyyəti ilə tərəqqi dövrünü yaşayır. Respublikamız ötən 20 ildə həyatın bütün sahələrində müstəqil siyasət yeridən, problemlərini sürətlə həll edən dövlətə çevrilmiş, regionun ən güclü və lider ölkəsi kimi tanınmışdır. 1993-cü ildə dövlət büdcəsi, təxminən, 2 milyard manat olmuş Azərbaycanda indi bu rəqəm 20 milyard manatı ötmüşdür. Müstəqillik illərində ölkəmizə 100 milyard manata qədər sərmayə qoyulmuşdur. Ölkənin əsas sərvəti olan neft hasilatı 10 dəfəyədək yüksəlmişdir. İndi sahibkarlıq ölkə iqtisadiyyatının 80 faizini təşkil edir. Son 8 ilin uğurları daha sevindiricidir. Bu müddətdə ölkə iqtisadiyyatı 3 dəfə artmış, yoxsulluq 49 faizdən 9 faizə enmişdir, 950 min yeni iş yeri açılmışdır. Bütün bunlar ulu öndər Heydər Əliyevin Azərbaycanı dünyanın ən inkişaf etmiş ölkələri sırasına çıxarmaq arzusunun gerçəkləşməsi deməkdir.
Çağdaş Azərbaycan ümummilli lider Heydər Əliyevin canlı əsəri, Heydər Əliyev isə haqlı olaraq dövlət müstəqilliyimizin memarı hesab olunur. Azərbaycanın ötən yarım əsrlik tarixi ulu öndərin adı və əməlləri ilə bağlıdır. Azərbaycanın indiki nəsilləri içərisində elə bir adam tapılmaz ki, xalqımızın həqiqi lideri olmuş Heydər Əliyev onun həyatında böyük rol oynamamış olsun. Yazının əvvəlində yaşayıb-çalışdığım Sumqayıtın inkişafı ilə bağlı Heydər Əliyevin sovet dövründə gördüyü işlərdən qısa olsa da söz açdım. Ulu öndər müstəqil Azərbaycanın Prezidenti olduğu illərdə də dəfələrlə Sumqayıtda oldu, bu şəhərin dağdan ağır problemlərinin həllinə, yeni quruculuq işlərinin aparılmasına bilavasitə kömək göstərdi. Keçmişin ağır yaralarının sağaldılması, şəhərin yüksəlişi üçün ulu öndərin gördüyü işlər Sumqayıtın indiki hərtərəfli tərəqqisi üçün möhkəm əsaslar yaratmışdır. Prezident İlham Əliyev də ümummilli liderin sumqayıtlılara böyük diqqət və qayğısını yeni əməli işlərlə davam etdirir.
Millət atası Heydər Əliyev mənim də taleyimdə silinməz, unudulmaz izlər qoymuşdur. Hələ sovet dövründə işlədiyim marten sobasının qarşısında onunla əl tutub görüşmək səadəti mənə də qismət olmuşdu. Onun yeritdiyi kadr siyasətinə uyğun olaraq, qiyabi təhsil almış əmək qabaqcılı kimi məni şəhərin xidmət şəbəkəsində əhəmiyyətli rolu olan bir obyektin rəhbərliyinə irəli çəkdilər. Əhalinin təzə, keyfiyyətli kənd təsərrüfatı məhsulları ilə təchiz etmək üçün qüvvə və bacarığımızı əsirgəmədik, o vaxta qədər mövcud nöqsanları aradan qaldırdıq. Müstəqillik dövründə isə Prezident Heydər Əliyevin özəlləşdirmə və bazar iqtisadiyyatı yaradılması ilə bağlı həyata keçirdiyi islahata uyğun olaraq xidmət sahəmizi özəlləşdirdik, fəaliyyətimizi genişləndirdik.
Biz sumqayıtlılar ümummilli lider Heydər Əliyevin yolu ilə, Prezident İlham Əliyevin rəhbərliyi ilə daha xoş günlərə yetişəcəyimizə, ağrı-acılarımızın sona yetəcəyinə möhkəm inanırıq. Hər kəsin öz xidmət sahəsində və məsul olduğu işdə vicdanla çalışması dövlət müstəqilliyimizin bu gününə və gələcəyinə verəcəyi töhfədir.
{nl}
Ağamirzə ƏHƏDOV, Sumqayıt şəhəri
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.