Bakı-Tbilisi-Qars dəmir yolu xətti Azərbaycan Prezidentinin iradəsi ilə gerçəkləşən layihələrdəndir

Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin sədri Cavid Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin Gürcüstan sahəsində işlərin gedişi ilə tanış olmuşdur.
C.Qurbanov dəmiryolu layihəsinin icrası vəziyyəti ilə bağlı AzərTAc-ın xüsusi müxbirinə demişdir:
"Dəmir yolunun Marabda-Tetriskaro (Ağbulaq) hissəsində tikinti işlərinin gedişi ilə tanış olduq. Burada 30 kilometrədək sahədə işlər intensiv aparılır. Əsas hissədə, demək olar ki, işlər başa çatmaq üzrədir. Qalan dolama yolda, - bu, təqribən 5-6 kilometri təşkil edir, - işlər davam etdirilir. İlin sonunadək 2-ci hissədə əlavə 17 kilometrlik sahədə də işləri sürətləndirmək niyyətindəyik. Bu ərazidə qış mövsümünün sərt keçməsi və işlərə cədvəldə nəzərdə tutulduğundan gec başlanılması bəzi problemlər yaratmışdır. Buna baxmayaraq yolun 1-ci hissəsində işlər başa çatmaq üzrədir. İkinci mərhələdə - 49 kilometrlik sahədə isə köhnə dəmir yolu sökülmüş, torpaq işləri intensiv aparılır, kommunikasiyalar, infrastruktur qaydaya salınır. İlin sonunadək bu işlər yəqin ki, başa çatdırılacaqdır.
Yuxarıda qeyd etdiyim kimi, işin cədvəl üzrə başlanılması prosesi bir az gecikdirilmişdir. Lakin çalışırıq ki, bu gerilik aradan qaldırılsın, vədə dəqiqliklə əməl olunsun. Burada tender keçirilərkən qiymətlər düzgün müəyyənləşdirilməmişdi. Buna görə də layihəyə yenidən baxış keçirildi və bu barədə Prezidentə məlumat verildi. Türkiyə, Azərbaycan Respublikası və Gürcüstanın nəqliyyat nazirlərinin birgə müzakirəsi və razılaşmasından sonra işə başlanıldı. Hazırda bu sahədə işə 2 mindən çox adam cəlb olunmuş, 700 ədədə yaxın texnika işləyir. Hesab edirəm ki, bu, böyük qüvvədir və ilin sonunadək qarşıya qoyulan vəzifənin yerinə yetirilməsinə imkan verəcəkdir.
Digər qlobal regional layihələr kimi, bu layihə də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin şəxsi iradəsi ilə gerçəkləşən layihələrdəndir. Bununla Azərbaycan Prezidenti Avropaya bir qapı açmış oldu. Bu yolla biz Türkiyəyə, oradan da Avropanın istənilən ölkəsinə çıxa biləcəyik və eyni zamanda, bu yol yüklərin daşınmasında mühüm rol oynayacaqdır. Bilirsiniz ki, hazırda Türkiyəyə və əks istiqamətə yüklər ya avtomobil, yaxud da təyyarə ilə daşınır. Elə yüklər vardır ki, onların bu nəqliyyat növləri ilə daşınması çətinlik yaradır. Dəmir yolu işə salındıqdan sonra bu çətinliklər də aradan qaldırılacaqdır.
Bildiyimiz kimi, Türkiyənin hazırladığı yeni dənizaltı tunel məhz bu yol vasitəsilə, Bakıda qatara əyləşib Londona düşməyə imkan verəcəkdir. Bir daha qeyd edirəm ki, Azərbaycan Prezidentinin iradəsi ilə baş tutmuş bu layihə yalnız Azərbaycan investisiyası yatırımı ilə gerçəkləşir. Prezident İlham Əliyev dəfələrlə qeyd etmişdir ki, ermənilər Azərbaycana qarşı işğalçılıq siyasətindən əl çəkməyincə, bütün regional layihələrdən kənarda qalacaqlar. İndiyədək belə də olmuşdur, bu layihə də onu təsdiqləyir.
Bu, çox böyük tarixi layihədir və əminəm ki, vaxtında başa çatdırılacaq, hamımız onu açılışının şahidi olacağıq. 2012-ci ilin sonuna ilk qatarın bu yolla hərəkətinə nail olmağa çalışırıq. Müvafiq olaraq qalan işlər də tədricən tam yerinə yetiriləcək və yol tam istifadəyə veriləcəkdir".

{nl}

İslam ƏLİYEV, AzərTAc-ın xüsusi müxbiri
Tbilisi


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında