Hörmətli redaksiya! Azərbaycan ədəbiyyatında və ictimai fikrində sanballı və kəsərli sözü ilə tanınan yazıçı - publisist, Hidayət Orucovun "Xalq qəzeti"nin 21 sentyabr 2011-ci il tarixli sayında dərc olunmuş "Sevinc və kədər- hara qədər?" məqaləsi reallığı və həqiqəti əks etdirməklə bu günlər əhalinin gur toplaşdığı bütün yerlərdə müzakirə olunur. Elə bil hamı çoxdandı ki, toy və yas mərasimlərindəki israf mərəzi mövzusunun işıqlandırılmasını gözləyirdi. Tutarlı dəlillərlə, xalq hikməti və xalq fəlsəfəsi ilə yoğrulub cilalanmış bu yazı dövrümüz üçün çox vacib olan böyük bir aktual mövzunu əhatə edir.
Mən yazı müəllifinin yas mərasimləri haqqında olan fikirlərinə münasibət bildirmək istəyirəm. Açıq demək lazımdır ki, yas mərasimlərindəki baş alıb gedən hədsiz israfçılıq, heç bir əndazəyə sığmayan "aşan-kaşanlıq" illərdən bəridir ki, hamını ürəyində düşündürüb. Eyni zamanda, hər kəsin bu məsələlərlə bağlı nüfuzlu və ağıllı söz eşitməyə ehtiyacı olub. Məhz bu səbəbdən Hidayət müəllimin məqaləsindəki "İsraf və ifratın son həddi", "Yas mərasimləri və adət-ənənələrimiz", "İslam dinindən baxış", "Digər səmavi dinlərdə yas mərasimləri", "Din xadimlərimiz və yas mərasimlərimiz" bölmələrindəki fikirlərinə və mövzuya yanaşmasına görə onun bu yazısını vaxtında deyilmiş sözə bənzədirəm. Məqalə indiki dövr üçün tam mənası ilə yerində deyilmiş söz rolunu oynadı. O söz həm də ona görə yerindədi və təsirlidi ki, həm xalq hikmətinə, həm milli-mənəvi dəyərlərimizə, həm də müqəddəs Qurani-Kərimdəki müqəddəs kəlamlara əsaslanmış, onların hikmətindən doğmuşdur. Bütün dünyanı öz daxili aləmi, mənəviyyatı, əxlaqı və humanizmi ilə heyran qoyan xalqımız bu yas mərasimlərində, mərhumun ailəsini, doğmalarını əzizləmək, ağırlamaq kimi xeyirxahlıq əməllərində də bundan sonra sivil dünyanın qaydalarına uyğun bir ölçü-biçi gözləyəcəkdir.
Bizim Tovuz rayonunda yas mərasimlərində açılan süfrələr deyərdim ki, nəinki musiqi və spirtli içkisi olmayan şadlıq süfrələrindən geri qalmır, hətta seçilmir. İmkanı olana baxıb "pərt olmaq" istəməyən kasıb başına bəla gəlib dərd üz verəndə ölüsünün dərdindən çox, ehsanatı necə vermək barədə düşünür. Çeşid-çeşid şirniyyat, bişinti məmulatları, dolma, dovğa, bozartma və plovu lazımından da artıq israf olunan məclisin maddi ağırlığı altına girmək elə də asan məsələ deyil. Doğrudur, bizim rayon camaatının gözəl, dəyərləndirilməli adəti var: ölü sahibinə dəstək olmaq. "Ölünü el götürər" ifadəsi məhz bizim el-obanın boyuna biçilib. Amma eldən gələn bu dəstək hər şeyi ödəyirmi? Əlbəttə yox. Valideyninə ehsan verib borc içində çabalayanları da görmüşəm, mərasimi yola vermək üçün mağazadan nisyə ərzaq, qəssabdan nisyə ət götürüb sonra pulunu ödəyə bilməyənləri də... Artıq hamılıqla birlikdə düşünməyin vaxtı çatıb: necə edək?
Biz ağsaqqalların, xalq içində sözü keçən hər bir kəsin, cəmiyyətimizdə nüfuzu olan hər bir şəxsin borcudur ki, məqalədə verilmiş və vəziyyətdən çıxış üçün göstərilən yolla gedək, bizdən sonrakı nəsli, əsasən də gəncləri və eləcə də bütün insanları öz arxamızca aparaq. Heç kimə gərək olmayan bu izafi xərcləri, dəbdəbəli ehsanatı, qəbirüstü abidələri, mərhumun şəninə qurulan "ziyafətləri" bir ölçüyə salaq. Azərbaycan xalqı yaranışından bəri tək tanrıçılığı, böyük Yaradana tapınmağı və sidqi, insafı və yazılmamış tabuları ilə yaxşı mənada başqalarından fərqlənir. Biz də xalqımızın bu ənənələrinə uyğun minillikləri aşıb gələn birgəyaşayış qaydalarımıza əməl etməklə müqəddəs kitabımızın tələblərinə, islami dəyərlərə uyğun olaraq yas mərasimlərinin ictimai rəyə, xalqın istəyinə uyğun həyata keçirilməsinə kömək göstərməliyik.
Ona görə deyirəm ki, Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucovun böyük elmi-tədqiqat əsərinə bərabər bu məqaləsi məhz sosial sifarişdən doğmuşdur. Məqalə bütün xalqımız kimi, biz Tovuz ağsaqqallarının, ağbirçəklərinin, ahıllarının, bir sözlə, bütün əhalisinin ürəyindən xəbər verir və onların iradəsini ifadə edir. "Xalq qəzeti" olaraq bu mətbu orqan isə səhifələrində xalqın mənəviyyatının ifadəsini və iradəsini əks etdirən, oxucuların dərin maraq və intizarla gözlədikləri belə yazılara ardıcıl olaraq yer ayırmaqla həmişə xalqın yanında və xalqın qəzeti olduğunu həmişə sübut edib. Buna görə də Tovuz rayonundakı ahıllar adından kollektivinizə təşəkkür edir, tutduğunuz yolda sizə uğurlar arzulayırıq.
{nl}
Fərman NAĞIYEV, Tovuz Rayon Ağsaqqallar Şurasının sədri
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.