Vəziyyət nəzarət altındadır

Ekoloji fəlakətlər dünyanı cənginə alıb. Qərbi Avropa ölkələrində, Asiya qitəsində, Amerika Birləşmiş Ştatlarında və başqa yerlərdə daşqınlar, vulkan püskürməsi, zəlzələlər və sair hadisələr ciddi fəsadlar yaradır, infrastrukturlar dağılır, insanlar tələf olur, vətəndaşların ev-eşiyi, var-dövləti əldən gedir. Təbii fəlakət Azərbaycandan da yan keçməyib.
Bahar fəsli başlayandan bəri ölkəmizin müxtəlif bölgələrində yağan intensiv yağışlar ciddi çətinliklər törədib. Ölkənin müxtəlif rayonlarının ərazisində subasma halları olub, torpaq sürüşmələri baş verib. Nəticədə 20 minə yaxın ev su altında qalıb, 300-dən çox ev uçub, 2 min ev qəzalı vəziyyətdədir. On minlərlə hektar əkin sahələri, örüşlər, meşə massivləri su altında qalmışdır.
Əvvəlki illərdə də ölkəmizdə belə hallar olmuşdur. Amma bu dərəcədə təbii fəlakətlə, demək olar ki, ilk dəfə üzləşirik. Kür və Araz çayları məcralarından çıxaraq mərkəzi aran rayonlarını, orada yaşayan adamları ciddi sınağa çəkib. Vəziyyət ümumilikdə nəzarət altındadır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev təbii fəlakətlə əlaqədar iki dəfə xüsusi müşavirə keçirib, müvafiq qurumlara konkret tapşırıqlar verib. Cənab Prezidentin fəlakət zonasında olması, zərər çəkən əhali ilə şəxsən görüşüb söhbət etməsi insanların əhval- ruhiyyəsinə müsbət təsir göstərib.
Hələ mayın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilən müşavirədə ölkə başçısı demişdir: "Azərbaycanın bütün müvafiq qurumları əlindən gələni edirlər ki, dəymiş bu ziyanı aradan qaldıraq, insanlara kömək edək. Müxtəlif rayonlarda bu vəziyyətdən əziyyət çəkən insanlar öz evlərindən müvafiq məskunlaşma yerlərinə köçürüldü. Əlbəttə ki, bu təbii fəlakətin nəticələri aradan qaldırılandan sonra biz dəymiş bütün ziyanı hesablayacağıq, insanlara kömək göstərəcəyik, onlar üçün yeni evlər tikəcəyik. Əvvəlki illərdə də belə təcrübə olub. Sürüşmə zamanı əziyyət çəkən vətəndaşların ev tikintisinə dövlət kömək göstərmişdi və öz maliyyə resurslarını da cəlb etmişdi. Bir daha təkrar edirəm, dəymiş bütün ziyan hesablanacaq, biz bütün lazımi tədbirlər görəcəyik".
Təbii fəlakətin baş verdiyi ilk günlərdən vəziyyətin dövlət başçısı tərəfindən ciddi nəzarətə götürülməsi adamların inamını artırmış, hamı selə qarşı mübarizədə vahid bir qüvvəyə çevrilmişdir. İndiyədək görülən işlər hədər getməmişdir. Kür çayının Bayramlı qəsəbəsi və Dadaşbəyli kəndi ətrafında dağılan bəndlər bərpa olunmuş, Sabirabadın Mürsəlli və Ulacalı kəndləri istiqamətindəki bəndlər də tam bərpa olunmaq üzrədir. Sel sularına qarşı gecə-gündüz mübarizə aparılır. Respublikanın bütün təşkilatları öz imkanları daxilində təbii fəlakətlə mübarizəyə qalxmışdır. Fövqəladə Hallar, Daxili İşlər, Müdafiə, Ekologiya və Təbii Sərvətlər, Kənd Təsərrüfatı və Səhiyyə nazirlikləri bütün qüvvələri səfərbərliyə almışlar. Meliorasiya və su təsərrüfatı idarələri gücləndirilmiş iş rejiminə keçmişlər. Bir sözlə, ölkənin bütün resursları təbii fəlakətlə mübarizəyə yönəldilmişdir.
Təbii fəlakət zonalarından son məlumatları bizə Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Əhməd Əhmədzadə çatdırır:
- Sinoptiklərin məlumatları ümidverici deyil. Mayın 25-nə kimi respublikanın əksər ərazilərində leysan yağışları olacaq, dolu düşəcək, dağ çaylarında daşqınlar gözlənilir. Kürdə suyun artması davam edir. Ən çox su artımı isə Araz çayında müşahidə olunub.
Ə.Əhmədzadənin sözlərinə görə, Sabirabad rayonunun Çığırğan kəndində srağagün axşam bəndin yarılması nəticəsində axan su boş çöllərə yönəldilmişdir. Bunun qarşısını almaq məqsədəuyğun deyil. Az ziyanla keçinmək, Neftçala və Salyan rayonlarında gərginliyi azaltmaq üçün suyun boş çöllərə axıdılmasına qərar verilmişdir.
Ə.Əhmədzadə Sabirabad, Saatlı və İmişli rayonlarının ərazilərində yerləşən Sarısu gölündə hazırda suyun səviyyəsinin 5 santimetr aşağı düşdüyünü də qeyd edib: "Bu da bəndbərkitmə işlərini davam etdirməyə imkan verir. Suyun göl ətrafındakı boş sahələrə və kollektorlara axıdılması yolları araşdırılır".
Mayın 19-da səhər saat 6 radələrində Kür çayının Sabirabad rayonunun Fətəlikənd kəndi yaxınlığından keçən hissəsində qurulmuş bənd dağılıb. Böyük sürətlə axan su kütləsi kəndə doğru irəliləməyə başlayıb. Nəticədə rayonun Xankeçən, Fətəlikənd və Çığırğan kəndləri daşqın təhlükəsi ilə üzləşib.
Dərhal əraziyə Fövqəladə Hallar Nazirliyi, Daxili Qoşunların, eləcə də digər strukturların texnika və canlı qüvvəsi cəlb olunub. Bütün səylərə baxmayaraq, selin qarşısını almaq mümkün olmur. Artıq adları çəkilən hər üç kəndin əhalisinin köçürülməsinə başlanılıb. Onlar Şirvan şəhərindəki çadır evlərdə yerləşdirilir.
Kür və Araz çaylarının yaratdığı daşqınlarla əlaqədar Saatlıdakı vəziyyət barədə rayon icra hakimiyyətindən verilən məlumatlara görə, hazırda burada 99 ədəd maşın və mexanizm, 5 min nəfərdən çox insan sel sularına qarşı mübarizə aparır. 620 ailə, cəmi 2364 nəfər adam təhlükəsiz ərazilərə köçürülüb.

{nl}

Telman ƏLİYEV, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında