Bakıda iki yeni inzibati bina açılmışdır

Oktyabrın 21-də Bakının Qaradağ rayonu ərazisindəki Xocasən şosesində Dövlət Gömrük Komitəsi Avtonəqliyyat Gömrük İdarəsinin və Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin qeydiyyat-imtahan şöbəsinin yeni inzibati binalarının açılış mərasimləri keçirilmişdir.
Açılış mərasimlərində Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini Səfər Mehdiyev və Daxili İşlər nazirinin müavini Oruc Zalov iştirak etmişlər. Mərasimlərin iştirakçıları ümummilli lider Heydər Əliyevin Avtonəqliyyat Gömrük İdarəsinin binasında yaradılmış xatirə guşəsi ilə tanış olmuş, ulu öndərin həyat və fəaliyyətinin müxtəlif məqamlarını əks etdirən foto və nəşrlərə baxmışlar.
Dövlət Gömrük Komitəsi Avtonəqliyyat Gömrük İdarəsinin yeni inzibati binası ilə tanış olan qonaqlara məlumat verilmişdir ki, binanın ümumi sahəsi 0,5 hektar ərazini əhatə edir. Burada ölkə ərazisinə idxal edilən nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi, dövlət qeydiyyatının aparılması, daimi uçota alınması, nəqliyyat vasitəsinin dövlət qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyatı nişanının verilməsi, habelə nəqliyyat vasitələrinə sahiblik, istifadə və sərəncam hüquqlarının verilməsi ilə əlaqədar prosedurların "bir pəncərə" prinsipi əsasında sadələşdirilməsi təmin ediləcəkdir. Binanın birinci mərtəbəsində elektron növbə əsasında idxal-ixrac əməliyyatları üzrə müxtəlif təyinatlı bütün növ avtonəqliyyat vasitələrinin və texnikanın gömrük rəsmiləşdirilməsi həyata keçirilir. Həmçinin, bütün gömrük ödənişlərinin yalnız bank və ya plastik kart vasitəsilə alınmasını təmin etmək məqsədilə bu mərtəbədə "AFBBank"ın 3 saylı şöbəsinin fəaliyyəti də təşkil olunmuş, xarici iqtisadi fəaliyyət iştirakçılarının məlumatlandırılması üçün iki ədəd elektron informasiya köşkü quraşdırılmışdır.
Qeyd olunmuşdur ki, bu idarə tərəfindən cari ilin 9 ayı ərzində idxal əməliyyatları üzrə 50 min 257, ixrac əməliyyatları üzrə 38 avtonəqliyyat vasitəsi və texnikanın gömrük rəsmiləşdirilməsi həyata keçirilmişdir.
Daha sonra qonaqlar DİN Baş Dövlət Yol Polisi İdarəsinin aidiyyəti qurumu üçün tikilmiş, iş otaqları, nəqliyyat vasitələrinə baxış xəttindən, növbətçi hissədən və xəzinə otağından ibarət olan inzibati bina ilə tanış olmuşlar. Binada əhaliyə göstərilən xidmətlərin operativliyini və şəffaflığını təmin etmək məqsədi ilə qeydiyyat əməliyyatları və rüsumlar barədə məlumatlar almaq üçün elektron informasiya köşkü qoyulmuş, elektron idarəetmə sistemi yaradılmışdır. Burada şəhər və rayon qeydiyyatında olan şəxslərə məxsus nəqliyyat vasitələrinə dövlət qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyatı nişanının sadələşdirilmiş formada və qısa müddətdə verilməsi də təmin ediləcəkdir.
Məlumat verilmişdir ki, əvvəllər ölkəmizə gətirilən avtonəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi ilə dövlət qeydiyyatının aparılması prosedurları müxtəlif ərazilərdə həyata keçirilirdi. Bu da vətəndaşların müəyyən vaxt itkilərinə və əlavə vəsait xərcləmələrinə səbəb olurdu. Bundan sonra xaricdən gətirilən nəqliyyat vasitələrinin "bir pəncərə" prinsipi əsasında eyni vaxtda həm gömrük, həm də dövlət qeydiyyatının aparılmasını həyata keçirmək mümkün olacaqdır.
Görülən işləri yüksək qiymətləndirən daxili işlər nazirinin müavini O.Zalov və DGK sədrinin birinci müavini Səfər Mehdiyev əməkdaşların normal fəaliyyət göstərməsi üçün lazımi şəraitin yaradılmasından məmnunluqlarını ifadə etmişlər. Bu istiqamətdə Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə həyata keçirilən tikinti-quruculuq işləri, habelə, ölkə vətəndaşlarının rahatlığının təmin edilməsinə göstərilən diqqət və qayğı yüksək qiymətləndirilmişdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında