Şriftin ölçüsü:
21.10.2011 01:31 | Oxunma sayı: 402
Azərbaycanın Rusiyadakı səfirliyində Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20 illiyi münasibətilə təntənəli qəbul olmuşdur.
Əvvəlcə Azərbaycan Respublikasının və Rusiya Federasiyasının dövlət himnləri səslənmişdir.
Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu təbrik nitqi ilə çıxış edərək 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyətinin varisinin - 1991-ci il oktyabrın 18-də öz müstəqilliyini bərpa etmiş ölkəmizin ən yeni tarixinə nəzər salmışdır. Onun sözlərinə görə, bu 20 il ərzində çox şey baş vermişdir. Azərbaycan tam iqtisadi tənəzzülə məruz qaldığı 1991-1993-cü illərdə vətəndaş müharibəsi ərəfəsində idi.
1993-cü ildə respublika ziyalılarının o ağır dövrdə Azərbaycana başçılıq etməsi xahişi ilə xalqımızın ümummilli lideri Heydər Əliyevə müraciət etdiklərini xatırladan səfir demişdir: "Ciddi iqtisadi və sosial sarsıntılar, Ermənistanın Azərbaycana qarşı təcavüzünü yaşayan ölkə məhz ulu öndərin qayıdışı ilə tədricən bərpa olunmağa başladı və 1993-cü il, əslində, müasir Azərbaycanın dirçəlişinin dönüş nöqtəsidir".
Azərbaycanın hazırda öz neft kapitalını bacarıqla və uğurla insan kapitalına çevirən inkişaf etmiş ölkə olduğunu vurğulayan P.Bülbüloğlu demişdir: "Təhsilin, səhiyyənin inkişafı, habelə yeni həyata qədəm qoyan gənclər üçün çox işlər görülür. Təkcə Bakının deyil, bölgələrin də siması tanınmayacaq dərəcədə sürətlə dəyişir".
Polad Bülbüloğlu Rusiya-Azərbaycan münasibətlərinin indiki səviyyəsinə toxunaraq bildirmişdir ki, Azərbaycan Rusiya ilə strateji tərəfdaşlıq səviyyəsinə çatdırılan münasibətlərini yüksək qiymətləndirir. Səfir demişdir: "Rusiya böyük şimal qonşusu və MDB üzrə tərəfdaş kimi Azərbaycan diplomatiyasının fəaliyyətinin ən mühüm istiqamətlərindən biridir".
Azərbaycan Prezidenti İlham Əliyevin bu yaxınlarda "Əl-Cəzirə" telekanalına müsahibəsində Azərbaycan-Rusiya münasibətləri, habelə Vladimir Putinin gələn ilin martında hakimiyyətə yenidən mümkün qayıdışı ilə bağlı söylədiyi fikirlərdən sitat gətirən diplomat xüsusi vurğulamışdır ki, Rusiyanın hazırkı Prezidenti Dmitri Medvedev münasibətlərimizin inkişafı, xüsusən respublikamızın üzərində ağır yük olan Dağlıq Qarabağ münaqişəsinin həlli üçün çox iş görmüşdür. Səfir demişdir: "Lakin biz bu məsələni sülh yolu ilə həll etmək ümidimizi itirmirik və məhz bu baxımdan Rusiya fəal kömək edir və beynəlxalq hüquq çərçivəsində fəaliyyət göstərir. Biz inanırıq ki, RF-nin köməyi ilə bu münaqişə öz həllini tapacaqdır".
Azərbaycan səfiri onu da bildirmişdir ki, bu il iki ölkə arasında əmtəə dövriyyəsinin 3 milyard dollar səviyyəsinə çatacağı gözlənilir. O, bütün sahələrdə münasibətlərin inkişaf etdiyini vurğulayaraq, oktyabrın 10-11-də prezidentlər İlham Əliyevin və Dmitri Medvedevin hamiliyi altında Bakıda keçirilən qlobal Beynəlxalq Humanitar Forumu, habelə Heydər Əliyev Fondu tərəfindən Moskvada Azərbaycan Mədəniyyəti Mərkəzinin açılmasını xatırlatmışdır.
Rusiya xarici işlər nazirinin müavini, stats-katib Qriqori Karasin bildirmişdir ki, bu bayram günü Azərbaycan və Rusiya xalqları üçün əhəmiyyətlidir. Onun sözlərinə görə, Azərbaycan Respublikası 20 ildir ki, yeni müasir dövlət quruculuğu istiqamətində qətiyyətlə irəliləyir, bunu uğurla və nəticə etibarilə səmərəli həyata keçirir, öz iqtisadi və sosial-mədəni potensialını ilbəil gücləndirir, ölçülüb-biçilmiş xarici siyasət yürüdür, ölkənin ictimai inkişafı ilə bağlı yüksək göstəricilər nümayiş etdirir. O demişdir: "Bu gün güclü, müstəqil, sabit, inkişafda olan dövlətin qurulmasının təməlində böyük dövlət xadimi, ümummilli lider Heydər Əliyevin durduğunu xatırlamamaq olmaz. Onun işini ölkənin hazırkı rəhbərliyi qətiyyətlə davam etdirir".
Rusiyada Azərbaycana məsələlərin ən geniş dairəsi üzrə konstruktiv dialoq aparmağa qadir olan etibarlı, sadiq və perspektivli tərəfdaş kimi baxdıqlarını diqqətə çatdıran Q.Karasin demişdir: "Qarşılıqlı əməkdaşlığımızın əsasında dövlətlərimizin başçıları - prezidentlər Dmitri Medvedevlə İlham Əliyevin arasında yaranmış etimada və hörmətə söykənən münasibətlər durur. Yaxın və dost ölkələrimizin münasibətləri strateji tərəfdaşlığın və mehriban qonşuluğun, qarşılıqlı fəaliyyətin möhkəmlənməsinin rəhni, Qafqaz və Xəzər regionlarında sabitlik və təhlükəsizlik amilidir ki, bu da dövlətlərimizin mənafelərinə, Rusiya və Azərbaycan xalqlarının arzularına cavab verir.
Təntənəli qəbulda RF XİN-in nümayəndələri, Rusiya deputatları, müxtəlif nazirliklərin və idarələrin təmsilçiləri, səfirlər, RF-də akreditasiya olunmuş diplomatik missiyaların, habelə Azərbaycan diasporunun nümayəndələri və gənclər iştirak etmişlər.
{nl}
Asya HACIZADƏ, AzərTAc-ın xüsusi müxbiri
Moskva
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.