Böyük Britaniyada Azərbaycanın müstəqilliyinin bərpasının iyirminci ildönümü təntənə ilə qeyd olunmuşdur

Böyük Britaniyanın paytaxtı Londonun mərkəzindəki "Westminster" Konsert və Sərgi Mərkəzində Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümü qeyd olunmuşdur. 
Heydər Əliyev Fondu, ölkəmizin Böyük Britaniyadakı səfirliyi, Avropa-Azərbaycan Cəmiyyəti (AAC) və Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən tədbir rəsmi qəbulla başlanmışdır.
Qonaqlar mərkəzin foyesində təşkil olunmuş Azərbaycanın təkrarsız təbiətini, görməli yerlərini, məşhur tarixi abidələrini əks etdirən fotosərgi ilə maraqla tanış olmuşlar.
İştirakçılara bu il oktyabrın əvvəllərində Londonda ingilis dilində ilk nömrəsinin təqdimatı keçirilmiş "Baku" jurnalı, Avropa-Azərbaycan Cəmiyyətinin "The European Azerbaijan Society magazine" və "Vizions of Azerbaijan" jurnalları, Azərbaycanda turizmin inkişafından bəhs edən müxtəlif bukletlər paylanmış, milli şirniyyat təqdim olunmuşdur.
Bayram gecəsi "Westminster" mərkəzinin böyük konsert salonunda davam etmişdir. Əvvəlcə Azərbaycanın dövlət himni səslənmişdir. Sonra ölkəmizin Böyük Britaniyadakı səfiri Fəxrəddin Qurbanov çıxış edərək bildirmişdir ki, 1991-ci il oktyabrın 18-də Azərbaycan müstəqilliyini yenidən bərpa etmişdir. Bu çətin və məsuliyyətli müstəqillik illərində ölkəmizin inkişaf yoluna qədəm qoyması xalqımızın ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır. Ötən 20 il ərzində Azərbaycan böyük uğurlara imza atmışdır. Britaniya Azərbaycanın müstəqilliyini artıq 1991-ci ilin dekabrında tanımışdır və ikitərəfli münasibətlərimiz daim yüksələn xətlə inkişaf edir. Xarici siyasət sahəsində Azərbaycanın uğurları bir çox cəhətdən Böyük Britaniya ilə bağlıdır. Ölkələrimizin parlamentləri arasında sıx əlaqələr mövcuddur, parlamentlərarası dostluq qrupu uğurla fəaliyyət göstərir. Bu əlaqələrin daha da möhkəmlənməsi üçün əsaslı zəmin vardır.
Böyük Britaniyanın Azərbaycandakı keçmiş səfiri Lori Bristou tədbirdə çıxış etmişdir. O, toplaşanlara Azərbaycan və ingilis dillərində müraciət edərək xalqımıza təbriklərini və ən xoş arzularını çatdırmışdır.
Avropa-Azərbaycan Cəmiyyətinin sədri Tale Heydərov Azərbaycanın beynəlxalq aləmə daha sıx inteqrasiyasından danışmış, respublikamızın müstəqillik günü münasibətilə hamını təbrik etmişdir.
Bayram gecəsi böyük konsert proqramı ilə davam etmişdir. Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Böyük Britaniyaya gəlmiş Azərbaycanının məşhur "Rast" qrupunun çıxışı hərarətlə qarşılanmışdır.
Tədbirin sonunda "Eurovision-2011" mahnı müsabiqəsinin qalibləri Eldar Qasımov və Nigar Camal bayram tədbirinin iştirakçılarını salamlamış, Azərbaycanın Avropa mahnı məkanında qələbə müjdəsi olan məşhur "Running Scared" və digər mahnılarını ifa etmişlər.
Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunmuş gecədə Londonda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, Böyük Britaniya ictimaiyyətinin təmsilçiləri, Azərbaycan diasporunun üzvləri, azərbaycanlı tələbələr iştirak etmişlər.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında