Azərbaycanda quraşdırılan müasir tipli uçuş trenajorlarının MDB və Şərqi Avropa məkanında analoqu yoxdur

Oktyabrın 18-də - Müstəqillik Günündə "Sheraton Baku" hotelində "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) Milli Aviasiya Akademiyası və "Boeing" şirkəti arasında müasir tipli uçuş trenajorlarının birgə istismar edilməsi ilə əlaqədar sənədin imzalanma mərasimi olmuşdur.
"Boeing-757", "Boeing-767", "Airbus-319", "Airbus-320", "ATR-42-500" və "ATR-72-500" tipli uçuş trenajorlarının birgə istismarına dair sənədi "Azərbaycan Hava Yolları" QSC-nin prezidenti Cahangir Əsgərov, Milli Aviasiya Akademiyasının rektoru, akademik Arif Paşayev və "Boeing" Kompaniyasının region ölkələri üzrə birinci vitse-prezidenti Marti Bentrott imzalamışlar.
"Azərbaycan Hava Yolları" QSC-nin prezidenti Cahangir Əsgərov bildirmişdir ki, imzalanan sənəd trenajorlardan birgə istismara icazə verir. Beynəlxalq standartlara cavab verən bu trenajorlar Prezident İlham Əliyevin mülki aviasiyaya göstərdiyi diqqət və qayğısı sayəsində MDB məkanında və Şərqi Avropada ilk dəfə olaraq Azərbaycanda quraşdırılmışdır.
Bu qurğuların müasir mülki aviasiyanın ən son nailiyyətləri əsasında hazırlandığını deyən Milli Aviasiya Akademiyasının rektoru, akademik Arif Paşayev qeyd etmişdir ki, biz bu trenajorlar vasitəsilə pilotlarımızın keyfiyyətli təlim məşqlərini təmin edəcəyik. Bu cür müasir trenajorların əldə olunması Prezident İlham Əliyevin ölkəmizin mülki aviasiyasına göstərdiyi qayğısının bariz nəticəsidir.
"Boeing" Kompaniyasının region ölkələri üzrə birinci vitse-prezidenti Marti Bentrott imzalanan sənədin layihəsinin təxminən bir il əvvəl hazırlandığını vurğulamışdır. Bildirmişdir ki, "Boeing" şirkəti buradakı vəziyyətlə tanış olmuş, avadanlığı və imkanları yoxlamışdır. O demişdir ki, biz "Azərbaycan Hava Yolları" QSC, Milli Aviasiya Akademiyası ilə əməkdaşlıqda maraqlıyıq. Regionda hava yolları şirkətləri üçün ən yüksək səviyyədə aviasiya təlimlərini təşkil etmək məqsədi ilə Milli Aviasiya Akademiyası ilə tərəfdaşlıq edirik. "Boeing" şirkəti Azərbaycanda keçirilən təlimlərə yardım etmək məqsədi ilə digər hava şirkətlərinin də bu ölkəyə cəlb olunmasını təmin edəcəkdir. Biz bunu "Boeing"lə "Azərbaycan Hava Yolları" QSC arasında regionda və dünyada aviasiya təhlükəsizliyinin təkmilləşdirilməsi istiqamətində davam edən əməkdaşlığımızda kiçik bir addım kimi qəbul edirik və bununla fəxr edirik.
Trenajor mərkəzi ilə tanışlıq zamanı bildirildi ki, "Azərbaycan Hava Yolları" QSC zəruri hava gəmisi tipinə aid normativ tələblərə əsasən trenajorlar üçün Böyük Britaniya Mülki Aviasiya İdarəsinin müvafiq sertifikatlarını almışdır. Əgər indiyədək Azərbaycanın milli aviatorları ABŞ, İngiltərə, Fransa, Belçika və digər ölkələrdə təlim keçirdilərsə, bu mərkəz bizə imkan verəcək ki, ölkəmizdə bu sahədə yüksək ixtisaslı kadr heyəti formalaşdırılsın. Həmçinin aviasiya sahəsində nüfuzlu "Thales" şirkətinin istehsal etdiyi trenajorlar adıçəkilən ölkələrdəki qurğularla müqayisədə bir çox üstün cəhətlərə malikdir. Beynəlxalq standartlara və tələb olunan bütün texniki xarakteristikalara uyğun olan trenajorlarda təlim keçmək üçün mərkəzə hətta xarici ölkələrdən də müraciətlər ediləcəkdir. Bu qurğularda təyyarədə imkan olmayan bütün xüsusi şəraitləri yaratmaq mümkündür. Trenajorlar vasitəsilə istənilən təhlükəli hallarda pilotların necə hərəkət edəcəkləri də öyrədiləcəkdir. Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İKAO) tələblərinə cavab verən yüksək səviyyəli hazırlıq mərkəzində "Boeing-757", "Boeing-767", "Airbus-319", "Airbus-320", "ATR-42-500" və "ATR-72-500" trenajorlarına texniki xidmət göstəriləcəkdir.
Sonda "Boeing" Kompaniyasının qurğuların istismarı üçün Milli Aviasiya Akademiyasına ayırdığı qrantın çeki rektor, akademik Arif Paşayevə təqdim olunmuşdur.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında