Naxçıvanda Azərbaycanın dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümü qeyd olunmuşdur

Naxçıvanda Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunmuş yubiley tədbiri keçirilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov və nazirlik, komitə, baş idarə və müəssisələrin rəhbərləri, hərbi hissələrin komandirləri, elm, təhsil müəssisələrinin və ictimaiyyətin nümayəndələri əvvəlcə müstəqil Azərbaycanın qurucusu və memarı, ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsi önünə gül düzmüş, xatirəsini ehtiramla yad etmişlər.
Sonra tədbir iştirakçıları Heydər Əliyev Sarayının foyesində təşkil olunmuş "Müstəqil Azərbaycan 1991-2011" sərgisinə baxmışlar. Sərgidə müxtəlif mövzularda çəkilmiş rəsm əsərləri, xalq yaradıcılığı nümunələri, xalçalar, əl işləri və muxtar respublikanın müstəqillik dövründə qazandığı sosial-iqtisadi inkişaf göstəricilərini əks etdirən stendlər nümayiş etdirilmişdir.
Sərgi ilə tanışlıqdan sonra Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümü münasibətilə keçirilən təntənəli bayram tədbirində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov məruzə edərək demişdir:
- 20 il bundan əvvəl, 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikası Müstəqillik haqqında Konstitusiya Aktını qəbul edərək dövlət müstəqilliyini və suverenliyini, bununla bərabər Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğunu bütün dünyaya bəyan etmişdir. Həmin gün siyasi tariximizə müstəqillik günü kimi daxil olmuşdur.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümü haqqında" 2011-ci il 21 yanvar tarixli sərəncamına əsasən, müstəqillik bayramımız ölkəmizin hər yerində yüksək dövlət səviyyəsində və təntənə ilə qeyd olunur. Dövlət müstəqilliyinin 20-ci ildönümü münasibətilə mərasim iştirakçılarını, dövlətçiliyin qorunmasında və ölkəmizin ərazi bütövlüyü uğrunda mübarizədə həyatını qurban vermiş şəhidlərin ailələrini, veteranları, Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvandakı hərbi hissələrinin şəxsi heyətlərini və muxtar respublikanın əhalisini təbrik edirəm.
Bu əziz gündə müstəqil Azərbaycan dövlətinin qurucusu, ümummilli lider Heydər Əliyevin əziz xatirəsini dərin ehtiramla yad edirik.
Ali Məclisin sədri Azərbaycanda dövlət müstəqilliyinin uzun əsrlər boyu davam etmiş ictimai-siyasi proseslərin nəticəsi olduğunu bildirərək qeyd etmişdir ki, xalqımız daim öz müstəqilliyini və suverenliyini təmin etməyə çalışmış, tarixin müəyyən dövrlərində buna nail olaraq zəngin mədəniyyət və dövlətçilik ənənələri yaratmışdır.
XX əsrdə dövlət müstəqilliyimizin birinci mərhələsi, şübhəsiz ki, Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyət dövrünü əhatə edir. Azərbaycan Xalq Cümhuriyyəti, birinci növbədə xalqımızın tarixin ən qədim qatlarından gələn dövlətçilik mədəniyyətinin davamı kimi diqqəti cəlb edir. Şərqdə ilk demokratik dövlət qurumu olan bu respublika cəmi 23 ay yaşasa da, milli dövlətçilik atributlarının qəbul edilməsi, dövlət və hərbi quruculuq, iqtisadiyyat və mədəniyyət, təhsil və səhiyyə sahəsində atılan addımlar müstəqil dövlətçilik tariximizdə mühüm əhəmiyyətə malikdir.
Ali Məclisin sədri daha sonra demişdir:
- Aydın məsələdir ki, siyasi iradə olmadan milli azadlıq hissləri özlüyündə heç bir nəticə verə bilməz. Konkret məqsədə hesablanmış belə bir fəaliyyət praktikası isə ötən əsrin 70-ci illərindən etibarən özünü göstərməyə başladı. Onun kökündə Azərbaycan naminə fəaliyyət, azərbaycançılıq ideologiyası əsasında xalqın milli-mənəvi potensialının səfərbərliyə alınması, gələcək müstəqil dövlət üçün möhkəm iqtisadi bazanın yaradılması dayanırdı. O dövrün Azərbaycanı cəmi 14 il ərzində əsl inkişafa qovuşdu. İttifaq hökumətinin aqrar əlavəsindən sonra sənayenin sürətlə inkişaf etdiyi, kənd və şəhərlərin öz simasını, insanların isə həyat tərzini dəyişdiyi nümunəvi respublika kimi formalaşdı. İttifaq büdcəsinin dotasiyası olmadan öz-özünü təmin edən iki müttəfiq respublikadan birinə çevrildi.
Ümummilli liderimiz 1969-1982-ci illərdə Azərbaycanda həyata keçirilən tədbirləri "taleyüklü tədbirlər" adlandıraraq demişdir: "Bəli, mən istəyirdim ki, Azərbaycan müstəqil olsun. Hər şeydən əvvəl iqtisadi cəhətdən. Çünki istənilən müstəqilliyin əsasında iqtisadiyyat durur. Məsələn, mən burada çoxlu elektrik stansiyaları tikdirdim. Məndən soruşdular ki, bunlar sənin nəyinə lazımdır? Mən onlara bunu nə üçün etdiyimi demirdim... Amma mən istəyirdim ki, mənim ölkəm, mənim xalqım istənilən şəraitdə müstəqil yaşaya bilsin". Bu gün tam əminliklə demək olar ki, 1969-1982-ci illərdə görülən işlər, tədbirlər ona görə taleyüklü xarakter daşıyırdı ki, onlar zamanı xeyli qabaqlayaraq ölkənin gələcəyini, müstəqil dövlətçilik dövrünü nəzərdə tuturdu.
Qeyd olunmuşdur ki, hazırkı şəraitdə müstəqil Azərbaycanın dövlət suverenliyi və iqtisadi müstəqilliyi, sistemli şəkildə artan xarici iqtisadi əlaqələri, dünya iqtisadiyyatına inteqrasiyası o illərdə əsası qoyulmuş güclü xalq təsərrüfatı potensialına əsaslanır.
Ali Məclisin sədri demişdir: Qeyd olunanlar bir daha sübut edir ki, ötən əsrin əvvəllərində Azərbaycanda dövlət müstəqilliyinin ikinci mərhələsinə keçid müvafiq milli-mənəvi və güclü sosial-iqtisadi bazanın əsasında baş vermişdir. Lakin müstəqilliyin elan edildiyi 1991-ci ilin oktyabrından 1993-cü ilin iyun ayınadək olan dövrdə dövlət müstəqilliyi nəinki möhkəmləndirildi, əksinə, Azərbaycan qısa müddətdə bu müstəqilliyi əldən vermək təhlükəsi ilə üz-üzə qaldı.
Tarix dəfələrlə sübut edib ki, əvəzsiz milli sərvət olan müstəqilliyin qorunması onun əldə edilməsindən qat-qat ağır və mürəkkəb vəzifədir. Dövlət müstəqilliyi o yerdə davamlı olur ki, birincisi, xalq bu müstəqilliyin qorunması üçün siyasi iradə göstərsin; ikincisi, xalqın milli iradəsi vahid lider ətrafında birləşsin. Dövlətlərin yaranması və süquta uğraması tarixini oxşar siyasi şəraitlərdə təhlil edən böyük alman mütəfəkkiri Kant yazırdı ki, "Güclü dövlətin iki mühüm təminatı var: xalq tərəfindən dəstəklənən qabaqcıl ideologiya və bu ideologiyanın daşıyıcısı olan xarizmatik lider". Azərbaycan xalqının bəxti onda gətirmişdir ki, dövlət müstəqilliyimizin birinci mərhələsində olduğu kimi, onun ikinci mərhələsinin əvvəllərində də müstəqilliyin itirilməsi təhlükəsi yarandıqda ulu öndər Heydər Əliyev yenidən Azərbaycan siyasi mühitində böyük xilaskarlıq missiyasını həyata keçirmişdir.
1990-1993-cü illərdə Naxçıvanda yaşayıb siyasi fəaliyyət göstərən xalqımızın böyük oğlu həqiqi dövlət müstəqilliyinin bünövrəsini bu torpaqda qoymuş, onun rəhbərlik etdiyi Naxçıvan Muxtar Respublikası xalqımızın suveren hüquqlarının və dövlət müstəqilliyinin bərpa edilməsi uğrunda gedən mübarizənin mərkəzinə çevrilmişdi.
Ali Məclisin sədri demişdir: Qeyd etmək yerinə düşər ki, bu dövrdə ölkəmizin müstəqilliyi ilə bağlı qanunvericilik təşəbbüsü hüququ istisnasız olaraq Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə məxsus olmuşdur. Ümummilli liderimizin rəhbərliyi ilə keçən muxtar respublika Ali Məclisinin sessiyalarında dövlət müstəqilliyinin bərpası ilə bağlı tarixi qərarlar qəbul olunmuş, Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı müstəqillik rəmzi kimi Naxçıvan parlamentində qaldırılmış, Naxçıvan Muxtar Respublikasının adından "Sovet Sosialist" sözləri götürülmüş, ali qanunverici və icra hakimiyyəti orqanlarının - Ali Məclisin və Nazirlər Kabinetinin adları dəyişdirilmiş, sovet qoşun hissələri Naxçıvandan çıxarılmış, onların bazasında müstəqilliyin vacib elementi olan ilk milli sərhəd dəstəsi və milli ordu hissələri yaradılmışdı. O dövrdə Azərbaycana rəhbərlik edənlər dövlət müstəqilliyinin formal mahiyyəti ilə kifayətlənərək Sovet İttifaqının qorunub saxlanması ilə əlaqədar 1991-ci il martın 17-də keçirilən referendumda Azərbaycanın iştirakı barədə qərar verdikləri halda, ulu öndər Heydər Əliyevin tövsiyəsi ilə Naxçıvan Muxtar Respublikası bu qondarma referendumdan imtina etmiş, SSRİ-nin yenidən bərpasına yönəldilən cəhdlər muxtar respublika ərazisində qətiyyətlə aradan qaldırılmış, müvafiq qərarların qəbul edilməsi qanunvericilik təşəbbüsü qaydasında Azərbaycan Ali Sovetindən də xahiş edilmişdi.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ötən əsrin 90-cı illərində Naxçıvan Muxtar Respublikasında həyata keçirilən tədbirləri dövlət müstəqilliyi üçün mühüm şərt kimi qiymətləndirərək demişdir: "1990-cı illərdə Heydər Əliyevin rəhbərliyi altında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında qəbul edilmiş tarixi qərarlar Azərbaycanın dövlət müstəqilliyini şərtləndirdi. Məhz o sessiyada Azərbaycanın üçrəngli bayrağı dövlət bayrağı kimi qəbul edildi. O vaxt Azərbaycanda hələ Sovet Azərbaycanının bayrağı dalğalanırdı. O vaxt Sovet İttifaqının dağılması haqqında heç kim düşünmürdü. O ağır, o çətin anlarda bu qətiyyətli qərarlar həm Naxçıvanı qorudu, həm də Azərbaycanın gələcək müstəqilliyini şərtləndirdi".
Qeyd olunmuşdur ki, dövlət müstəqilliyinin üçüncü mərhələsi kimi tarixə düşən 1993-cü ildən sonrakı dövr itirilən imkanların bərpası, əldən verilmiş təşəbbüslərin geri qaytarılması, bütün bunlarla yanaşı, Azərbaycanın özünə qayıtması, xalqın azad şəkildə öz siyasi iradəsinin sahibi olması dövrüdür. Azərbaycan milli və tam müstəqil dövlət kimi mövcudluğuna görə məhz bu dövrə, dövlət müstəqilliyinin real məzmun daşıdığı bu tarixi mərhələyə borcludur.
Ali Məclisin sədri demişdir: Dövlət müstəqilliyimizin üçüncü mərhələsinin ilk 10 ili - 1993-cü ildən 2003-cü ilədək olan dövr böyük dövlət xadimi Heydər Əliyevin rəhbərliyi altında keçmişdir. Bu dövr birinci növbədə onu göstərdi ki, lider, şəxsiyyət olmadan xalq öz siyasi iradəsini gerçəkləşdirə, müstəqilliyə qovuşa bilməz. Bu gün ulu öndərimizin bir sözünü yada salmaq istəyirəm. O deyirdi ki: "Mən həyatımdan keçərəm, ancaq Azərbaycanın müstəqilliyindən keçmərəm". Bu, xalqımızın böyük oğlunun dövlətçilik prinsipi, həyat fəlsəfəsi idi. Ümummilli liderimiz daxili və xarici qüvvələrin dövlət çevrilişi, sui-qəsd və təxribat cəhdlərinə baxmayaraq, öz həyatı, sağlamlığı bahasına, gecəli-gündüzlü fədakar əməyi hesabına Azərbaycanı müstəqil dövlətə çevirdi, dövlət müstəqilliyimizi daimi və əbədi etdi.
Ali Məclisin sədri qeyd etmişdir ki, əgər xalqımızın müstəqillik hərəkatı cismani varlıq kimi götürülsə, ümummilli liderimizin siyasi fəaliyyəti onun hərəkətverici qüvvəsi və mənəvi ruhudur. Bu ruh, mənəvi qüvvə Azərbaycanı sonu görünməyən bəlalardan qurtarmış, xalqın siyasi iradəsini vahid ideya - azərbaycançılıq ideologiyası uğrunda mübarizəyə yönəltmişdir.
Hər bir dövlətin müstəqilliyinin dayanıqlı olması onun iqtisadi potensialından da asılıdır. İqtisadi cəhətdən müstəqil olmayan dövlət siyasi müstəqilliyini təmin edə, onu qoruyub saxlaya bilməz. Azərbaycanın tam müstəqil dövlət olması üçün onun iqtisadi inkişafının da əsaslarını hazırlayan ulu öndərimiz qısa müddətdə islahatların aparılmasına nail olmuş, davamlı inkişaf üçün böyük maliyyə imkanları yaradan neft strategiyasını işləyib hazırlamış, Azərbaycan regionda həyata keçirilən qlobal layihələrin təşəbbüsçüsü və fəal iştirakçısı rolunu oynamağa başlamışdır. O zaman nəhəng neft-qaz layihələrinin əfsanədən reallığa çevrilməsi müstəqil Azərbaycanın gələcəyi, xalqımızın xoşbəxtliyi uğrunda atılmış addım kimi tarixə düşmüşdür.
Ali Məclisin sədri həyata keçirilən tədbirlər, eləcə də ulu öndərimizin möhkəm qətiyyəti, misilsiz siyasi və dövlətçilik təcrübəsi sayəsində dövlət müstəqilliyimiz məhz bu dövrdə sarsılmaz xarakter aldığını bildirərək demişdir: Dövlət quruculuğunun iqtisadi, siyasi, hüquqi və mənəvi əsasları inkişaf etdirildi. Müstəqilliyimizin qarantı olan milli ordu formalaşdırıldı. Torpaq islahatı, özəlləşmə həyata keçirildi. Azərbaycanın və Naxçıvan Muxtar Respublikasının yeni konstitusiyaları qəbul edildi. Qanunun aliliyi təmin olundu. Demokratik, azad və şəffaf seçkilərin əsası qoyuldu. Prezident, parlament və bələdiyyə seçkiləri keçirildi. Ölkədə möhkəm ictimai-siyasi sabitlik yarandı.
Bütün bunlar ona gətirib çıxartdı ki, Azərbaycan dağılmaqda olan ölkədən inkişaf edən, tərəqqiyə qovuşan ölkəyə; vətəndaş müharibəsi astanasında olan ölkədən vətəndaş həmrəyliyi təmin olunmuş ölkəyə; xaosun, hakimiyyət boşluğunun hökm sürdüyü ölkədən güclü dövlətçiliyin bərqərar edildiyi ölkəyə çevrildi. Bu nailiyyətlər, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş müstəqil dövlətçilik prinsipləri zaman keçdikcə daha da möhkəmlənir. Çünki bu iş, bu siyasi xətt müasir şəraitdə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Bu gün istisnasız olaraq deyə bilərik ki, hörmətli Prezidentimizin rəhbərliyi altında 2003-cü ildən ötən müddət ərzində həyata keçirilən tədbirlər, daxili və xarici siyasət sahəsində əldə olunmuş nailiyyətlər dövlət müstəqilliyimizin daha da möhkəmlənməsinə və davamlı xarakter almasına xidmət etmişdir.
Ali Məclisin sədri demişdir:
- Müstəqilliyimizin sarsılmaz olmasının əsas səbəblərindən biri də zamanın sınağından çıxmış Heydər Əliyev dövlətçilik xəttinin davam etdirilməsi, siyasi varisliyin təmin olunmasıdır. 8 il bundan əvvəl, 2003-cü il oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti seçilən İlham Əliyev demişdir: "Mən Azərbaycanın xoşbəxt gələcəyinə inanıram. Əminəm ki, ölkəmiz bundan sonra da inkişaf edəcək, daha da güclənəcəkdir. Azərbaycanda demokratiya daha da inkişaf edəcək, siyasi plüralizm, söz azadlığı təmin olunacaqdır. Ölkəmiz müasir dövlətə çevriləcəkdir... Bütün bunları həyata keçirmək və Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün ən başlıcası ölkədə Heydər Əliyev siyasəti davam etdirilməlidir".
Qeyd olunmuşdur ki, Azərbaycan 20 ildir müstəqil dövlət kimi yaşayır və inkişaf edir. Bu inkişaf ölkəmizin bütün guşələrində, o cümlədən Naxçıvan Muxtar Respublikasında da özünü göstərməkdədir. Müstəqillik dövründə muxtar respublikamızın keçdiyi yolu xarakterizə etmək, inkişaf dinamikasını görmək üçün real həyata baxmaq kifayətdir. Bu uğurların, bu nailiyyətlərin qədrini bilməliyik. Çünki bunlar müstəqillik şəraitində, dövlətin öz idarəçiliyinin, xalqın isə öz milli iqtisadiyyatının sahibi olduğu dövrdə qazanılmışdır. Ona görə də nailiyyətlərimizi daha da artırmalı, bununla bərabər dövlət müstəqilliyimizi daha da möhkəmlətməli, ümummilli liderimizin yolunu davam etdirərək ölkəmizin, muxtar respublikamızın quruculuq salnaməsini layiqli nümunələrlə zənginləşdirməliyik.
Ali Məclisin sədri muxtar respublika sakinlərinə bu yolda uğurlar arzulamış, çıxışını Prezident İlham Əliyevin aşağıdakı fikirləri ilə tamamlamışdır: "Biz 20 ildir ki, müstəqil ölkə kimi yaşayırıq. Bu illər ərzində özümüzə də, dünya birliyinə də sübut etdik ki, Azərbaycan xalqı müstəqil yaşaya bilər. Müstəqillik təkcə dövlət rəmzləri ilə ölçülmür. Müstəqillik o deməkdir ki, ölkə müstəqil siyasət apara, milli maraqlarını müdafiə edə bilsin. Öz milli maraqlarını müdafiə etmək üçün imkan olmalıdır. Həm siyasi güc, həm iqtisadi güc olmalıdır. Bu gün müstəqil ölkə kimi qısa tariximiz onu göstərir ki, biz müstəqil ölkə kimi uğurla inkişaf edirik. Bugünkü Azərbaycan, Azərbaycan xalqının zəhmətinin, istedadının nəticəsidir. Bu ölkəni biz qurmuşuq, Azərbaycan xalqı qurubdur. Biz elə etməliyik ki, hər bir vətəndaş gündəlik işində elə etməlidir ki, öz fəaliyyəti ilə bu müstəqilliyi gücləndirsin, əbədi, dönməz etsin və bundan sonra əsrlər boyu Azərbaycan xalqı azad, müstəqil yaşasın".
Sonra Naxçıvan Dövlət Filarmoniyası, Naxçıvan Musiqi Kolleci və Ordubad Şəhər Uşaq Musiqi Məktəbi kollektivlərinin ifasında bayram konserti olmuşdur.
Konsert proqramından sonra səhnə arxasına keçən Ali Məclisin sədri müstəqilliyimizin bərpasının 20-ci ildönümü münasibətilə ifaçıları, musiqi kollektivlərini təbrik edərək demişdir ki, ötən illər ərzində ölkəmiz təkcə iqtisadi cəhətdən inkişaf etməmiş, həm də sosial-mədəni sahədə böyük uğurlar qazanılmışdır. Bugünkü konsert proqramı da bir daha göstərdi ki, Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında mədəniyyət yüksələn xətlə inkişaf edir. Təşkil olunan rəngarəng konsert proqramı, uğurlu ifalar xalqımızın çoxəsrlik tarixə malik zəngin mədəniyyətini bir daha təcəssüm etdirdi.
Ali Məclisin sədri ifaçıları, musiqi kollektivlərini təbrik etmiş, yaradıcılıq uğurları və cansağlığı arzulamış, onlarla xatirə şəkli çəkdirmişdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında