Şriftin ölçüsü:
20.05.2010 02:50 | Oxunma sayı: 412
Mayın 19-da Naxçıvan şəhərini, Babək qəsəbəsi və Nehrəm kəndini əhatə edən yeni nəsil telekommunikasiya şəbəkəsi istifadəyə verilmişdir.
Bu münasibətlə keçirilən tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasının rabitə və informasiya texnologiyaları naziri Rövşən Məmmədov şəbəkə barədə məlumat vermişdir.
"Huavey" şirkətinin Orta Asiya, Türkiyə və Qafqaz üzrə vitse-prezidenti Şi Ro Quanq yeni sistemin tətbiqinə görə muxtar respublika telefon istifadəçilərini təbrik etmişdir.
Azərbaycan Respublikasının rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov regionların sosial-iqtisadi inkişafında rabitənin mühüm rolunu qeyd etmiş, muxtar respublikada digər sahələrdə olduğu kimi, bu sahədə də böyük quruculuq işləri aparıldığını bildirmişdir. Qeyd olunmuşdur ki, muxtar respublika informasiya texnologiyalarının tətbiqinə görə bir sıra Avropa ölkələrini üstələyir. Burada görülən işlər ölkəmizin digər bölgələri üçün nümunədir.
Əli Abbasov muxtar respublikada gələcəkdə də bir sıra mühüm layihələrin həyata keçiriləcəyini bildirmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov şəbəkənin istifadəyə verilməsi münasibətilə bu sistemin yeniliklərindən istifadə edəcək 20 minə yaxın abunəçini və digər istifadəçiləri təbrik edərək demişdir ki, ulu öndər Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə telekommunikasiya sahəsinə ciddi diqqət ayırmış və bu sahənin inkişafı üçün xüsusi tədbirlər görmüşdür. Heç də təsadüfi deyil ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra ulu öndərimizin rəhbərliyi ilə telekommunikasiya sahəsində Milli Strategiya qəbul olunmuş və hazırda Prezidentimiz tərəfindən uğurla davam etdirilir. İlham Əliyev 2003-cü ildə Prezident seçildikdən sonra ilk səfərini İsveçrəyə etmiş, burada keçirilən informasiya cəmiyyəti üzrə ümumdünya sammitində Azərbaycanın informasiya kommunikasiya texnologiyaları sahəsində milli strategiyasını bəyan etmiş, ölkəmizin "qara qızıl"ının insan qızılına çevirmək zərurətini ön plana çəkmişdir. Artıq biz bu sahədə görülən işlərin şahidiyik. Əgər Azərbaycandan ayrı düşmüş, blokada vəziyyətində yaşayan muxtar respublikada yeni nəsil texnologiyaları üzrə sistem istifadəyə verilirsə, bunun özü Azərbaycanın inkişafının göstəricisidir. Yeni sistem hələ muxtar respublikanın qonşularının heç birində yoxdur.
Ali Məclisin sədri bu sistemin istifadəyə verilməsində Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin və nazir Əli Abbasovun səylərini qeyd etmiş, ona öz təşəkkürünü bildirmişdir.
Ali Məclisin sədri muxtar respublikada telekommunikasiya sahəsində çox işlər görüldüyünü vurğulamışdır.
Sonra şəbəkəyə baxış keçirilmişdir.
Ali Məclisin sədri kompyuter vasitəsilə 7 rəqəmli nömrə planını sistemə daxil etmişdir.
Məlumat verilmişdir ki, Naxçıvan şəhərini, Babək qəsəbəsini və Nehrəm kəndini əhatə edən yeni nəsil telekommunikasiya şəbəkəsi əhaliyə ən müasir rabitə xidmətləri göstərilməsinə imkan verəcəkdir. Yeni sistem Naxçıvan Muxtar Respublikasının rayonlararası, şəhərlərarası və beynəlxalq bağlantılarının ən müasir siqnallaşma protokolları vasitəsilə həyata keçirilməsinə şərait yaradacaqdır. Bundan əlavə Naxçıvan şəhərində beynəlxalq standarta uyğun 7 rəqəmli nömrə planına keçid və 2 rəqəmli şəhərlərarası zona kodunun qəbul edilməsi təmin olunacaqdır.
Sonra "Aztelekom" İstehsalat Birliyinin baş direktoru Məmməd Məmmədovla video-telefon əlaqəsi yaradılmışdır. Baş direktor muxtar respublika abunəçilərini yeni sistemin tətbiqi münasibətilə təbrik etmişdir.{nl}
{nl}
Tacikistanda səfərdə olan Azərbaycanın xarici işlər naziri bir sıra ölkələrin dövlət rəsmiləri ilə görüşmüşdür
Tacikistanın paytaxtı Düşənbədə keçirilən İslam Konfransı Təşkilatı xarici işlər nazirlərinin 37-ci sessiyasında iştirak edən xarici işlər naziri Elmar Məmmədyarov bir sıra ölkələrin dövlət rəsmiləri ilə ikitərəfli görüşlər keçirmişdir.
E.Məmmədyarovun ilk görüşü Tacikistan Prezidenti Emoməli Rəhmon ilə olmuşdur.
Görüşdə Azərbaycan ilə Tacikistan arasında münasibətlərin yüksək səviyyədə olduğu vurğulanmış, əlaqələrin inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılmışdır. Ölkələrimiz arasında əməkdaşlıq sahələrinin geniş potensialının mövcudluğunu qeyd edən tərəflər onlardan səmərəli istifadə olunmasının zəruriliyini bildirmişlər.
Bundan əlavə, E.Məmmədyarov Qazaxıstanın xarici işlər naziri Kanat Saudabayev, Mərakeş Krallığının xarici işlər və əməkdaşlıq üzrə dövlət katibi xanım Latifa Akharbach, Qambiyanın xarici işlər, beynəlxalq əməkdaşlıq və xaricdəki qambiyalılar üzrə naziri Usman Cammeh, Əfqanıstanın xarici işlər naziri Zalmai Rassoul, Oman Sultanlığının xarici işlər üzrə məsul naziri Yusuf bin Alavi bin Abdulla, Liviyanın xarici işlər üzrə dövlət naziri Mohammed Barrani, BƏƏ-nin xarici işlər naziri Şeyx Abdulla bin Zayed, Suriyanın xarici işlər naziri Valid Al-Muallim və Mavritaniyanın xarici işlər və əməkdaşlıq naziri xanım Naha Mint Muknass ilə ikitərəfli görüşlər keçirərək, ölkələrarası münasibətlərin cari vəziyyəti və digər qarşılıqlı maraq doğuran məsələlər ətrafında müzakirələr aparmışdır.
AzərTAc
{nl}
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.