Şriftin ölçüsü:
16.10.2011 02:59 | Oxunma sayı: 546
Azərbaycanda səfərdə olan Türkiyə Respublikasının Diyanət İşləri Başqanı professor Mehmet Görmezin rəhbərlik etdiyi nümayəndə heyəti oktyabrın 15-də respublikamızın şimal-qərb bölgəsində olmuşdur. Türkiyəli qonaqları bu səfərdə Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə müşayiət etmişdir.
Türkiyənin Diyanət İşləri Başqanının bölgəyə səfəri Zaqatala rayonundan başlamışdır.
Zaqatala Beynəlxalq Hava Limanında hörmətli qonağı rayon icra hakimiyyətinin başçısı Mübariz Əhmədzadə qarşılamışdır.
Türkiyəli qonaqlar əvvəlcə rayonun qədim ibadət ocaqlarından olan Tala Məscidi ilə tanış olmuşlar. Məlumat verilmişdir ki, məscidin tikintisinə 1901-ci ildə başlanılmış və 1910-cu ildə istifadəyə verilmişdir. Türkiyədən gətirilmiş xüsusi layihə əsasında inşa edilən məscidin tikintisi rayon sakinlərinin maddi yardımı və iməciliklər hesabına həyata keçirilmişdir. Məscidin dam örtüyünün materialını (ağ dəmir) Bakı milyonçusu, xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev vermişdir. Ümumi sahəsi 2500 kvadratmetr olan məscid binasında eyni vaxtda min beş yüzədək dindar ibadət edə bilir. Məscid tarix-mədəniyyət abidəsi kimi dövlət tərəfindən qorunur.
Sonra qonaqlar Zaqatala şəhərində ümummilli liderimiz Heydər Əliyevin adını daşıyan parka gələrək ulu öndərin abidəsi önünə gül-çiçək düzmüş, xatirəsini ehtiramla yad etmişlər.
Məlumat verilmişdir ki, 1947-ci ildə salınan və 13 hektar ərazisi olan bu istirahət guşəsində 2008-ci ildə yenidənqurma işləri aparılmış, park müasir görkəm almışdır. Sonra qonaqlar parkın ərazisində yerləşən, 2008-ci ildə Prezident İlham Əliyevin iştirakı ilə açılan Heydər Əliyev Mərkəzi ilə tanış olmuşlar. Ulu öndərin həyat və fəaliyyətini əks etdirən zəngin ekspozisiya ilə tanışlıq qonaqların ürəyincə olmuşdur.
Türkiyəli qonaqlar daha sonra rayon tarix-diyarşünaslıq muzeyi ilə tanış olmuşlar. Məlumat verilmişdir ki, muzey 1947-ci ildə yaradılmışdır. Muzeyin əsas fondunda 5 mindən artıq eksponat mühafizə olunur.
Sonra qonaqlar şəhər məscidində namaz qılmışlar. Məlumat verilmişdir ki, məscid binasının tikintisinə 1998-ci ildə başlanmış, 2001-ci ilin mayında istifadəyə verilmişdir. Azərbaycan - Türkiyə dostluğunun əbədi rəmzinə çevrilən bu məscidin tikintisi Qafqaz Müsəlmanları İdarəsinin tövsiyəsi ilə Gəncliyə Yardım Fonduna həvalə edilmişdir.
Daha sonra Türkiyənin Diyanət İşləri Başqanı Bakı İslam Universiteti Zaqatala filialının tələbələri ilə görüşmüşdür. Məlumat verilmişdir ki, filial 1998-ci ildə xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü və göstərişi ilə yaradılmışdır. Nizamnaməyə uyğun olaraq, universitet filialı Qafqaz bölgəsində, eləcə də zərurət olduqda başqa dövlətlərdəki dini idarələrin xahişi ilə onlar üçün ali dini təhsilli mütəxəssislər hazırlayır.
Filialın akt zalında keçirilən konfransda rayon icra hakimiyyətinin başçısı Mübariz Əhmədzadə qonaqları səmimi salamlamış, bu görüşün əlamətdar tarixi gün - dövlət müstəqilliyimizin bərpasının 20-ci ildönümü ərəfəsində keçirilməsindən məmnun qaldığını bildirmişdir. Türkiyənin Diyanət İşləri Başqanı professor Mehmet Görmez və Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə çıxış edərək tələbələrə tövsiyələrini bildirmişlər. Rayon icra hakimiyyəti adından qonaqlara xatirə hədiyyələri təqdim edilmişdir.
* * *
Zaqataladan Şəkiyə yola düşən qonaqlar yolüstü Qax rayonunun Oncallı kəndindəki oğuz qəbiristanlığında şeyx Yunus Əmrə və onun mürşidi Hacı Tapdığın məzarlarını ziyarət etmişlər.
Şəki şəhərinin girişində hörmətli qonaqları şəhər icra hakimiyyətinin başçısı Elxan Usubov qarşılamışdır.
Sonra nümayəndə heyəti XIX əsrin tarixi-memarlıq abidəsi olan Mərkəzi Cümə məscidinə və burada fəaliyyət göstərən Şəki İslam Mədrəsəsinə baş çəkmişlər. Türkiyəli qonaqlara məscid və mədrəsə barədə ətraflı məlumat verilmişdir. Diyanət İşləri Başqanı Mehmet Görmez və digər qonaqlar məscidin həyətində mədrəsədə təhsil alan hafizlərlə xatirə şəkli çəkdirmişlər.
Mədrəsədə keçirilən görüşdən sonra burada təhsil alan 9 nəfər hafizə Qafqaz Müsəlmanları İdarəsinin diplomları təqdim edilmişdir.
Azərbaycan memarlığının şah əsərlərindən olan Şəki xanlarının sarayı ilə tanışlıq türkiyəli qonaqların xüsusilə ürəyincə olmuşdur. Məlumat verilmişdir ki, bu saray XVIII əsrə aid olan dünya əhəmiyyətli nadir tarixi-memarlıq abidəsidir. Saray Azərbaycanda ilk müstəqil xanlığın əsasını qoyan Hacı Çələbi xanın nəvəsi Hüseyn xan Müştaqın dövründə, təqribən 1761-1762-ci illərdə tikilmişdir. Şərq memarlığının nadir incisi hesab olunan bu saray UNESCO-nun maddi-mədəni irs siyahısına daxil edilmişdir.
Sarayın həyətindəki 500 ilə yaxın yaşı olan Xan çinarları türkiyəli qonaqlarda xüsusi maraq oyatmışdır.
Qonaqlar sarayın eyvanından Şəkinin qədim məhəllələrini seyr etmişlər.
Səfər proqramına uyğun olaraq nümayəndə heyəti daha sonra XVIII əsrin sonu-XIX əsrin əvvəllərində inşa edilmiş "Yuxarı karvansara" mehmanxana-kompleksi ilə tanış olmuşlar. Qonaqların diqqətinə çatdırılmışdır ki, Şərq memarlığı üslubunda tikilmiş bu karvansara öz ölçülərinə görə Azərbaycan ərazisində mövcud olan ən böyük karvansara hesab olunur. Ümumi sahəsi 6 min kvadratmetr, hündürlüyü 14 metr olan kompleks 300 otaq və zirzəmidən ibarətdir. XVIII-XIX əsrlərdə Türkiyə, Rusiya, İran və digər Şərq ölkələrindən gələn tacirlər əsasən, bu karvansarada qalır, ticarətlə məşğul olurdular. Hazırda bu tarixi abidə mehmanxana kompleksi kimi fəaliyyət göstərir.
Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov Türkiyənin Diyanət İşləri Başqanı Mehmet Görmezə, şeyxülislam Allahşükür Paşazadəyə və digər qonaqlara xatirə hədiyyələri - Şəkidə toxunmuş ipək xalça, şərf və kəlağayı, habelə "Xan sarayı" haqqında kitab təqdim etmişdir.
Karvansaranın həyətində jurnalistlərə müsahibə verən Diyanət İşləri Başqanı Mehmet Görməz bildirmişdir: "Azərbaycan müstəqilliyinin 20-ci ilində bir çox ölkənin 100 ildə əldə etmədiyi uğurlara imza atmışdır. Dost və qardaş Azərbaycanda bütün sahələrdə, istər iqtisadi, istərsə də mədəni sahədə böyük inkişaf hiss olunur. Əminəm ki, bu inkişaf əbədiyyətə qədər davam edəcəkdir".
Türkiyə Respublikası Diyanət İşləri Başqanının respublikamızın şimal-qərb bölgəsinə səfəri uğurla başa çatmışdır.
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.