İnsan hüquqları konsepsiyası ümummilli liderimiz Heydər Əliyevin fəaliyyətində xüsusi yer tutmuşdur

Oktyabrın 14-də Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Aparatında "Müstəqil Azərbaycanda insan hüquqları: qanunvericilik bazası və icra mexanizmləri" mövzusunda konfrans keçirilmişdir.
Tədbir Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümünə həsr olunmuşdur.
İnsan hüquqları üzrə müvəkkil (Ombudsman) Elmira Süleymanova dövlət müstəqilliyimizin bərpa olunmasından ötən 20 ildə əldə edilən nailiyyətlər, qarşıda duran vəzifələr barədə danışmışdır. Qeyd etmişdir ki, bu illərdə ölkədə siyasi sabitlik yaradılmış, iqtisadi inkişaf, insan hüquq və azadlıqlarının təmin olunması prosesi uğurla həyata keçirilmiş, qanunvericilik təkmilləşdirilmişdir. Müvəkkil insan hüquqlarının təmin edilməsinin müstəqil Azərbaycan dövlətinin prioritet vəzifələrindən olduğunu vurğulamışdır. Azərbaycanda insan hüquqları və azadlıqlarının bərpa olunması, inkişaf etdirilməsi siyasətinin özülünün ulu öndər Heydər Əliyev tərəfindən qoyulduğunu diqqətə çatdırmışdır.
Tədbirdə Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov çıxış edərək bildirmişdir ki, müstəqillik illərində ölkəmiz ağır sınaqlardan şərəflə çıxmış, öz dövlətçiliyini qoruya bilmiş, demokratik-hüquqi, dünyəvi dövlət quruculuğu yolunda böyük uğurlar əldə etmişdir. Hazırda cəmiyyətimizin demokratikləşməsi, həyatımızın hər bir sahəsinin sürətli inkişafı prosesi davam etməkdədir. Bütün bunlar insanların rifahının, hüquq və azadlıqlarının qorunmasına təminat verən hüquqi mühitin formalaşmasına yönəlmiş və Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin dövlət siyasəti sayəsində mümkün olmuşdur.
F.Ələsgərov demişdir ki, insan hüquqları konsepsiyası ümummilli liderimizin fəaliyyətində xüsusi yer tutmuş və təsadüfi deyildir ki, ulu öndərin rəhbərliyi ilə hazırlanmış müstəqil Azərbaycanın ilk Konstitusiyasının ən böyük fəsli məhz insan hüquqlarına həsr olunmuşdur. Bu tarixi sənəd mütərəqqi demokratik dəyərlərə əsaslanan qanunvericilik bazasının işlənib hazırlanması üzrə işin bünövrəsini təşkil etmiş, mövcud hüquq müdafiə mexanizmlərinin təkmilləşdirilməsi və vətəndaşların keşiyində duran yeni səmərəli institutların təsis edilməsi üçün zəmin yaratmışdır.
Prezident Administrasiyasının şöbə müdiri qeyd etmişdir ki, daxili hüquq mexanizlərinin təsis edilməsi və təkmilləşdirilməsi ilə yanaşı, ölkəmiz beynəlxalq konvensiyalara, BMT-nin, Avropa Şurasının, ixtisaslaşmış beynəlxalq təşkilatların müqavilələrinə tərəfdaş çıxmış, bununla Azərbaycanın yuridiksiyasında olan şəxslərin hüquq və azadlıqlarını qorumaq məqsədilə beynəlxalq müdafiə vasitələrindən istifadə etmək imkanı təmin olunmuşdur. Ümummilli liderimizin müəyyən etdiyi dövlət quruculuğu siyasəti bu gün də davam etdirilir. Azərbaycan Prezidenti İlham Əliyevin ölkəmizdə insan hüquq və azadlıqlarının təmin edilməsi məsələlərinə xüsusi diqqəti göz qabağındadır. Azərbaycan Prezidenti tərəfindən bu sahədə imzalanan mühüm sənədlər, görülən işlər və verilən tapşırıqlar hüquq müdafiə mexanizmlərinin daim inkişafına, çevikliyinin və səmərəliliyinin artırılmasına yönəlmişdir. Bu sahədə insan hüquqları müvəkkilinin və onun aparatının fəaliyyəti təqdirəlayiq hesab oluna bilər.
Konfransda Konstitusiya Məhkəməsinin hakimi Kamran Şəfiyevin "Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində Ombudsman ilə əməkdaşlığı", Milli Məclisin insan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanovanın "Müstəqil dövlətimizin milli qanunvericilik bazasının insan hüquq və azadlıqlarının təmini baxımından inkişaf perspektivləri", daxili işlər nazirinin müavini Oruc Zalovun "Daxili işlər orqanlarının insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində fəaliyyəti" mövzularında məruzələri dinlənilmişdir.
Milli Məclisin deputatlarının, dövlət qurumlarının nümayəndələrinin iştirak etdikləri tədbirdə Azərbaycanda insan hüquqları sahəsində həyata keçirilən sosial islahatlardan, iqtisadi tərəqqiyə yönəlmiş dövlət proqramlarından, insan hüquqlarının təbliğində qeyri-hökumət təşkilatlarının rolundan danışılmışdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında