Prezident İlham Əliyevin rəhbərliyi altında çağdaş tariximizə unudulmaz səhifələr yazılmışdır

... İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm.
Heydər ƏLİYEV Ümummilli lider

{nl}


15 oktyabr 2003-cü ildə keçirilmiş prezident seçkilərində İlham Heydər oğlu Əliyev mütləq səs çoxluğu ilə Azərbaycan Respublikasının Prezidenti seçilmişdir
Azərbaycanın sürətli inkişafı, dünya birliyinə inteqrasiyası, qüdrətli dövlətə, demokratik, ədalətli cəmiyyətə, maddi və mənəvi cəhətdən zəngin, intellektual səviyyəli vətəndaşlar diyarına çevrilməsi ulu öndər Heydər Əliyevin siyasi xəttinin uğurla davam etdirilməsi, müdrik ideyalarının reallaşdırılmasının məntiqi nəticəsidir.
Hazırda müstəqil Azərbaycan dövləti ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi sabitlik və tərəqqi yolunda inamla irəliləyir. Ulu öndərin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan dünya birliyində öz mövqelərini möhkəmləndirmiş, əlaqələrini genişləndirmişdir. Müstəqil dövlətimizin inkişaf tempi qətiyyətlə davam etdirilir, gücü, qüdrəti, nüfuzu getdikcə artır. Bütün bunlar dövlət başçımızın siyasi uzaqgörənliyinin, intellektual səviyyəsinin və Heydər Əliyev siyasi məktəbinin layiqli yetirməsi olmasının nəticəsidir.
Səkkiz il əvvəl - 2003-cü il oktyabrın 15-də keçirilən prezident seçkilərində xalq ulu öndər Heydər Əliyevin siyasi kursuna alternativ olmadığını bir daha təsdiqlədi. İlham Heydər oğlu Əliyev mütləq səs çoxluğu ilə Azərbaycan Respublikasının Prezidenti seçildi.
Prezidentliyə ən real namizəd İlham Əliyev seçicilərlə görüş keçirən zaman qarşısına qoyduğu məqsədini açıq şəkildə bəyan etmişdir: ölkədə bir dənə də olsun çadır şəhərciyi qalmayacaq, qarşıdakı beş ildə 600 min yeni iş yerləri açılacaq, Azərbaycanın iqtisadi qüdrəti, gücü durmadan artırılacaq, ərazi bütövlüyümüzü qorumağa qadir Milli Ordunun daha da formalaşdırılması təmin olunacaq.
Onu da qeyd edək ki, dünya siyasətinin ən peşəkar simalarından biri, dahi şəxsiyyət Heydər Əliyev bütün vətəndaşlara, o cümlədən müxalifətə açıq siyasi fəaliyyət və özünütəbliğat üçün hər cür şərait yaratmışdı. 2003-cü il oktyabrın 15-də keçirilmiş prezident seçkilərində də siyasi əqidəsindən asılı olmayaraq hər bir vətəndaşa o cümlədən müxalifətə söz demək, təbliğat aparmaq, seçicilərlə sərbəst görüşmək, öz platformalarını açıqlamaq azadlığı verilmişdir. Təəssüf ki, müxalifətin bir hissəsi radikal yol seçərək dövlətçiliyi parçalamaq, ölkəmizin beynəlxalq aləmdəki nüfuzuna xələl gətirmək iddiasında olduğunu açıq şəkildə nümayiş etdirərək qeyri-mədəni, qeyri-sivil hərəkətləri ilə cəmiyyətdə özünə qarşı ikrah doğururdu. Təbii ki, xalq belə yol seçənlərə prezident seçkisi zamanı öz sözünü dedi və layiqli seçim etdi. Bir daha təsdiqləndi ki, xalq yalnız ulu öndər Heydər Əliyev siyasi xəttinə inanır. Bu inamı isə böyük dövlət xadiminin ən layiqli davamçısı İlham Əliyevə səs verməklə nümayiş etdirdi. Ulu öndər 2003-cü il oktyabrın 1-də xalqa ünvanladığı müraciətində də əminliklə ifadə etmişdir: "İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm".
Prezident İlham Əliyevin ölkəyə rəhbərliyə başladığı gündən seçki öncəsi verdiyi vədləri layiqincə yerinə yetirməsi daxili dəstəkdən məhrum olan radikal müxalifətin və digər qüvvələrin iradlarını alt-üst etdi. Ölkəmizin beynəlxalq aləmə inteqrasiyası, əhalinin sosial müdafiəsinin gücləndirilməsi üçün bir-birinin ardınca qəbul edilən qərarlar, Milli Ordunun daha da mətinləşməsi istiqamətində həyata keçirilən tədbirlər, iri infrastruktur layihələrin reallaşdırılmasında qətiyyətli, cəsarətli addımların atılması qeyri-obyektiv müxalif dəstəsinin öz-özünə siyasi meydandan çıxması, iflasa uğramasını daha da sürətləndirdi. Sonradan isə bu, tədricən təbii bir prosesə çevrildi. Xalq özü də yaxşı dərk edirdi ki, hakimiyyətə can atmaq məqsədi ilə ölkədə sabitliyi pozmaq cəhdləri cəmiyyətin həyat ritminin pozulmasına gətirib çıxara bilər. Odur ki, böyük səs çoxluğu ilə seçdiyi Prezident İlham Əliyevə daim həmrəy olduğunu nümayiş etdirdi.
Prezident İlham Əliyevin geniş düşüncəsində Azərbaycanın indiki inkişaf mərhələsini dönməz prosesə çevirmək və islahatları uğurlu sonluqla tamamlamaq dururdu. Dövlətimizin başçısı "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nı (2004-2008-ci illər) təsdiq edərkən qarşısına yalnız bir məqsəd qoymuşdu: Azərbaycan Respublikası regionlarının mövcud potensialından daha səmərəli istifadə etməklə yerlərdə sənaye sahələrinin və kənd təsərrüfatının inkişafını sürətləndirmək, bu işdə sahibkarlara dəstək olmaq, əhalinin yaşayış səviyyəsini yaxşılaşdırmaqla yoxsulluq probleminin həllinə nail olmaq, insanları daha çox narahat edən işsizlik probleminin aradan qaldırılması və ölkəni iqtisadi cəhətdən hərtərəfli inkişaf etdirmək. Regionlarda mövcud olan əmək ehtiyatlarından, təbii və iqtisadi potensialdan səmərəli istifadə etmək, iqtisadiyyatın qeyri-neft sektorunun inkişafını sürətləndirmək, infrastrukturu yeniləşdirmək, müasir tipli müəssisələr yaratmaq istiqamətində sistemli şəkildə həyata keçirilən tədbirlər xalqın Prezidentə olan inamını daha da artırıdı. Bunun ardınca bir vaxtlar xəyallarda əfsanə kimi canlanan Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin reallaşdırılması, Bakı-Tbilisi-Qars dəmir yolunun inşasına başlanılması Azərbaycanın və Prezident İlham Əliyevin beynəlxalq aləmdəki nüfuzunu daha da artırdı. Bundan sonra ölkəmizlə əməkdaşlıq etməkdə maraqlı olan dövlətlərin sayı artdı. Bununla da ölkə iqtisadiyyatı getdikcə gücləndi. Bu layihələrin reallaşdırılmasından əldə olunan vəsait hesabına yeni müəssisələr yaradıldı və işlə təmin olunanların sayı 960 min nəfərə çatdırıldı. Ölkənin getdikcə artan beynəlxalq nüfuzu, aparılan demokratik islahatlar, inkişaf tempi xalq kütlələrində hakimiyyətə olan inamı daha da gücləndirdi.
Ölkəmizin inkişafının, dünya dövlətləri ilə əməkdaşlığının strateji tərəflərindən biri də hazırda beynəlxalq sülhün və təhlükəsizliyin qorunması məsələsidir. Azərbaycan Prezidenti İlham Əliyevin 2003-cü ildən başlayaraq xarici siyasət sahəsində həyata keçirdiyi tədbirlər, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında sülh variantına, beynəlxalq hüququn norma və prinsiplərinə üstünlük verməsi dünyanın əksər dövlətləri, həmçinin nüfuzlu beynəlxalq qurumları tərəfindən birmənalı olaraq dəstəklənmişdir.
Azərbaycan Prezidentinin uğurlu xarici siyasəti nəticəsində əvvəlki illərdən fərqli olaraq, son vaxtlar beynəlxalq ictimaiyyət bu məsələyə xüsusi diqqət yetirir və bütün ölkələr Dağlıq Qarabağ münaqişəsi ilə bağlı tam informasiyaya malikdir. Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi faktını bütün beynəlxalq təşkilatlar qəbul edib. Ona görə də bu məsələ ilə maraqlanan tərəflər status-kvonun dəyişdirilməsini vacib hesab edir və münaqişənin həlli ilə bağlı mütləq formada irəliləyişə nail olunması istiqamətində səy göstərirlər. Bu məsələdə artıq kifayət qədər hərbi, siyasi və iqtisadi gücə malik olan Azərbaycanın qətiyyət nümayiş etdirməsi və status-kvonun dəyişdirilməsinin vacibliyini vurğulaması da mühüm rol oynayır.
Azərbaycan işğal faktının ortadan qaldırılması məsələsində beynəlxalq birliyin daha fəal müdaxiləsi üçün ciddi əsaslar olduğuna inanır. Məsələ burasındadır ki, münaqişənin nizamlanmasının hüquqi və siyasi əsasları Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsi, Helsinki Yekun Aktı, BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələri, BMT Baş Məclisinin 2008-ci ildə qəbul etdiyi A/RES/621643 saylı qətnaməsi, habelə ATƏT və Avropa Şurasının müvafiq sənədləri və qərarlarında əks olunan beynəlxalq hüququn norma və prinsiplərinə söykənir. Bütün bu sənədlər Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınan sərhədlərin toxunulmazlığı prinsipini təsdiqləyir. Bundan əlavə, NATO da Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində sülh yolu ilə həllinə yönəlmiş səylərini dəstəklədiyini bəyan edib.
Bütün bunlar dövlət başçımızın prezidentlik fəaliyyəti dövründə həyata keçirdiyi davamlı xarici siyasətin bəhrəsidir. Artıq dünyanın bütün dövlətləri Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir, ölkəmizi sülhsevər, Ermənistanı isə işğalçı dövlət kimi tanıyır.
Azərbaycanın iqtisadi sahədə qazandığı uğurlar beynəlxalq aləmdə də yüksək dəyərləndirilir. Avropa miqyaslı beynəlxalq təşkilatlarda və Azərbaycanın ikitərəfli əməkdaşlıq etdiyi ölkələrdə dönə-dönə vurğulanıb ki, son illər ərzində rəsmi Bakı enerji siyasətində böyük uğurlar əldə etmişdir. Etiraf edilir ki, Azərbaycan özünün enerji təhlükəsizliyini təmin etməklə yanaşı, başqa ölkələrin də enerji təhlükəsizliyinin təmin edilməsinə xüsusi töhfələr vermişdir. Ən çox yada salınan məqamlar isə uğurlu enerji siyasətinin yeridilməsi və cəmiyyətin daha da demokratikləşdirilməsi istiqamətində həyata keçirilən islahatlardır. Avropalı ekspertlərin fikrincə Azərbaycanda bərqərar olunmuş daxili ictimai-siyasi sabitliyin əsas səbəbi ölkədə vətəndaş cəmiyyətinin formalaşdırılması üçün həyata keçirilən konkret tədbirlərdir.
2003-cü ilin payızından sonra Azərbaycanda keçirilən istənilən seçki beynəlxalq müşahidəçilər və dünyanın tanınmış ictimai-siyasi xadimləri tərəfindən yüksək qiymətləndirilir. Hətta, bəzi avropalı müşahidəçilər öz ölkələrində belə açıq və şəffaf seçki görmədiklərini dilə gətirir, Amerika Birləşmiş Ştatlarının təmsilçiləri isə "Mən Bakıda eynilə Amerikada keçirilən seçkinin analoqunu gördüm"- deyə etiraf edirlər.
Bu gün respublikamızın ictimai-siyasi həyatı elə bir qaynar inkişaf dövrünü yaşayır ki, onu təkcə ölkə əhalisi deyil, ölkəmizin qonağı olan istənilən əcnəbi siyasətçi etiraf edir. Polşa Prezidentinin dilə gətirdiyi "Sizin böyük uğurlarınızın əsas səbəbi bütün sahələr üzrə konkret inkişaf proqramlarının olmasıdır", Rusiya Prezidentinin qeyd etdiyi "Azərbaycanın inkişafında iqtisadiyyatın şaxələndirilməsinin xüsusi rolu vardır" - ifadələri bu deyilənlərin təsdiqi kimi qiymətləndirilir. Dost və qardaş ölkə olan Türkiyənin Baş naziri isə ölkəmizin uğurlarını yada salarkən demişdi ki, siyasət düzgün qurulanda iqtisadiyyatın inkişafı asan olur. Bu günlərdə ölkəmizdə rəsmi səfərdə olmuş Avstriya Respublikasının Federal Prezidenti Haynts Fişer də Azərbaycan Prezidentinin fəaliyyətini yüksək qiymətləndirmişdir.
Prezident İlham Əliyev Azərbaycanı təkcə Avropada deyil, eləcə də bütün dünyada qüdrətli dövlətə, sözü keçən ölkəyə, regionun əsas iqtisadi mərkəzlərindən birinə çevirdi. Dünyanın bir neçə siyasətçisi açıq şəkildə etiraf etdilər ki, Azərbaycan dövlətinin son 7-8 ildə qazandığı hərtərəfli nailiyyətlər beynəlxalq aləmdə örnək kimi qəbul edilə bilər.
Son yeddi-səkkiz ildə Azərbaycanın ümumi daxili məhsulu 3 dəfə artmışdır. Dünya iqtisadçıları indiyədək heç bir ölkədə belə göstəricinin qeydə alınmadığını yazırlar. Son səkkiz ildə Azərbaycanda yoxsulluq şəraitində yaşayanların sayı 5 dəfə azalmışdır. İndi Azərbaycan əhalisinin 9,1 faizi yoxsulluq həddində yaşayır. Avropanın əksər ölkələrində isə bu göstərici 15-22 faizdir. Beynəlxalq təşkilatların Azərbaycan təcrübəsində təqdir etdikləri növbəti məsələ yeni iş yerlərinin yaradılması sahəsində əldə etdiyimiz nailiyyətdir. Son 8 ildə Azərbaycanda 1 milyondan artıq yeni iş yerlərinin yaradılmasını beynəlxalq maliyyə qurumları xüsusi qeyd edir və nümunə kimi göstərirlər.
Azərbaycan xalqı öz Prezidentinə inanır və güvənir. İnanırıq ki, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan dünyanın inkişaf etmiş qüdrətli dövlətlərindən birinə çevriləcək.

{nl}

Əliqismət BƏDƏLOV, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında