Slovakiyanın keçmiş Prezidenti Şəkidən xoş təəssüratla ayrılmışdır Bakıda keçirilən Beynəlxalq Humanitar Forumda iştirak edən Slovakiyanın keçmiş Prezidenti Rudolf Şüster oktyabrın 12-də Şəki şəhərinə səfər etmişdir.

Slovakiyalı qonaq əvvəlcə Qafqaz Albaniyasının ən qədim memarlıq abidəsi hesab olunan Kiş məbədinə baş çəkmişdir. Orta əsrlərə aid qəbirlər, bu ərazidə tapılmış maddi-mədəniyyət nümunələri, Qafqaz Albaniyasının tarixi xəritəsi və digər eksponatlar qonağın böyük marağına səbəb olmuşdur.
Sonra Slovakiyanın keçmiş Prezidenti Şərq memarlığının nadir incisi hesab olunan Şəki xanlarının sarayı ilə tanış olmuşdur. Qonağa məlumat verilmişdir ki, Azərbaycanda ilk müstəqil xanlığın əsasını qoyan Hacı Çələbi xanın nəvəsi Məhəmməd Hüseyn xanın dövründə, 1761-1762-ci illərdə tikilən bu saray YUNESKO-nun milli mənəvi dəyərlər siyahısına daxil edilmişdir. İkimərtəbəli, 6 otaq, 4 dəhliz və 2 güzgülü eyvandan ibarət olan bu sarayın tikintisində mismar, yapışqan və sementdən istifadə edilməmişdir. Sarayın divar rəsmləri həndəsi və nəbati naxışlardan ibarətdir. Sarayın həyətindəki 500 ilə yaxın yaşı olan qoşa Xan çinarları slovakiyalı qonaqda xüsusi maraq oyatmışdır.
Daha sonra qonaq XVIII-XIX əsrlərə aid "Yuxarı Karvansara" mehmanxana kompleksi ilə tanış olmuşdur. Məlumat verilmişdir ki, Şərq memarlığı üslubunda tikilən bu kompleks 300-ə qədər otaq və zirzəmidən ibarətdir. XVIII-XIX əsrlərdə Yaxın və Orta Şərq ölkələrindən gələn tacirlər əsasən, bu karvansarada qalır, ticarətlə məşğul olurdular. Hazırda bu tarixi abidə mehmanxana kompleksi kimi fəaliyyət göstərir.
Abidə ilə tanışlıqdan sonra şəhər icra hakimiyyətinin başçısı Elxan Usubov slovakiyalı qonağa xatirə hədiyyəsi təqdim etmişdir.
Şəkiyə səfəri ilə bağlı AzərTAc-ın müxbirinə müsahibə verən Slovakiyanın keçmiş Prezidenti Rudolf Şüster qədim Şəki ilə tanışlıqdan çox məmnun qaldığını bildirmişdir. Forum çərçivəsində iki gün əvvəl Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdüyünü xatırladan qonaq Prezidentin tövsiyəsinə uyğun olaraq regionlarla tanışlıq məqsədi ilə Qəbələ və Şəkiyə səfər etdiyini, burada gedən sürətli iqtisadi inkişafı, tikinti-quruculuq işlərini öz gözləri ilə gördüyünü diqqətə çatdırmışdır. R.Şüster bildirmişdir: "Mən bir daha əmin oldum ki, ölkənizdə yalnız paytaxt Bakı şəhəri deyil, bütün regionlar sürətlə inkişaf edir. Bu sahədə, şübhəsiz ki, Prezident İlham Əliyevin regionların sosial-iqtisadi inkişafı ilə bağlı imzaladığı sərəncamlar, qəbul etdiyi qərarlar mühüm rol oynayır. Şəki bənzəri olmayan şəhərdir. Burada milli mənəvi dəyərlərə, tarixi abidələrin qorunmasına xüsusi diqqət yetirilir".
Slovakiyanın keçmiş Prezidenti Rudolf Şüster Şəkidən xoş təəssüratla ayrılmışdır.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında