Elektron xidmətlər vergi ödəyicilərinin işini əhəmiyyətli dərəcədə asanlaşdırmışdır

Vergilər nazirinin müavini, III dərəcəli dövlət vergi xidməti müşaviri Sahib Ələkbərov Azərbaycanda dövlət müstəqilliyinin bərpa edilməsindən ötən 20 il ərzində aparılan vergi islahatlarının nəticələri barədə danışmışdır.
Nazir müavini bildirmişdir ki, Azərbaycanda vergi islahatlarına 1991-ci ildən, ölkədə müstəqil Baş Vergi Müfəttişliyi yaradıldığı vaxtdan başlanıb. Lakin müstəqilliyin ilk illərində aparılan vergi islahatları gözlənilən nəticəni verməmişdi və təbii ki, verə də bilməzdi. Çünki bu islahatları aparanlar lazımi bilik və təcrübəyə malik olmadıqlarından onları sistemsiz şəkildə, iqtisadiyyatdakı vəziyyəti dərindən təhlil etmədən həyata keçirməyə cəhd göstərirdilər. Yalnız xalqımızın ümummilli lideri Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra vergi orqanlarının işinə də lazımi diqqət yetirilməyə başlandı. 1994-cü ildə iqtisadi məsələlərə həsr olunmuş müşavirələrin birində Heydər Əliyev demişdi: "Əgər biz müstəqil dövlətiksə, müstəqil şəkildə inkişaf etmək istəyiriksə, bazar iqtisadiyyatını vergi yolu ilə tənzimləməliyik. Buna görə də vergi orqanlarının işinə daha çox diqqət yetirməliyik". Həmin vaxtdan etibarən, Heydər Əliyevin rəhbərliyi və bilavasitə iştirakı ilə vergi orqanlarının lazımi qanunvericilik bazasının və real təsirə malik strukturlarının yaradılmasına başlandı.
2000-ci ildə Azərbaycanda ilk dəfə Vergi Məcəlləsi qəbul edildi və 2001-ci ilin yanvarın 1-dən qüvvəyə mindi. 2000-ci ilin fevral ayının 11-də isə Vergilər Nazirliyi yaradıldı. Bu işlər sonralar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirildi. Məhz onun qayğısı və hərtərəfli dəstəyi nəticəsində ölkənin vergi sistemində köklü struktur islahatlarının aparılması mümkün oldu. Vergi orqanlarının maddi-texniki bazası möhkəmləndirildi, onların işində ən qabaqcıl texnologiyalar tətbiq olunmağa başladı. Avtomatlaşdırılmış vergi informasiya sistemi (AVİS) yaradıldı, vergi ödəyicilərinin "bir pəncərə" prinsipi əsasında qeydiyyata alınması və s. təmin edildi. Dəqiq ölçülüb-biçilmiş, məqsədyönlü şəkildə həyata keçirilən iqtisadi siyasət, eləcə də vergi inzibatçılığının təkmilləşdirilməsi nəticəsində ölkə büdcəsinə vergi daxilolmaları 2000-2010-cu illərdə 8,4 dəfə artdı. Qeyri-neft sektorunda bu artım 7,9 dəfə təşkil etdi.İlkin məlumatlara əsasən, cari ilin doqquz ayı ərzində Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə 4 milyard 65,6 milyon manat vəsait daxil olub ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 30 faiz çoxdur.
Vergi daxilolmalarının 2 milyard 881,8 milyon manatı və ya 70,9 faizi özəl sektorun payına düşür. Özəl sektorda vergi yığımlarının miqdarı ötən illə müqayisədə 40,5 faiz artıb.
Neft sektorundan da büdcəyə daxilolmaların payı artmaqdadır. Bu sektordan dövlət büdcəsinə daxilolmaların məbləği 2 milyard 156,9 milyon manat təşkil edib ki, bu da ötən ilin analoji göstəricisi ilə müqayisədə 22,2 faiz çoxdur.
Müasir dövrdə vergi orqanlarının işinin xarakteri də dəyişməkdədir. Əgər əvvəllər vergi orqanlarının əməkdaşları daha çox bilavasitə vergilərin toplanması ilə məşğul idilərsə, indi daha çox ön plana vergilərin könüllü olaraq ödənilməsinin təmin olunması çıxır və hazırda əməkdaşlarımız daha çox analitik işlə, vergilərin könüllü qaydada ödənilməsinin səviyyəsinin yüksəldilməsi üçün şəraitin yaradılması və vergi ödəyicilərinə lazımi xidmətlərin və köməkliyin göstərilməsi ilə məşğuldurlar. Bütün bunlar isə vergi sahəsində işləyən kadrlar qarşısında yeni tələblər qoyur. Hazırda vergi orqanlarının hər üç əməkdaşından biri işə Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən keçirilən test imtahanını verdikdən və nazirlikdə müsabiqədən keçdikdən sonra qəbul olunanlardan ibarətdir. Vergi orqanları əməkdaşlarının yaşı isə aşağıdakı kimidir: 30 yaşına qədər olan əməkdaşların sayı- 29,1 faiz, 30-35 yaş arasında olan əməkdaşlar - 12,38 faiz, 36-40 yaş arası - 9,1 faiz 41-45 yaş arası - 11,86 faiz, 46-50 yaş arası - 11,63 faiz, 50 yaşdan yuxarı - 22,87 faiz.
S.Ələkbərov söhbət zamanı həmçinin Vergilər Nazirliyində müasir informasiya texnologiyalarının tətbiqi ilə əlaqədar həyata keçirilən tədbirlərə də toxunmuşdur. O demişdir ki, Vergilər Nazirliyi dövlət başçısının qabaqcıl informasiya-kommunikasiya texnologiyalarının tətbiqi ilə bağlı tələblərinə uyğun tədbirlər görməyə çalışır və bu istiqamətdə müəyyən uğurlara da nail olub. Bu istiqamətdə atılan ən ciddi addımlardan biri kimi, 2006-cı ildə Avtomatlaşdırılmış Vergi İnformasiya Sisteminin tətbiq edilməsini göstərmək olar. AVİS sənədlərin dövriyyəsinin və məlumatların işlənməsinin sürətini dəfələrlə artırmaqla yanaşı, daha çevik vergi nəzarəti formalaşdırmağa imkan verdi, elektron xidmətlərin tətbiqi bəyannamələrin elektron qaydada təqdim edilməsi, elektron vergi hesab-fakturaların qəbulu, elektron sənəd dövriyyəsinin təşkili və s. üçün əlverişli zəmin yaratdı. Bu son yeniliklərin ən əsas nəticəsi isə ondan ibarətdir ki, Vergilər Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər vergi ödəyicilərinin işini əhəmiyyətli dərəcədə asanlaşdırmışdır. Vergi bəyannamələrinin elektron şəkildə təqdim edilməsi vergi ödəyicilərinə onların düzgün tərtib olunmasına nəzarət etmək, bəyannamələri elektron formatda saxlamaq, real vaxt rejimində fərdi vərəqələri nəzərdən keçirmək imkanı yaratmışdır. Artıq bəyannamə təqdim etmək üçün vergi orqanlarına getməyə ehtiyac yoxdur. Vergi ödəyiciləri bunu özləri üçün rahat olan istədikləri vaxtda, istənilən yerdə elektron üsülla çox asan bir tərzdə həyata keçirə bilərlər. Nazirlik 2010-cu ilin mart ayının 1-dən tətbiq edilən "Onlayn kargüzarlıq" sistemi əsasında, vergi ödəyicilərinə vergi orqanları ilə yazışmaları internet vasitəsilə həyata keçirmək imkanı da yaratmışdır. Bunun üçün www.e-taxes.gov.az internet ünvanı vasitəsilə hər bir istifadəçi üçün şəxsi elektron qutusu yaradılmışdır ki, bu qutunun köməyilə vergi ödəyiciləri qısa vaxt ərzində vergi sisteminə aid olan informasiya xarakterli istənilən sənədi əldə edə bilərlər
Cari ilin may ayının 23-də Azərbaycan Respublikasının Prezidentinin "Dövlət orqanlarında elektron xidmətlər göstərilməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" fərman imzalamışdır. Bununla əlaqədar Vergilər Nazirliyinin kollegiya iclasında elektron hökumətin tətbiqinin sürətləndirilməsi ilə bağlı müvafiq tədbirlər planı təsdiqlənmişdir. İyul ayının 1-dən etibarən, fiziki şəxslərin internet vasitəsilə elektron formada qeydiyyatdan keçirilməsi prosesinə başlanmışdır. Ötən 3 ay ərzində bu xidmətdən təxminən 4500 nəfər faydalanmışdır. Hüquqi şəxslərin elektron qeydiyyatı işləri tamamlanmaq üzrədir, eləcə də real vaxt rejimində vergi ödəyicilərinin vergiləri, rüsumları və digər ödənişləri elektron formada ödəyə bilməsi üçün şərait yaradılması prosesi yekunlaşmaqdadır. Bu günlərdə nazirlik yeni xidmət növü - internet vasitəsilə, əvvəlcədən müəyyənləşdirilmiş vaxtda nazirliyin rəhbər işçiləri tərəfindən vergi ödəyicilərinin onlayn şəkildə video qəbulu layihəsini başa çatdırmışdır. Qəbul prosesi avtomatik şəkildə yazılaraq arxivləşdirilir.

{nl}

Vaqif BAYRAMOV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında