Bolqarıstanın keçmiş prezidenti Peter Stoyanov Şəkidə olmuşdur

Bakıda "XXI əsr: ümidlər və çağırışlar" devizi ilə keçirilən Beynəlxalq Humanitar Forumun iştirakçısı, Bolqarıstan Respublikasının keçmiş prezidenti Peter Stoyanov oktyabrın 11-də Şəki şəhərində olmuşdur.
Bolqarıstanlı qonağın Şəki ilə tanışlığı Kiş kəndində yerləşən qədim alban məbədini ziyarətlə başlamışdır. Şəhər icra hakimiyyətinin başçısı Elxan Usubov qonağa məlumat verərək demişdir ki, bu məbəd eramızın birinci əsrində Qafqaz Albaniyasında geniş yayılan Ay məbədinin özülü üzərində qurulmuşdur. Kiş məbədi nəinki Qafqaz Albaniyasında, eləcə də bütün Qafqazda təqribən iki min il bundan əvvəl xristianlığın yayıldığını rəmzləşdirən məşhur tarixi abidədir. Qeyd olunmuşdur ki, əhəng daşından tikilən bu abidə erkən orta əsrlərdə yaranan ilk günbəzli, zal tipli məbəddir. Məbəd tarixi memarlıq abidəsi kimi dövlət tərəfindən qorunur.
Məbədlə tanışlıqdan sonra P.Stoyanov abidənin həyətində çay süfrəsinə qonaq olmuşdur.
Sonra Bolqarıstanın keçmiş prezidenti Azərbaycan memarlığının şah əsərlərindən olan Şəki xanlarının sarayı ilə tanış olmuşdur. Qonağa məlumat verilmişdir ki, bu saray XVIII əsrə aid olan dünya əhəmiyyətli nadir tarixi-memarlıq abidəsidir. Şərq memarlığının nadir incisi hesab olunan saray Azərbaycanda ilk müstəqil xanlığın əsasını qoyan Hacı Çələbi xanın nəvəsi Hüseyn xan Müştaqın dövründə, təqribən 1761-1762-ci illərdə tikilmişdir.
Bolqarıstanın keçmiş prezidenti Peter Stoyanov sarayın eyvanından Şəkinin qədim məhəllələrini seyr etmişdir.
Şəkiyə səfəri çərçivəsində bolqarıstanlı qonaq XVIII əsrin sonu-XIX əsrin əvvəllərində inşa edilmiş "Yuxarı karvansara" mehmanxana kompleksi ilə də tanış olmuşdur.
Səfərin sonunda şəhər icra hakimiyyətinin başçısı Elxan Usubov Bolqarıstan Respublikasının keçmiş prezidenti Peter Stoyanova Şəki ilə bağlı xatirə hədiyyələri etmişdir. Qonaq səmimi qonaqpərvərliyə görə minnətdarlığını bildirmişdir.
Səfərin yekunları barədə jurnalistlərə müsahibə verən P.Stoyanov qədim tarixə və əsrarəngiz təbiətə malik, dünya əhəmiyyətli memarlıq abidələri və mədəniyyət nümunələri ilə zəngin olan qədim Şəki ilə tanışlığından çox məmnun qaldığını bildirmiş, bu diyarın böyük turizm potensialına malik olduğunu vurğulamış, şəhərdən zəngin təəssüratla ayrıldığını diqqətə çatdırmışdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında