Şriftin ölçüsü:
11.10.2011 03:13 | Oxunma sayı: 471
Hörmətli redaksiya! Son günlər biz laçınlı ziyalıları, ağsaqqalları, gəncləri ciddi narahat edən bir məsələ barədə sizə müraciət etməyi qərara aldıq. Əsəbiliyə və gərginliyə səbəb olan məsələ isə "Gündəlik Bakı"qəzetinin 5, 6, 7 oktyabr 2011-ci il tarixli nömrələrində Laçın rayonu, onun rəhbərləri haqqında heç bir fakta əsaslanmayan, şər və böhtan dolu yazılardır. Qətiyyətlə bildiririk ki, bu yazılar həqiqətdən çox-çox uzaqdır, yalnız qarşıdurma yaratmaq, qarışıqlıq salmaq, mövcud sabitliyi və əmin-amanlığı pozmaq məqsədi daşıyır. Ancaq nahaq yerə. Ağa qara demək ən böyük namərdlikdir. Biz laçınlılar kimin kim olduğunu yaxşı bilirik.
"Gündəlik Bakı" qəzetində dərc olunmuş həmin cızmaqaralar ara qarışdırmaqda maraqlı və qərəzkar şəxslər tərəfindən təşkil olunmuşdur. Biz ziyalılar Laçın rayonunun ictimai-siyasi həyatında yaxından və fəal iştirak etməklə Taxtakörpü adlanan rayon mərkəzində son dörd ildə görülən geniş tikinti, quruculuq, abadlıq və yaşıllıq işlərini ürəkdən bəyənir, bu istiqamətdə rayon rəhbərliyinin apardığı işləri dəstəkləyirik. Lakin bu işgüzar və sağlam mühiti gözü götürməyən, ona xəbisliklə baxan bədxahların bəzi üzdəniraq qəzetlərdə həqiqətdən uzaq, heç bir real faktı əks etdirməyən cəfəng məqalələri bizi bir ziyalı kimi çox narahat etdi. Ona görə də laçınlılar adından həmin məqalələrdə qeyd olunanlara öz münasibətimizi bildirməyi qərara aldıq.
Xalq qəhrəmanı Sultan bəy Sultanovun anadan olmasının 140 illik yubileyinin qeyd olunması ilə bağlı rayon rəhbərliyinin gördüyü hazırlıq işləri bütün laçınlıların rəğbət və sevincinə səbəb olmuşdur. Bu günlərdə Sultan bəy Sultanovun ibrətli həyat və fəaliyyətinə dair kitabın çapdan çıxmasını yüksək qiymətləndirir, buna görə rayon rəhbərliyinə minnətdarlığımızı bildiririk. Belə bir hadisəyə sevinmək əvəzinə, hədyanlar yağdırmaq xəbislik deyil, bəs nədir?
Biz hamımız şahidik ki, Ramiz Cəbrayılov 2007-ci ilin dekabr ayında Laçın Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunduqdan sonra bütün sahələrdə şəffaflıq yaradılması, mövcud olmuş nöqsanların aradan qaldırılması istiqamətində qətiyyətli addımlar atmışdır. Qısa zamanda büdcə təşkilatlarında çalışan işçilərin əməkhaqlarının plastik kartlarla bankomatlar vasitəsilə ödənilməsinə başlanmışdır. Son dörd ildə məcburi köçkünlərə dövlət büdcəsindən ayrılan yemək xərci müavinətlərinin ödənilməsində, ərzaq, həmçinin payız-qış mövsümündə ağ neft paylanmasında, təhsil, səhiyyə, mədəniyyət və digər sahələrdə əvvəlki illərdə kök salmış nöqsanlara qarşı mübarizədə şəffaflığa nail olunması hamıda razılığa səbəb olmuşdur.
Rayon icra hakimiyyətinin başçısı Ramiz Cəbrayılovla heç bir qohumluq əlaqəsi olmayan polis şöbəsinin rəisi Məhəmməd Kərimov və şöbənin əməkdaşları Qarabağ müharibəsində şərəfli döyüş yolu keçmişlər. Onlar bu gün rayonda sabitliyin qorunmasında fəal iştirak edirlər. Məqalədə bu barədə yazılanları uydurma hesab edirik. Bayram günləri ərəfəsində biz məcburi köçkünlərə ölkə rəhbərliyinin diqqət və qayğısı olaraq gətirilən ərzaq yardımları rayon ictimaiyyətinin gözləri önündə hər bir ailəyə çatdırlır. Belə olan halda yardımların "mənimsənilməsi" barədə danışmaq haqsızlıqdır. "Azərneftyağ" İstehsalat Birliyi isə heç bir vaxt rayona yardım gətirməmişdir. Hamımızın yaxşı xatirindədir ki, rayon rəhbərliyinin dəstəyi ilə 2008, 2009 və 2010-cu illərdə Qurban bayramlarında yüzlərlə xırda heyvan kəsilərək, ərzaq bağlamaları ilə birlikdə imkansız, tənha insanlara, şəhid və veteran ailələrinə paylanmışdır.
121 saylı Laçın Seçki Dairəsi üzrə məntəqə seçki komissiyaları üzvlərinin əməkhaqları isə ölkəmizdə yeganə olaraq bizim rayonda plastik kartlarla ödənilir. Burada hər hansı bir mənimsəmədən söhbət gedə bilməz. Təhsil şöbəsinin mühasibatlığında mühasib vəzifəsində işləyən Möhtəvər Səmədovun (qəzetdə o, nədənsə, baş mühasib kimi göstərilir) dövlətə məxsus külli miqdarda pul vəsaitini kiməsə verməsi cəfəngiyatdan başqa bir şey deyil. Maliyyə əməliyyatlarının aparılmasına heç bir aidiyyəti və səlahiyyəti olmayan Möhtəvər Səmədovun özü də dəfələrlə bu məsələyə kəskin etirazını bildirərək, onun adından istifadə edənlərin məsuliyyətə cəlb olunmasını tələb etmişdir.
Bütün bunlar böhtandan başqa bir şey deyildir. "Gündəlik Bakı" qəzeti belə əsassız ittihamlara görə laçınlılar və qanun qarşısında cavab verməlidir.
Bir qrup laçınlı ziyalı:
{nl}
Həsən HƏSƏNOV, Cənnət ƏLİYEV, Ağayar İSMAYILOV, cəmi 450 imza
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.