"İdeal Dizayn" ölkəmizin yüksək texnologiyalı brendlərini (ticarət nişanlarını) yaradır və dünya miqyasında tanıdır

1996-cı ildən fəaliyyətə başlamış Embawood şirkəti artıq 15 ildir ki, müştərilərinin xidmətindədir. Bu dövr ərzində şirkətdə böyük dəyişikliklər baş vermişdir. Şirkət müştəri yönümlü strategiyanı özünün əsas prinsipi olaraq seçmiş və bu istiqamətdə əsaslı işlər görmüşdür. Almaniyadan dəvət olunmuş konsaltinq şirkəti keyfiyyət sistemini daha yüksək səviyyəyə qaldırmaqla, istehsalata sözün əsl mənasında "alman keyfiyyəti"ni gətirmişdir. Xidmət səviyyəsi daha yüksək pilləyə qaldırılmışdır.
Müştəri xidməti xətti və satışdan sonrakı xidmət sistemi beynəlxalq standartlara uyğun qurulmuşdur. Şirkətin fəaliyyət göstərdiyi bütün ölkələrdə mebel alışından sonra 24 saat ərzində pulsuz çatdırma və quraşdırma xidməti göstərilir. Standart olaraq məhsulların zəmanət müddəti 2 ildir. Məhsul portfelində çeşid çoxluğu, müasir və dəbdəbəli dizayn, keyfiyyətə nəzarət, satışdan sonrakı xidmət, müştəri yönümlülük kimi prinsiplər Embawood şirkətinə məhsullarını xarici ölkələrə də təklif etmək imkanı yaratmışdır.
Embawood şirkətinin istehsal etdiyi məhsullar Avropa standartlarının (EN) E1 ekoloji keyfiyyət normasına tam uyğundur. Yumşaq mebellərdə istifadə edilən parçalar antistatik və antibakterial olmaqla Oeko-Tex Standart 100 standartı, Klass 1 üzrə sertifikatlaşdırılmışdır. Həmçinin şirkətdə tətbiq edilən idarəetmə standartları 2004-cü ildən etibarən İSO 9001:2008 "Beynəlxalq keyfiyyətin idarəedilməsi sistemi" üzrə və İSO 9001 "Dizayn, istehsalat və satış" üzrə sertifikatlaşdırılmışdır. Beynəlxalq sertifikatlarla yanaşı, Embawood məhsulları AZS Milli Sertifikatlaşdırma Sisteminin 6 bəndi üzrə uyğunluq sertifikatı da almışdır. İstehsal edilən mebellərin beynəlxalq və yerli standartlara uyğun olub-olmadığını yoxlamaq üçün 2009-cu ildən şirkətin istifadəsində olan keyfiyyət-sınaq laboratoriyası yenilənmiş, müasir avadanlıqlarla təmin edilmişdir.
Embawood şirkətinin fərqləndirici xüsusiyyətlərindən biri özünün yeni məhsul layihələndirmə qrupunun olmasıdır. Dizayner və konstruktorlardan ibarət komanda Embawood və Madeyra adında iki mebel brendi üzrə bölünmüşdür və bu brendlərin mebel modellərinin layihələndirilməsində və modelin istehsala təqdimi prosesində iştirak edirlər. İlk fabrikini Azərbaycanda qurmuş şirkətin bu gün dünyanın 4 ölkəsində 7 fabriki var. Fabriklərdə istehsal olunan məhsullar Orta Asiya, Cənubi Qafqaz, Şərqi Avropa ölkələrinə ixrac edilir.
2000-ci ildən fəaliyyət göstərən ofis mebeli brendi "İdeal Dizayn" bu gün təkcə Azərbaycanda deyil, həmçinin Qazaxstan və Gürcüstanda da ölkəmizi uğurla təmsil edir. Ofisdə rahat iş mühitinin yaradılması təcrübəli mütəxəssislərin sayəsində yaradıcılıq prosesinə çevrilir. Dizaynerlər mebel seçimində müxtəlif üslub, rəng və forma təkliflərini təqdim edir, mebelin yerləşdirilməsi variantlarını işləyib hazırlayırlar. Bu proses optimal rahatlığı və zərifliyi özündə cəmləşdirir.
Dinamik inkişaf edən "İdeal Dizayn" şirkəti Azərbaycan ofis mebeli bazarında aparıcı müəssisələrdən biri olub, 2000-ci ildən fəaliyyət göstərir.
Ötən müddətdə müəssisədə nəzərəçarpacaq və əhəmiyyətli dəyişikliklər baş vermişdir. Müəssisənin avadanlıq parkı Almaniya, İtaliya və Türkiyə istehsalçılarının dünya standartlarına cavab verən müasir avadanlıqları ilə yeniləşdirilmişdir və bu proses hazırda da davam etməkdədir. İstehsal prosesində yalnız yüksək keyfiyyətli və bütün ekoloji norma və tələblərə cavab verən xammal, material və aksesuarlardan istifadə olunur. İstehsal olunan məhsulların keyfiyyətinə nəzarət istehsal prosesinin hər bir mərhələsində həyata keçirilir.
Şirkət daimi olaraq mebel bazarını tədqiq edir. Buna paralel olaraq "İdeal Dizayn" istehlakçıların istəklərinə və tələblərinə uyğun geniş rəng seçimində olan operativ mebeller, müxtəlif qiymət diapazonunda rəhbər kabinetləri seriyaları, mehmanxana və otellər, təhsil və tibb müəssisələri üçün mebellər istehsal edir. Adıçəkilən mebel şirkətinin istehsal etdiyi bütün məhsullar Azərbaycan Standartlaşdırma və Metrologiya Agentliyi tərəfindən sertifikatlaşdırılmışdır.
Onu da qeyd etmək lazımdır ki, "İdeal Dizayn"ın istehsal etdiyi məhsullar Türkiyə, Qazaxıstan, İran və Gürcüstana uğurla ixrac edilir.
Şirkətin istehsal etdiyi məhsulların istehlakçılara çatdırılması və quraşdırılmasını həyata keçirmək məqsədilə yaradılmış xidmət bölməsi fəaliyyətini müvəffəqiyyətlə davam etdirməkdədir.
"İdeal Dizayn"ın sahib olduğu böyük istehsal gücü, tətbiq etdiyi çevik qiymət siyasəti və satışın stimullaşdırılması üzrə marketinq proqramları istehsal olunan məhsulların istehlakçıların bütün tələblərini ödəməsinə imkan verir, eyni zamanda, geniş qiymət diapazonu müştərilərin arzularına və istəklərinə uyğun səmərəli seçim etməyə şərait yaradır.
Bütün bunlar barədə "İdeal Dizayn"ın yeni mağazasının açılışında və burada yeni brendlərin təqdimat mərasimində ətraflı danışıldı. Qeyd edildi ki, təşkilat və şirkətlərdə çalışanların faydalılıq əmsalına təsir edən bir çox amillər var. Ən önəmli amillərdən biri də iş məkanının interyer dizaynı və ona uyğun mebellərdir. Bu xidmətlər 2000-ci ildən göstərilir.
Xatırladaq ki, rebrendinq, yeni məhsul və mağaza konsepsiyasının təqdimatı münasibətilə keçirilən tədbirdə ölkənin müxtəlif dövlət və özəl qurumları iştirak etdi. Satış və marketinq müdiri Anar Yusubov vurğuladı ki, rebrendinq ancaq brendin vizual identifikatorlarında deyil, şirkətin bütün funksiyalarında edildi. Məhsul portfeli, öz istehsal məhsulları ilə yanaşı, dünyanın aparıcı istehsalçılarının müasir dizayna sahib VIP rəhbər dəstləri, işçilərin rahat işləməsi üçün hi-tech modellər, metaldan hazırlanmış ofis və digər ixtisas mebelləri ilə genişləndirildi. Məhsul portfelinə ofis mebeli ilə yanaşı, otel, kafe, bar, restoran, təhsil ocaqları və tibb sahəsinə aid mebellər də daxildir.
A.Yusubov çıxışında daha sonra dedi: - Biz insanlara inam və əminlik veririk, onların həyatını daha rahat və zövqlü edirik, onların məqsəd və arzularını reallaşdırırıq. Biz dünyanın ən yaxşı şirkətlərindən birini qururuq. Bizim müvəffəqiyyətimiz əməkdaşlarımızın professionallığı və xoşbəxtliyinə əsaslanır. Bizim missiya fəaliyyət göstərdiyimiz hər bir ölkənin iqtisadiyyatında önəmli yer tutaraq, cəmiyyətdə inamı, etibarı və stabilliyi saxlamaqdır. Bir təşkilat kimi müştərilərimiz və onların tələbatı fəaliyyətimizin əsasıdır. Biz inanırıq ki, hər bir insanın həyatının əsası, xoşbəxt olmaq arzusudur. Komandamız xoşbəxtliyi özünü təkmilləşdirmədə görən insanlardan ibarətdir. İnkişaf etdikcə, yeni uğurlar qazandıqca, qalibiyyət və fəxr hissi keçiririk! Bizim özümüz dəyişəndə bizim ətrafımızdakı aləm də dəyişir və daha gözəl olur. Bu baxış bizə inam hissi bəxş edir. Çünki şirkətin inkişafı, dəyişməsi və önə getməsi əməkdaşlarının fərdi inkişafı və dəyişməsi ilə baş verir.
A.Yusubov çıxışını belə yekunlaşdırdı: - Uğurlarımızın ən başlıca səbəbi kadr seçiminin düzgün aparılmasıdır. Bizdə ağac emalı və ağacdan məmulatların istehsalı sahəsində son dərəcə bacarıqlı kadrlar fəaliyyət göstərirlər. Onlar müştərilərə müştəri gözü ilə deyil, tərəfdaş kimi yanaşırlar. Daim alıcılarla təmasda olmağımız, onların fikirlərinə həssaslıqla yanaşmağımız, təkliflərini diqqətlə dinləməyimiz də öz müsbət nəticəsini verir.
Məhsullarımız dünyanın 10 ölkəsində satılır. Alıcıların razılığı ilə qarşılaşmağımız bizi sevindirir. "İdeal" brendinin xaricdə böyük rəğbət qazanmasını həm Azərbaycan dövlətinin, həm də şirkətimizin uğuru kimi dəyərləndiririk. Bu rəğbətin daimiliyini qoruyub saxlamaq üçün, bir qayda olaraq yeniliyə, müasirliyə meyl göstərir, keyfiyyət amilini önə çəkir, ətraf mühit, ekologiya məsələlərinə ciddi diqqət yetiririk. Burada bir məqamı da xatırlatmaq istərdim. Ötən il Qazaxıstanda mebel məhsulları sərgisi keçirilirdi. Sərgidə çoxlu sayda mebel istehsalçısı iştirak edirdi. Yeri gəlmişkən, deyim ki, bizim şirkət Qazaxıstanın mebel bazarında neçə ildir ki, liderlik mövqeyini qoruyub saxlayır. Bu, təsadüfi deyil. Qazaxıstanda nəşr olunan "Kursiv" (biznes xəbərləri) qəzetində həmin sərgi ilə bağlı Almatı mebel fabrikinin direktoru Mixail Qluxovla müsahibədən bir məqəma diqqət yetirsək, bunun səbəbini aydın görə bilərik. M.Qluxov müsahibədə bildirirdi ki, Azərbaycanda Rusiya və Belarusla müqayisədə meşə təsərrüfatı o qədər də güclü inkişaf etməyib. Amma buna baxmayaraq, Azərbaycanda texnologiyanın sürətlə yeniləşməsi, burada yeniliyə, müasirliyə güclü meyl göstərilməsi və inkişaf etmiş dövlətlərin təcrübəsindən lazımi şəkildə bəhrələnilməsinin nəticəsidir ki, sözügedən respublikanın mebel istelsalçıları Qazaxıstan bazarında liderlik mövqeyini bacarıqla nümayiş etdirirlər.

{nl}

Vaqif BAYRAMOV, Rafiq SALMANOV(foto), "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında