Azərbaycan - Fransa əlaqələri uğurla inkişaf edir

Prezident Nikola Sarkozinin ölkəmizə rəsmi səfəri iki ölkə arasında əlaqələrin daha da möhkəmləndirilməsinə zəmin yaradacaq
Müstəqillik əldə etdikdən sonra demokratik dövlət quruculuğu yoluna qədəm qoymuş Azərbaycan Respublikasının qarşısında çox çətin vəzifələr dururdu. Bir tərəfdən respublikamızın üzləşdiyi sosial-iqtisadi və siyasi problemlərin uğurlu həlli, digər tərəfdən dünyanın inkişaf etmiş dövlətləri, həmçinin nüfuzlu beynəlxalq qurumları ilə milli dövlət mənafelərinə cavab verən qarşılıqlı faydalı əlaqələr qurmaq zərurəti yaranmışdı. Belə bir şəraitdə dünya siyasətinin formalaşdırılmasında aparıcı rol oynayan dövlətlərlə, o cümlədən inkişaf etmiş Qərbi Avropa ölkələri ilə qarşılıqlı münasibətlərn tənzimlənməsi böyük əhəmiyyət kəsb edirdi.
Qərbi Avropanın ən böyük və nüfuzlu dövlətlərdən biri olan Fransa Azərbaycanın dövlət müstəqilliyini 1992-ci il yanvarın 3-də rəsmən tanısa da, bu ölkə ilə əlaqələrin inkişafı, qarşılıqlı iqtisadi əməkdaşlıq istənilən səviyyədə deyildi. Bu, ilk növbədə Azərbaycanın müstəqillik əldə etdiyi ilk vaxtlarda ölkəyə rəhbərlik edənlərin dövlət idarəçiliyindəki naşılığından irəli gəlirdi. Məhz bu səbəbdən Azərbaycanın xarici siyasətində irəliləyiş müşahidə olunmur, inkişaf etmiş dövlətlərlə ikitərəfli əməkdaşlıq istənilən səviyyədə qurulmurdu. Halbuki, müstəqillik yolu tutmuş Azərbaycan Respublikası üçün dünyanın bütün dövlətləri, o cümlədən Qərbi Avropanın ən böyük və nüfuzlu dövlətləri ilə qarşılıqlı faydalı əməkdaşlıq, habelə, dostluq əlaqələri qurmaq çox böyük əhəmiyyət kəsb edirdi. Digər tərəfdən Qərbi Avropa ölkələri Azərbaycanın təbii ehtiyatlarının birlikdə işlənməsində və bununla respublika iqtisadiyyatının sürətlə yüksəlməsində çox böyük rol oynaya bilərdi. Bütün bunlara 1993-cü ilin yayından sonra tədricən nail olundu.
Azərbaycan Prezidenti Heydər Əliyevin 1997-ci ildə Fransa, İtaliya, Vatikan və Böyük Britaniyaya, 2001-ci ildə yenidən Fransaya rəsmi səfərlərə getməsi və səfər zamanı aparılan danışıqlar, imzalanan çoxsaylı sənədlər Azərbaycanın beynəlxalq nüfuzunun yüksəldilməsində böyük rol oynadı. Nəzərə alsaq ki, Fransa Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında vasitəçilik missiyasını üzərinə götürmüş ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərindən biridir, bu baxımdan bu ölkə ilə isti münasibətlər qurmaq, əməkdaşlığı genişləndirmək çox əhəmiyyətlidir.
Ulu öndərin daxili və xarici siyasətini böyük müvəffəqiyyətlə davam etdirən Azərbaycan Prezidenti İlham Əliyevin 2004-cü ildə Fransaya səfəri və bu səfər zamanı aparılan danışıqlar, siyasi və iqtisadi sahədə əməkdaşlığa dair imzalanan sənədlər ölkəmizin Avropaya inteqrasiyası prosesinin daha da güclənməsinə mühüm təsir göstərmişdir. O vaxtdan başlayaraq Azərbaycan - Fransa əlaqələri inkişaf yoluna qədəm qoymuşdur. Azərbaycanın sürətli inkişaf yoluna qədəm qoyması, xəyallarda əfsanə kimi canlanan iri infrastruktur layihələrinin reallaşdırılmasında qətiyyət nümayiş etdirməsi də dünya dövlətlərinin diqqətini cəlb etmişdir.
Fransa Respublikasının Prezidenti Nikola Sarkozinin Azərbaycana rəsmi səfəri də böyük maraqla izlənilmişdir. Oktyabrın 7-də reallaşan bu səfər zamanı Azərbaycanla Fransa arasında ikitərəfli münasibətlərin inkişaf perspektivləri müzakirə olunmuş, siyasi, iqtisadi və digər sahələrdəki əlaqələrin möhkəm təməllər üzərində qurulduğu vurğulanmışdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Fransa Prezidentinin ölkəmizə ilk dəfə səfər etdiyini diqqətə çatdıraraq dedi: "Əminəm ki, səfəriniz Fransa - Azərbaycan əlaqələrinin gələcək uğurlu inkişafına çox böyük töhfəsini verəcəkdir. Əlaqələrimiz çoxşaxəlidir, bütün sahələri əhatə edir. Son illər ərzində ölkələrimiz arasında yaşanan əməkdaşlıq bizi daha da ruhlandırır və əmin edir ki, gələcəkdə də Fransa - Azərbaycan əlaqələri strateji xarakter daşıyacaqdır. Siyasi əlaqələrimiz çox intensivdir".
Regional təhlükəsizlik məsələlərinin daim diqqət mərkəzində saxlanıldığını vurğulayan Azərbaycan Prezidenti İlham Əliyev Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunması işində Minsk qrupunun həmsədri kimi Fransanın böyük rol oynadığını diqqətə çatdırdı. Azərbaycan tərəfinin bu rolu yüksək qiymətləndirdiyini bildirən Prezident İlham Əliyev dedi: "Biz bu rolu yüksək qiymətləndiririk və ümid edirik ki, şəxsən Sizin səyləriniz nəticəsində münaqişə tezliklə beynəlxalq hüquq normalarına uyğun şəkildə həllini tapacaq və ölkəmizin ərazi bütövlüyü bərpa olunacaqdır".
Ermənistan silahlı qüvvələrinin hərbi təcavüzünün ağır nəticələri bir daha ATƏT-in həmsədr dövləti olan Fransa Prezidenti Nikola Sarkozinin diqqətinə çatdırıldı. Bildirildi ki, uzun illərdir ki, Azərbaycan torpaqları - Dağlıq Qarabağ və onun ətrafında yerləşən 7 rayon işğal altındadır. Bu işğal və etnik təmizləmə siyasəti nəticəsində bir milyondan artıq azərbaycanlı doğma torpağında qaçqın və məcburi köçkün vəziyyətində yaşayır. Azərbaycan Prezidenti qətiyyətlə bildirdi ki, bu vəziyyətə son qoyulmalıdır.
Azərbaycana rəsmi səfərdən əvvəl Ermənistanda səfərdə olmuş Fransa Prezidenti Nikola Sarkozi Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsinə toxunarkən status-kvonun dəyişdirilməsinin zəruriliyni bildirmişdir.
Xatırladaq ki, status-kvonun dəyişdirilməsini ən çox arzulayan Azərbaycan tərəfidir. Bu da çox təbiidir. Çünki hazırda Azərbaycan torpaqları işğal altındadır.
Səfər çərçivəsində qeyd edilmişdir ki, Azərbaycan - Fransa iqtisadi əməkdaşlığı uğurla inkişaf edir. Bu ilin 8 ayında iki ölkə arasındakı ticarət dövriyyəsi 3 milyard dolları keçmişdir. İlin sonuna qədər bu rəqəmin 4 milyard dollara çatacağı proqnozlaşdırılır. Bu da o deməkdir ki, iki ölkə arasında gələcək inkişaf üçün geniş imkanlar var. Hazırda Fransanın 40-a yaxın şirkəti Azərbaycanda uğurla fəaliyyət göstərir. Qeyd edək ki, Azərbaycanda Məişət Tullantıları Zavodu Fransa şirkəti tərəfindən tikilir.
Fransa Prezidenti Nikola Sarkozi də Azərbaycanın bütün sahələr üzrə inkişafından məmnunluq ifadə etdi və dedi ki, Bakı beynəlxalq aləm üçün mühüm bir qovşaqdır. Əsrlərdən bəri müxtəlif xalqların və müxtəlif mədəniyyətlərin bir-birinə qovuşduğu məkandır.
Fransa Prezidenti Nikola Sarkozi və Azərbaycan Prezidenti İlham Əliyevin də iştirak etdiyi Fransız Liseyinin təməlinin qoyulması bir daha təsdiqlədi ki, iki ölkə arasındakı əlaqələr getdikcə möhkəmlənir. Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva və Azərbaycan Dövlət Neft Şirkətinin dəstəyi ilə tikiləcək Fransız Liseyi təkcə iki ölkə arasındakı yüksək səviyyədə olan diplomatik və siyasi əlaqələrin nümunəsi deyil, eyni zamanda Azərbaycanın inkişaf dinamizmini və onun dünyaya açıqladığı arzusunu ifadə edir. Bu fikirlərin müəllifi olan Fransa Prezidenti daha sonra dedi: "Fransa Dünyəvi Təhsil Missiyasının və ölkələrimizin Təhsil Nazirliklərinin dəstəyi ilə bu lisey fransızdilli elitanın formalaşmasına imkan verəcəkdir. Eyni zamanda, Fransa universitetlərinin qapıları bu fransızdilli tələbələrin üzünə daim açıq olacaqdır. Aldıqları billiklərlə Azərbaycanı bəhrələndirmək üçün onlar ölkələrinə qayıdacaqlar". Fransa Prezidenti həmçinin qeyd etdi ki, Azərbaycan müstəqilliyini bərpa edən gündən başlayaraq iki ölkə arasında, xüsusilə də mədəniyyət və təhsil sahəsi dinamik və məhsuldar bir əməkdaşlığa başlamışdır. Bu, həm strateji tərəfdaşlıqda özünü əks etdirir, həm də mədəniyyətdə.
Fransa Prezidentinin Azərbaycana rəsmi səfəri zamanı diqqətçəkən məqamlardan biri də Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın Fransa Respublikasının "Şərəf Legionunun Zabiti" ordeni ilə təltif olunmasıdır. Bu, yüksək dövlət mükafatını təqdim etməzdən əvvəl Fransa Prezidenti Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın fəaliyyətini yüksək qiymətləndirərək dedi: "... Ölkənizin maraqları naminə gərgin fəaliyyət aparırsınız, həmçinin parlamentdə fəal iş görürsünüz. Parlamentdə ABŞ - Azərbaycan dostluq qrupunun sədrliyindən Fransa - Azərbaycan dostluq qrupunun sədrliyinə keçmək qərarınız bizim üçün şərəfdir. Bu, strateji və əla seçim oldu. Eyni zamanda, siz mədəni müxtəlifliyin təşviq edilməsində şəxsən iştirak edirsiniz. Siz Fransanın böyük dostusunuz. Olduqca mühüm iş aparırsınız. Rəhbərlik etdiyiniz fond uşaqlara qayğı sahəsində böyük işlər görmüşdür. Bu fond, həmçinin dünya mədəni irsinin qorunmasına da töhfə verir".
Fransa Respublikasının Prezidenti Nikola Sarkozinin Azərbaycana rəsmi səfəri, bu səfər zamanı keçirilən görüşlər, aparılan danışıqlar və imzalanan sənədlər əməkdaşlığın daha da möhkəmləndirilməsində böyük rol oynaycaq.

{nl}

Əliqismət BƏDƏLOV, "Xalq qəzeti"

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında