Şriftin ölçüsü:
07.10.2011 01:40 | Oxunma sayı: 415
Bu gün Avropa Şurası qitənin 47 dövlətini birləşdirsə də, Parlament Assambleyasında bu ölkələrin fəallığı və aparıcı mövqeləri heç də eyni deyildir. Azərbaycan bu mötəbər Avropa qurumunda getdikcə daha artıq nüfuz qazanmaqdadır. Elə bunun nəticəsidir ki, AŞPA bir sıra vacib komitə iclaslarını məhz Bakıda keçirməyə üstünlük verir. Mədəniyyət, elm, təhsil komitəsi və onun tərkibindəki alt komitələr Azərbaycan ilə əməkdaşlıqda xüsusən maraqlıdır.
Komitənin fəal üzvlərindən olan deputat Rafael Hüseynov indiyədək yalnız bu komitənin xətti ilə 4 məruzə və 20-dən artıq Avropa əhəmiyyətli sənəd hazırlamışdır. Azərbaycan nümayəndə heyətinin üzvü hazırda bütün Avropa, ümumiyyətlə dünya ölkələri üçün maraq doğuran aktual bir mövzu üzərində işləməkdədir. "Avropa Ali Təhsil Məkanının coğrafi genişləndirilməsi və beynəlxalq açıqlığı" adlı məruzəni hazırlamaq R.Hüseynova 2010-cu ilin iyununda tapşırılmışdır. Avropada ali təhsilin ortaq standartlarının müəyyənləşdirilməsi, qitənin ali təhsil şəbəkəsində yaxınlaşmanın təmin edilməsi, Avropa ali təhsil ocaqlarının işbirliyinin genişləndirilməsi, müştərək proqramlar və dərsliklər, mütərəqqi tədris üsullarının çevik mübadiləsi və digər bu qəbil problemlər silsiləsini əhatə edən məruzəyə Avropa Şurasında xüsusi diqqətin göstəricilərindən biri də budur ki, hər sessiyada və komitənin sessiyalararası toplantılarında işin gedişi ilə bağlı hesabatın dinlənilməsi lazım bilinir.
R.Hüseynov məruzənin ilkin mətnini hazırlayaraq birinci geniş hesabatını bu ilin mayında komitənin Zaqrebdə keçirilən toplantısında vermişdir. Avropa Şurasının reqlamentinə əsasən azərbaycanlı deputatın hazırladığı məruzə Parlament Assambleyasının 2012-ci il yay sessiyasında gündəliyə salınacaqdır. AŞPA-da qəbul edilmiş qaydalara uyğun olaraq adətən bütün Avropa üçün əhəmiyyətli məruzələrin sessiyanın plenar iclasına çıxarılmasından öncə yalnız komitə üzvləri deyil, geniş mütəxəssislər dairəsinin cəlb edilməsi ilə kollokvium da təşkil edilir. Əvvəllər "Bolonya prosesi" adlanmış, indi isə "Avropa Ali Təhsil Məkanı" deyə təqdim olunan cərəyanın artıq 11 yaşı vardır. Belə bir Avropa səviyyəli ciddi məsələ üzrə azərbaycanlı deputatın məruzəçi təyin edilməsi, Avropada ali təhsilin gələcək inkişafı ilə bağlı modellərin müəyyənləşdirilməsində ölkəmizin nümayəndəsinə etimad göstərilməsi təqdirəlayiq və sevindirici faktdır. "Bolonya prosesi"nə qoşulan ölkələrin sayı artıq 50-yə çatmaqdadır və növbəlilik prinsipi əsasında bura iki ölkə həmsədrlik edir. Cari ildə həmsədrlik Danimarka və Azərbaycana keçəcəkdir və bu münasibətlə gələn il Bakıda Avropa təhsil nazirlərinin müşavirəsi təşkil ediləcəkdir. AŞPA Mədəniyyət, elm, təhsil komitəsinin gələnilki iclaslarından birini elə bu münasibətlə Bakıda keçirməyi və əsas müzakirə mövzusu olaraq R.Hüseynovun hazırladığı məruzəni seçməyi qərara almışdır. Komitənin həmin iclasında R.Hüseynovun məruzəsinin ətrafında kollokviumun keçirilməsi, müzakirələrə yalnız komitə üzvlərinin deyil, Bakıda keçiriləcək təhsil nazirləri toplantısında iştirak edəcək bir sıra mühüm Avropa təhsil idarəedicilərinin, Avropanın nüfuzlu universitetlərinin rektorlarının da qatılması nəzərdə tutulmuşdur. Məruzənin qətnamə layihəsinin də həmin toplantıda müzakirə və təsdiq edilməsi planlaşdırılmaqdadır.
Deputat Rafael Hüseynov AzərTAc-ın müxbirinə müsahibəsində bildirmişdir ki, komitə üzvləri Bakı toplantısına xüsusi maraq göstərirlər. Paytaxtımızda keçiriləcək tədbirə digər iclaslarından fərqli olaraq tam tərkibdə qatılacaqlar. Bunun birinci səbəbi komitədə ixtisas etibarı ilə təhsillə bağlı mütəxəssislərin çox olmasıdırsa, ikincisi - sürətlə Avropanın başlıca mədəniyyət və elm paytaxtlarından birinə çevrilən Bakıya həmkarlarımın maraq və diqqətinin gündən-günə artmasıdır. Avropa Şurası ilə Azərbaycan arasında əməkdaşlığın mütəmadi olaraq artan templəri bir tərəfdən bizə son dərəcə əhəmiyyətli məruzələrin həvalə edilməsində, Bakıda bir-birinin ardınca komitə iclaslarının keçirilməsində, AŞPA-nın ayrı-ayrı strukturlarında nümayəndə heyətimizin üzvlərinə yeni vəzifələrin tapşırılmasında təzahür edirsə, digər tərəfdən bu demokratiya məktəbinin Azərbaycana inamının Assambleyanın baş kürsüsündən hər sessiyada ifadə edilməsində, bizə qarşı əvvəllər mövcud olmuş bəzi arzuolunmaz qeyri-obyektiv yanaşmaların tədricən aradan qaldırılmasında görünür. Zənnimcə, yüksələn xətlə inkişaf edən belə xeyirxah münasibətin təməlində Azərbaycan Prezident İlham Əliyevin Avropa Şurası ailəsindən çıxması, bu qurumda onun şəxsiyyətinə dərin hörmət bəslənməsi və demokratik dəyərlərə sadiqliyinə möhkəm inamın olması dayanır".
AŞPA-nın payız sessiyası çərçivəsində R.Hüseynovun hazırladığı "Avropa Ali Təhsil Məkanının coğrafi genişləndirilməsi və beynəlxalq açıqlığı" adlı məruzəsi növbəti dəfə müzakirə edilmişdir. Məruzəçiyə bir sıra Avropa ölkələrinin qabaqcıl ali təhsil mərkəzlərində mövzu ilə əlaqədar tədqiqatlar aparmaq həvalə edilmişdir.
{nl}
Əsgər ƏLİYEV, AzərTAc-ın xüsusi müxbiri
Strasburq
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.