Aleksdandr Xloponin: "Azərbaycan Rusiya üçün strateji tərəfdaş, qardaş dövlətdir"

Azərbaycanda səfərdə olan Rusiya Federasiyası Hökuməti sədrinin müavini, Rusiya Prezidentinin Şimali Qafqaz Federal Dairəsi üzrə səlahiyyətli nümayəndəsi Aleksandr Xloponin oktyabrın 5-də Bakı Slavyan Universitetinin (BSU) tələbələri və professor-müəllim heyəti ilə görüşmüşdür. 
BSU-nun rektoru, Əməkdar Elm Xadimi, AMEA-nın müxbir üzvü Kamal Abdullayev tədbiri açaraq qeyd etmişdir ki, bu görüş Şimali Qafqazın ali məktəbləri ilə BSU arasında sıx əməkdaşlığın yaranmasına, təhsil və mədəniyyət sahəsində ölkələrimiz arasında əlaqələrin genişlənməsinə xidmət göstərəcəkdir. BSU-nun rektoru bildirmişdir ki, rus dili xalqımızın mənəvi həyatında mühüm yer tutur. K.Abdullayev demişdir: "Hazırda Azərbaycanda rus dili aktiv fəaliyyət göstərən dillərdən biri olaraq qalır. Rus dilində qəzetlər, jurnallar buraxılır, dərsliklər, bədii ədəbiyyat nəşr olunur, tədrisin rus dilində aparıldığı orta və ali məktəblər fəaliyyət göstərir". O, həmçinin qeyd etmişdir ki, bu gün Bakı Slavyan Universiteti Azərbaycanın Rusiya ilə, habelə digər slavyan ölkələri ilə əməkdaşlığında mühüm elementə çevrilmişdir.
Rusiya Federasiyası Hökuməti sədrinin müavini A.Xloponin də başçılıq etdiyi nümayəndə heyətinin Azərbaycana səfərinin məqsədləri barədə BSU-nun tələbələrinə və müəllimlərinə məlumat verərək qeyd etmişdir ki, Rusiya Hökuməti Şimali Qafqazda iri investisiya layihələrini həyata keçirməyi planlaşdırır və Azərbaycanı da bu layihələrdə iştirak etməyə dəvət edir. O, Şimali Qafqazın inkişafına dair dövlət proqramı barədə məlumat verərək demişdir ki, bu dairədəki regionların investisiya imkanlarının təqdimatı ilk dəfə məhz Bakda olmuşdur.
A.Xloponin Şimali Qafqaz Federal Dairəsinin ali məktəblərinin BSU ilə əməkdaşlığından söhbət açaraq bildirmişdir ki, Şimali Qafqaz Federal Universitetinin açılması Rusiya Prezidenti səviyyəsində qərara alınmışdır. Onun sözlərinə görə, universitet ən müasir tələblərə cavab verəcəkdir. A.Xloponin qeyd etmişdir ki, bu universitetin tərkibində nəinki Rusiyada, həmçinin keçmiş müttəfiq respublikalar məkanında analoqu olmayan dünyəvi İslam institutu fəaliyyət göstərəcəkdir.
A.Xloponin ölkəmizə səfərinin siyasi aspektinə toxunaraq, Rusiya ilə Azərbaycan arasında əlaqələrin möhkəmləndirilməsinin əhəmiyyətini qeyd etmişdir.
A.Xloponin demişdir: "Azərbaycan, sözsüz, Rusiya üçün strateji tərəfdaş, qardaş dövlətdir". Biz həmişə onunla qarşılıqlı münasibətlərimizi gücləndirəcəyik. Əminəm ki, sıx əlaqələr, təhsil, elm sahəsində əməkdaşlıq, iqtisadiyyatın birgə idarə olunması sıx dostluq əlaqələrimizi möhkəmləndirmək üçün atmalı olduğumuz addımlardır".
Görüş BSU tələbələrinin konsert proqramı ilə başa çatmışdır. Konsertdə "Eurovision-2011" mahnı müsabiqəsinin qalibi Eldar Qasımov çıxış etmişdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında