Azərbaycanda mövcud tolerantlıq və din-dövlət münasibətləri bütün Qafqaz üçün örnəkdir

Oktyabrın 5-də Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə Rusiya Federasiyası Hökuməti sədrinin müavini, Rusiya Prezidentinin Şimali Qafqaz Federal Dairəsi üzrə səlahiyyətli nümayəndəsi Aleksandr Xloponin ilə görüşmüşdür.  
QMİ-nin mətbuat xidmətindən bildirmişlər ki, Azərbaycan Respublikasının Prezidenti ilə görüşündən və ölkəmizin iqtisadi, siyasi yüksəlişindən məmnunluğunu ifadə edən A.Xloponin ölkəmizdə din-dövlət münasibətlərinin yüksək səviyyədə olduğunu, dini-mənəvi istiqamətdə böyük işlər görüldüyünü, dövlətin bu sahəyə diqqətini və nümunəvi tolerantlıq mühitinin mövcudluğunu xüsusi vurğulamışdır.
Görüşdə Qafqazda dini-mənəvi sahədə görülən işlər barədə fikir mübadiləsi aparılmışdır. Qonaq Rusiya dövlətinin müsəlman icmalarının fəaliyyətinə yaxından yardım göstərdiyini, bununla belə qarşıda görüləsi işlərin çox olduğunu diqqətə çatdırmışdır. A.Xloponin Azərbaycan Respublikasına rəsmi səfəri çərçivəsində Qafqaz və qafqazlılar üçün çox işlər görmüş tanınmış dini lider adlandırdığı şeyxülislam A.Paşazadə ilə görüşü vacib saydığını bildirmişdir. Rusiya Hökuməti sədrinin müavini Qafqazda mövcud problemlərin həllində QMİ sədrinin dini lider və nüfuzlu şəxsiyyət olaraq faydalı fikir və məsləhətlərinə böyük ehtiyac duyulduğunu xüsusi vurğulamış, belə görüşlərin mütəmadi keçirilməsinin əhəmiyyətini qeyd etmişdir.
A.Xloponin Rusiya Federasiyası rəhbərliyinin və Rusiya patriarxının böyük ehtiram bəslədiyi dini lider A.Paşazadənin bundan sonra da ölkələrimiz arasında dini-mənəvi əlaqələrin genişləndirilməsi, ənənəvi islam dəyərlərinin daha da möhkəmlənməsi, gənclərin mənəvi tərbiyəsi istiqamətində səylərini davam etdirəcəyinə ümidvar olduğunu söyləmişdir.
Şeyxülislam A.Paşazadə hörmətli qonağa Azərbaycanda dini dəyərlərin qorunub saxlanılması istiqamətində dövlətimizin başçısının birbaşa diqqət və qayğısı sayəsində görülən işlər barədə məlumat vermiş, tolerantlığın Azərbaycan cəmiyyətinin və dövlətinin inkişafında oynadığı roldan bəhs etmişdir. Azərbaycan və Rusiya dövlətləri arasında mənəvi əlaqələrin hər zaman inkişaf etdirilməsi zərurətindən söhbət açan QMİ sədri bu yaxınlarda iki ölkənin din xadimləri və ilahiyyatçılarının "Qafqazda ekstremizm ideologiyasının qarşısının alınması" mövzusunda Bakıda keçirilmiş konfrans barədə qonağı məlumatlandırmışdır.
Görüşdə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu və Rusiyanın ölkəmizdəki səfiri Aleksandr Doroxin iştirak etmişlər.
Həmin gün Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam A.Paşazadə Rusiya Federasiyası subyektlərinin rəhbərləri - İnquşetiya Respublikasının başçısı Yunusbek Yevkurov, Kabardin-Balkar Respublikasının prezidenti Arsen Kanokov və Dağıstan Respublikasının Prezidenti Maqomedsalam Maqomedov ilə görüşmüşdür.
Təzəpir məscid-kompleksini ziyarət edən qonaqlar Qafqazın dini liderini səmimi salamlayaraq onunla hər görüşlərini yüksək dəyərləndirdiklərini bildirmişlər.
QMİ sədrinin Qafqaz respublikalarına səfərlərini məmnunluqla xatırladan qonaqlar Rusiya dövləti tərəfindən Şimali Qafqaz müsəlmanlarının mənəvi tələbatlarının daha yüksək səviyyədə ödənilməsi yönündə görülən işlər, habelə nəzərdə tutulan layihələr barədə A.Paşazadə ilə fikir mübadiləsi aparmışlar.
Respublikamızda aparılan geniş quruculuq işləri, siyasi, iqtisadi, sosial sahələrdə tərəqqini yüksək dəyərləndirən qonaqlar Azərbaycanın Qafqaz bölgəsində lider rolu oynadığını xüsusi vurğulamışlar. Bildirilmişdir ki, Azərbaycanda mövcud tolerantlıq və din-dövlət münasibətləri bütün Qafqaz üçün örnəkdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında