Azərbaycanın beynəlxalq təşkilatlarla əməkdaşlığı zamanın tələbləri səviyyəsində qurulur

Prezident İlham Əliyevin Polşa Respublikasına işgüzar səfəri ölkəmizin Avropaya inteqrasiyasının sürətləndirilməsinə xidmət edir

{nl}

Respublikamız öz dövlət müstəqilliyinin 20-ci ilini təntənəli surətdə qeyd etdiyi 2011-ci il ölkəmizin beynəlxalq aləmə inteqrasiyasının daha da genişləndirilməsi üçün atılan mühüm addımlarla yadda qalır. Rəsmi Bakının bütün beynəlxalq təşkilatlarla qarşılıqlı əməkdaşlıq etdiyi artıq dünyanın hər yerində böyük razılıqla qarşılanır. Həmin təşkilatlar sırasında Avropa İttifaqının xüsusi yeri vardır. Hələ 1996-cı il aprel ayının 22-də Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında münasibətlərin hüquqi əsasını təşkil edən Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi imzalanmışdı. Tərəflərin ratifikasiyasından sonra - yəni 1999-cu il iyulun əvvəlindən qüvvəyə minən həmin sənəd ölkəmizin bu qitə miqyaslı təşkilatla əməkdaşlığına start vermiş, Azərbaycanı Avropaya daha da yaxınlaşdırmışdır.
Tərəflər arasında əməkdaşlığı möhkəmləndirmək məqsədi daşıyan Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi siyasi dialoq, insan hüquqları, ticarət, investisiya, iqtisadi, qanunverici, mədəni və digər sahələrdə əməkdaşlığı əhatə edir. Əsas məqsədlərdən biri də Azərbaycan qanunvericiliyinin bu qurumun qanunvericiliyinə uyğunlaşdırılmasıdır ki, bu sahədə atılan addımlar artıq çoxdandır ki, yüksək qiymətləndirilir. Avropa İttifaqı Şurasının Azərbaycan Respublikasını Avropa Qonşuluq Siyasətinə daxil etmək haqqında 14 iyun 2004-cü il tarixli qərarı ilə tərəflər arasında əməkdaşlığın genişləndirilməsi üçün daha bir mühüm addım atılmışdır. Bu qərar Azərbaycanla Avropa ittifaqı arasında tərəfdaşlığın gələcək inkişafı üçün yeni bir mərhələ olmuşdur.
"Azərbaycan Respublikası - Avropa İttifaqı Fəaliyyət Proqramı" adlı sənəd 2006-cı ilin noyabrında Brüsseldə qəbul olunmuş qərara əsasən formalaşmış və özündən əvvəlki iki sənədin icrasını sürətləndirmək üçün zəmin yaratmışdır. Sonralar bu qəbildən olan əməkdaşlıq nümunələri daha da genişlənmiş, ölkəmizin Avropa İttifaqı yanında daimi nümayəndəliyi (2000-ci ildən) fəaliyyətə başlamış, Avropa Komissiyasının Azərbaycan Respublikasındakı Nümayəndəliyi (2008-ci ildən) açılmışdır. Avropa İttifaqı - Azərbaycan Parlamentlərarası Əməkdaşlıq Komitəsinin səkkizinci iclasının Bakıda keçirilməsi (2007-ci ilin sentyabrı) ilə əlaqələr daha da genişlənmişdir. Əlbəttə, bu əməkdaşlıq ümumilikdə çox sahələri əhatə etsə də, daha çox insan hüquqları, cəmiyyətin daha da demokratikləşdirilməsi və ən nəhayət, energetika sahəsində əməkdaşlığa xüsusi önəm verilir. Yeri gəlmişkən, 2011-ci ilin əvvəlində Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında energetika sahəsində əməkdaşlığı genişləndirmək üçün xüsusi müqavilə imzalanmışdır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sentyabrın 28-də Polşa Respublikasına işgüzar səfəri zamanı iştirak etdiyi Avropa İttifaqının "Şərq tərəfdaşlığı" sammiti isə ilk dəfə 2009-cu il mayın 7-də Çexiyanın paytaxtı Praqa şəhərində keçirilmişdir. "Şərq tərəfdaşlığı" proqramını da sammit iştirakçıları məhz Praqada qəbul etmişdilər. Əslində isə "Şərq tərəfdaşlığı" təşəbbüsü hələ 2008-ci ildə İttifaqın Ümumi Məsələlər və Xarici Əlaqələr Şurasında Polşa və İsveç nümayəndələri tərəfindən irəli sürülmüşdür.
İki ildə bir dəfə keçirilən "Şərq tərəfdaşlığı" sammitinin builki gündəliyində dövlət və hökumət başçıları əməkdaşlığın siyasi və iqtisadi aspektlərini, prioritet proqramları, Avropanın maliyyə institutları ilə əməkdaşlığı, viza rejimi və digər məsələləri geniş müzakirə etmişlər. Polşanın Baş naziri Donald Tusk proqramın əhəmiyyəti barədə danışarkən bildirmişdir ki, sammitin əsas məqsədi "Şərq tərəfdaşlığı" ölkələrinin Avropaya inteqrasiyasının sürətləndirilməsi və qarşılıqlı əlaqlərin daha da inkişaf etdirilməsidir.
Bu tədbirin Azərbaycan üçün olan xüsusi əhəmiyyətlərindən biri də o idi ki, dövlət başçımız sammit çərçivəsində bir neçə ikitərəfli görüşlər keçirmiş, regional və tərəflərarası məsələləri geniş müzakirə etmişdir. Azərbaycan Prezidenti cənab İlham Əliyev Moldovanın Baş naziri Vladimir Filat, Gürcüstan Prezidenti Mixeil Saakaşvili, Avropa Komissiyasının vitse-prezidenti xanım Ketrin Eşton, ATƏT-in Minsk qrupunun həmsədrləri, Maltanın Baş naziri Lourens Qonzi və digər rəsmi nümayəndələrlə görüşmüş, çoxsaylı fikir mübadilələri aparmışdır. Bütün görüşlərdə Avropa İttifaqı çərçivəsində davam etdirilən əməkdaşlığın genişləndirilməsi məsələləri ilə yanaşı tərəfləri maraqlandıran ayrı-ayrı problemlər də müzakirə olunmuşdur. Təbii ki, Azərbaycan tərəfi bütün digər məsələlərdən öncə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli şəkildə həll olunması üçün bütün tribunalardan istifadə edir. Azərbaycan Prezidenti Varşavada həm ATƏT-in Minsk qrupunun həmsədrləri ilə, həm də xanım Ketrin Eştonla görüşdə bu məsələnin xüsusi olaraq, əhatəli şəkildə müzakirəsinə nail olmuşdur.
Ümumiyyətlə, dövlət başçımızın digər səfərləri kimi Polşa səfəri də Azərbaycan üçün daha maraqlı olan iki məsələnin müzakirəsi ilə əlamətdar olmuşdur - Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsi üçün aparılan danışıqların sürətləndirilməsi və energetika sahəsində əməkdaşlıq. Prezident İlham Əliyevin bu iki istiqamətdə həyata keçirdiyi tədbirlər özünün yüksək səviyyəli nəticələrini verməkdədir.

{nl}

İttifaq MİRZƏBƏYLİ, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında