Biz Laçına qalib kimi dönəcəyik

Laçının işğalından 18 il keçir. Bu müddətdə laçınlılar bir gün də özlərini Laçınsız təsəvvür etməyiblər. Laçın bizim yurd sevgimizdə, həsrət və mübarizəmizdə yaşayır.
Coğrafi mövqeyinə görə Dağlıq Qarabağla Ermənistan arasında yerləşən Laçın rayonunu mərd və igid övladları tarix boyu göz bəbəyi kimi qorumuş, Azərbaycan torpaqlarına göz dikən, türk və müsəlman qanına susayan ermənilərə həmişə tutarlı cavab vermiş, dəfələrlə onları məğlub edərək geri oturtmuşlar. Hələ 1905, 1918-20-ci illərdə Xosrov və Sultan bəy qardaşlarının rəhbərliyi altında yurdumuzun qəhrəman oğulları Qarabağda, Laçında erməni təcavüzkarlarına ağır zərbələr endirərək müstəqil Azərbaycan dövlətinin ərazi bütövlüyünün qorunmasında, xüsusi qəhrəmanlıqlar göstəmiş, uzun müddət ermənilərin çirkin niyyətlərinin həyata keçirməsinin qarşısını almışlar. Bu gün biz laçınlılar babalarımızın qəhrəmanlığı qarşısında baş əyir, onların keçdiyi şərəfli döyüş yolunu özümüzə örnək bilirik.
1988-ci ildən ermənilərin ölkəmizə təcavüzünün növbəti mərhələsi başlandı. Müharibənin cərəyan etdiyi ilk illərdən laçınlılar eyni vaxtda iki cəbhədə, həm Ermənistan, həm də Dağlıq Qarabağdakı separatçı erməni silahlı qüvvələri ilə mübarizə aparmalı oldular. Rayonumuzun yüzlərlə mərd və qorxmaz övladları yenə də silaha sarılaraq, düz dörd il müddətində düşmənin rayonumuza ayaq basmasına imkan vermədilər.
Tarix boyu ermənilər Laçını "Qarabağın qara qapısı" adlandırırdılar. Laçın həmişə ermənilərin gözündə qorxulu və sehirli bir yer idi. Ermənilər heç xəyallarına gətirə bilməzdilər ki, nə vaxtsa bu yerlərin əhalisini dədə-baba torpaqlarından didərgin sala biləcəklər. Təəssüf ki, bu, 1992-ci ildə hakimiyyətdə olanların səriştəsizliyi və xəyanətkarlığı üzündən baş verdi. Laçın Azərbaycanda siyasi böhranın, hakimiyyətsizliyin, AXC - Müsavat cütlüyünün vəzifə hərisliyinin qurbanı oldu.
Rayonun işğalı nəticəsində 1 şəhər, 1 qəsəbə, 125 kənd, 13745 fərdi yaşayış evi, 48 sənaye, 63 kənd təsərrüfatı obyekti, 109 təhsil, 142 səhiyyə, 217 mədəni-maarif müəssisəsi, 460 ticarət obyekti, 30 rabitə qovşağı erməni vandalları tərəfindən dağıdılaraq yandırıldı. Bütövlükdə, rayonun işğalı ilə əlaqədar əhaliyə dəyən ziyan 7,1 milyard ABŞ dolları təşkil edir.
Çox təəssüf ki, bu itkilərimiz içərisində ən ağırı və əvəzolunmazı rayonumuzun müdafiəsi uğrunda ayağa qalxan igid oğul və qızlarımızdan 267 nəfərinin şəhid olması, 65 nəfərinin isə itkin düşməsi oldu. Doğma Azərbaycanımızın ərazi bütövlüyü uğrunda döyüşlərdə xüsusi qəhrəmanlıq göstərmiş Laçın oğullarından 5 nəfəri Azərbaycan Respublikasının Milli Qəhrəmanı adına layiq görüldü.
1992-ci ilin o ağır günlərini xatırlamaq nə qədər çətin olsa da, bu, bizim yaşadığımız tarixdir. Faciənin ilk günlərində ölkədə hökm sürən anarxiya, hakimiyyətsizlik, eyni zamanda, evini, bütün var-dövlətini, yaxınlarını itirmiş insanlara ögey münasibət laçınlıların ata-baba yurdlarına qayıtmaq, həmçinin yaşamaq ümidlərinə ağır zərbə vurmuşdu. Belə bir ağır zamanda xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyev Azərbaycanda vətəndaş müharibəsinin qarşısını aldı, insanların düşdüyü ağır vəziyyətdən çıxarılması istiqamətində əməli tədbirlər gördü. Bu gün ümummilli lider Heydər Əliyevin ən layiqli davamçısı Prezident İlham Əliyevin laçınlılara diqqət və qayğısı sayəsində sakinlərimizin rifahı və yaşayış şəraiti xeyli yaxşılaşdırılmışdır.
Bu gün hər bir laçınlı nə qədər rahat və firəvan yaşasa da, onun qəlbində bir Laçın həsrəti və şəhidlərimizin ruhu qarşısında bir mənəvi borc hissi də var. Laçının şəhid olan hər bir oğul və qızının əziz xatirəsi bizim qəlbimizdə əbədi yaşayacaqdır. Bu baxımdan biz hesab etdik ki, şəhid olmuş qəhrəman oğul və qızlarımızın adlarına layiq bir xatirə kompleksi inşa edək. 2010-cu ilin ötən dövründə, qısa zamanda belə bir abidənin ucaldılması az da olsa, qəlbimizə bir rahatlıq gətirdi. Laçının işğalının builki ildönümü ərəfəsində - mayın 15-də rayon ictimaiyyəti nümayəndələrinin, başqa yerlərdə yaşayan laçınlı ziyalıların iştirakı ilə kompleksin açılış mərasimi oldu. Bütün şəhidlərimizin ruhu qarşısında baş əydik və onlara rəhmət dilədik. Bundan sonra bu müqəddəs yer bütün laçınlıların əbədi ziyarətgahına çevriləcək.
Həmin gün respublikanın müxtəlif elm, təhsil sahələrində, dövlət idarəetmə və hüquq-mühafizə orqanlarında işləyən laçınlı ziyalılar, iş adamları və ictimaiyyət nümayəndələrinin iştirakı ilə Laçın Rayon İcra Hakimiyyətində işğalın növbəti ildönümü münasibətilə anım mərasimi keçirildi. Bu görüşdə Laçının işğalı və sonrakı illərdə onun əhalisi ilə birlikdə yaşadılması, problemlərin həlli ilə bağlı mühüm məqamlar diqqət mərkəzində oldu.
Bildirildi ki, ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi sosial-iqtisadi inkişaf strategiyasını bu gün Prezident İlham Əliyev uğurla davam etdirir. Azərbaycan regionun lider dövlətinə çevrilmiş, ölkəmizin bütün regionlarında sürətli inkişafa nail olunmuşdur. Respublikamızın iştirakı olmadan regionda heç bir iqtisadi, siyasi layihə və ya təşəbbüsün həyata keçirilməsi mümkün deyil. Möhtərəm Prezidentimizin xüsusi diqqət və qayğısı sayəsində ölkəmizin hər yerində olduğu kimi, rayonumuzda da xeyli işlər görülmüş, məcburi köçkünlərinin yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində bir çox tədbirlər həyata keçirilmişdir.
Son 2 ildə rayon sakinlərinin səyyar qəbullarına daha çox üstünlük verilmiş, problemlərin elə yerindəcə həll olunması üçün lazım olan bütün tədbirlər görülmüşdür. 2008 və 2009-cu illərdə respublikanın 41 rayon və şəhərindəki 326 yaşayış məntəqəsində keçirilmiş belə görüşlər zamanı rayonun 3680 nəfər məcburi köçkünü qəbul edilmiş və onların qaldırdıqları problemlərin 70 faizdən çoxu müsbət həll olunmuşdur.
Ümumilikdə, Bakı, Sumqayıt şəhərlərində, Abşeron rayonunda, Taxtakörpü ərazisində və laçınlı məcburi köçkünlərin sıx məskunlaşdıqları digər yerlərdə rayon sakinlərinin, idarə, müəssisə və təşkilatlarının problemlərinin həlli ilə bağlı 2008-ci ildə 11, 2009-cu ildə isə 12 nazirlik, komitə və digər əlaqədar mərkəzi qurumlarda görüşlər keçirilmiş və əməli nəticələrə nail olunmuşdur.
Son iki ildə laçınlı məcburi köçkünlərin məskunlaşdıqları ərazilərdə 6,8 milyon manat dəyərində abadlıq, tikinti və quraşdırma işləri həyata keçirilmiş, aparılmış məqsədyönlü tədbirlər nəticəsində Taxtakörpü qəsəbəsində Rayon Əhalinin Sosial Müdafiəsi və Məşğulluq mərkəzləri, Dövlət Sosial Müdafiə Fondunun Laçın rayon şöbəsi, "Kapital Bank"ın filialı, 2 ümumtəhsil məktəbi üçün bina tikilib istifadəyə verilmişdir. 2 uşaq bağçasının tikintisində işlər başa çatmaq üzrədir. Polis şöbəsi hər bir şəraitə malik yeni inzibati binaya köçürülmüş, onun keçmiş binası daxili imkanlar hesabına təmir olunaraq Ağcabədi şəhərində və digər yerlərdə uyğun olmayan binalarda fəaliyət göstərən 5 idarə və müəssisənin istifadəsinə verilmişdir. 2008-ci ildən etibarən rayonun bütün icra strukturlarının Taxtakörpü qəsəbəsinə köçürülməsi təmin edilmiş və onlara lazımi iş şəraiti yaradılmışdır.
Ərazidə sahibkarlığın inkişafı üçün yaradılmış şəraitin nəticəsi olaraq Taxtakörpü qəsəbəsində 7 istehsal və emal müəssisəsi istifadəyə verilmiş, burada rayonun 30-dan çox məcburi köçkünü işlə təmin olunmuşdur. Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin yaxından köməkliyi ilə laçınlı məcburi köçkünlərin sıx məskunlaşdığı ərazilərdə 2008-2009-cu illərdə 30-dan çox yol, elektrik təchizatının yaxşılaşdırılması, yataqxana, ümumtəhsil məktəblərinin təmiri və digər icma layihələri həyata keçirilmişdir. 21 müxtəlif güclü transformator, 25 kilometrədək elektrik naqili yenisi ilə əvəz olunmuşdur. Taxtakörpü ərazisindəki Alxaslı və Qarakeçdi obalarında yaxın vaxtlarda modul tipli sutəmizləyici qurğuların quraşdırılmasına başlanılacaqdır. Hazırda Ağcabədi şəhərindən Taxtakörpüyə qaz xəttinin çəkilişi həyata keçirilir. Yaxın vaxtlarda mavi yanacağın sakinlərinmizin istifadəsinə verilməsi nəzərdə tutulur.
Son iki ildə ərazidə 2 park salınmış, 15 mindən artıq ağac və gül kolları əkilmiş, ətraf binalarda yenidənqurma və təmir işləri aparılmışdır. 2009-cu ildən etibarən Taxtakörpü ərazisində 4000 hektar sahədə meliorasiya tədbirlərinin həyata keçirilməsinə başlanılmışdır.
Taxtakörpü qəsəbəsində 552 evin tikintisi ilə bağlı layihələndirmə işləri başa çatdırılmış, ərazidə çiy kərpicdən tikilmiş qamış daxallarda məskunlaşmış 3137 ailə üçün yeni evlərin tikilməsi məqsədilə 627 hektar torpaq sahəsi ayrılmışdır. Bakı və Sumqayıt şəhərlərində məktəb binalarında, hərbi hissələrdə yataqxanalarda məskunlaşmış laçınlı məcburi köçkünlərin də mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması üçün müvafiq tədbirlərin görülməsi nəzərdə tutulmuşdur. Artıq ötən il Bakı şəhərində inşa olunmuş hündürmərtəbəli yaşayış evlərində 30-dək laçınlı məcburi köçkün mənzillə təmin edilmişdir.
Dövlətimiz tərəfindən aqrar sahəyə göstərilən diqqət və qayğının nəticəsi olaraq hazırda rayonun əhali və fermer təsərrüfatlarında iri malın sayı 29342 baş, davarlar isə 196147 baş təşkil edir.2009-cu ildə payız dənli bitkilərin səpilmiş 3026 hektar sahədən 9533 ton məhsul əldə olunmuşdur.
Ötən dövr ərzində rayon üzrə bütün büdcə təşkilatlarında işləyən işçilərin əmək haqları, pensiya, müavinət və digər ödənişlərin 100 faiz plastik kartlarla ödənilməsi təmin edilmişdir. Fərəhləndirici haldır ki, son iki ildə möhtərəm Prezidentimiz tərəfindən 20 nəfərdən çox laçınlı ziyalı respublikamızın yüksək orden, medal və fəxri adlarına layiq görülmüşlər. Bütün bunlar rayon sakinləri arasında onlara olan diqqət və qayğının nəticəsi kimi dəyərləndirilərək, yüksək sevinc və minnətdarlıq hissi ilə qarşılanır.
İlboyu rayon ziyalıları və ağsaqqalları ilə keçirilən mütəmadi görüşlər və müxtəlif tədbirlərlə yanaşı, Ramazan və Qurban bayramlarının geniş şəkildə qeyd edilməsi, Taxtakörpü ərazisindəki fermer və imkanlı şəxslərin yaxından köməkliyi ilə respublikanın müxtəlif bölgələrində məskunlaşmış şəhid və imkansız laçınlı ailələrinə bayram sovqatlarının paylanılması rayondakı ictimai-siyasi duruma öz müsbət təsirini göstərmişdir.
Respublika ərazisinə yağan aramsız yağışlar nəticəsində son həftələrdə Kür çayının səviyyəsi xeyli artmış və çay öz məcrasından çıxaraq mühafizə bəndini bir neçə yerdən yarmaq təhlükəsi yaratmışdı. Bu isə ərazidə məskunlaşan bütün köçkünlərimiz üçün ciddi problemlər yarada bilərdi. Rayon əhalisinin mütəşəkkilliyi sayəsində biz bu təhlükənin qarşısını ala bildik. Hazırda bununla bağlı işlərimiz davam etməkdədir.
Sonda təəssüf hissi ilə qeyd edirəm ki, gənclik illərini yaşadığımız ata-baba torpaqlarımız bu gün işğal altındadır. Lakin hər bir laçınlı qəti əmindir ki, möhtərəm Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin qətiyyətli mövqeyi və ölkə rəhbərliyi ətrafında sıx birliyimiz sayəsində torpaqlarımız düşməndən tezliklə azad ediləcəkdir.

{nl}

Ramiz CƏBRAYILOV, Laçın Rayon İcra Hakimiyyətinin başçısı Fotolar R.SALMANOVUNDUR


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında