"Müstəqil Azərbaycan Respublikasının sığorta-pensiya siyasəti" mövzusunda ümumrespublika elmi-praktik konfransı keçirilmişdir

Gəncə şəhərində Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunmuş "Müstəqil Azərbaycan Respublikasının sığorta-pensiya siyasəti" mövzusunda ümumrespublika elmi-praktik konfransı keçirilmişdir.
Gəncə Şəhər İcra Hakimiyyətinin, Dövlət Sosial Müdafiə Fondunun və Azərbaycan Dövlət Aqrar Universitetinin birgə təşkilatçılığı ilə keçirilən elmi-praktik konfransdan əvvəl DSMF-nin Gəncə şəhər Nizami rayon şöbəsinin yeni binasının açılışı olmuşdur. Bildirilmişdir ki, rayon şöbəsi 20 min 700 nəfər pensiyaçı, 48 min nəfər isə sosial sığorta ödəyicisinə xidmət göstərir. Yeni istifadəyə verilən 2 mərtəbəli, ən müasir avadanlıqlarla təmin edilən bina əhaliyə göstərilən xidmətin keyfiyyətinin daha da yüksəldilməsinə imkan verəcəkdir.
Açılış mərasimində iştirak edən DSMF-nin sədri Səlim Müslümov və Gəncə Şəhər İcra Hakimiyyətinin başcısı Elmar Vəliyev fondun kollektivinə uğurlar arzulamış və daha nümunəvi xidmət göstərməyi tövsiyə etmişlər. Dövlətin bu istiqamətdə apardığı uğurlu siyasətdən söz açaraq indi Azərbaycanın MDB məkanında sığorta-pensiya sahəsində həyata keçirilən islahatlara görə aparıcı yerdə olduğunu qeyd etmişlər.
Azərbaycan Dövlət Aqrar Universitetinin əsas binasında öz işinə başlayan konfransı giriş sözü ilə açan Gəncə Şəhər İcra Hakimiyyətinin başcısı E.Vəliyev 20 ildə Azərbaycanın bütün sahələrdə qazandığı mühüm nailiyyətlər, o cümlədən sığorta-pensiya sahəsindəki son islahatlar barədə ətraflı çıxış etmişdir. Həmçinin ötən müddətdə sığorta-pensiya sahəsində əldə edilən uğurlar barədə məlumatlar verilmişdir.
"Azərbaycan sığorta-pensiya sistemi müstəqilliyimizin mühüm nailiyyətlərindən biridir" mövzusunda məruzə ilə çıxış edən DSMF sədri, iqtisad elmləri doktoru, professor S.Müslümov bildirmişdir ki, "Azərbaycanın inkişaf modeli onun sosial-iqtisadi həyatının əsas mərhələlərinin təsiri ilə formalaşmış, dövlət quruculuğu fəlsəfəsinin başlıca elementlərindən biri kimi meydana gəlmişdir. Ölkəmizin müstəqilliyinin 20 ilini müvəffəqiyyətlə başa vurmasını şərtləndirən bu modelin uğurlu nəticələri ümumilli liderimiz Heydər Əliyevin milli inkişaf strategiyasının və onun icrası sahəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyata keçirdiyi islahatların alternativsiz olduğunu bir daha təsdiqləyir". O vurğulamışdır ki, ulu öndər Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə hazırlanaraq ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş müstəqil Azərbaycanın ilk Konstitusiyasında sosial dövlət konsepsiyası öz əksini tapmış, fəaliyyətin son nəticəsi kimi Azərbaycan dövlətinin hər bir vətəndaşının rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısına qalması ən yüksək səviyyədə bəyan edilmişdir.
Bu baxımdan Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsi ili olan 1995-ci ili ciddi islahatların həyata keçirilməsinin başlanğıc nöqtəsi də adlandırmaq olar. Elə həmin ildə beş ildən artıq davam edən geriləmə prosesinin qarşısı tam alınmış və sabit inkişaf istiqamətində dönüşün yaranmasına nail olunmuşdur. Xüsusilə, əhalinin gəlirlərinin, pensiya və müavinətlərin ödənilməsi və digər sosial ödənişlər üzrə xərclərin artımı davamlı xarakter almış, bu sahədə köklü dəyişikliklər baş vermişdir. 1995-2003-cü illərdə ölkədə orta aylıq real əmək haqqı 5,1 dəfə, orta aylıq nominal əmək haqqı 6 dəfə, pensiya və müavinətlərin orta aylıq məbləği isə 7,2 dəfədən çox artmışdır.
S.Müslümov nəzərə çatdırmışdır ki, Azərbaycan iqtisadiyyatının dirçəlməsi istiqamətində qurulmuş möhkəm təməl 2003-cü ildən sonrakı dövrdə də ölkə həyatında mühüm rol oynamış, sabit və ardıcıl inkişafın sosial rifahın yaxşılaşdırılmasına yönəldilməsinin Azərbaycan dövlətinin sosial-iqtisadi siyasətinin başlıca məqsədi səviyyəsinə qaldırmağa imkan vermişdir. Bu dövrdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə qısa müddətdə çox ciddi iqtisadi islahatların aparılmasının məntiqi nəticəsi kimi ölkəmizdə beynəlxalq standartlara uyğun yeni sığorta-pensiya sistemi təşəkkül tapmışdır. Yeni sığorta-pensiya sistemində pensiyaların artırılması mexanizminin bazar iqtisadiyyatının tələblərinə uyğun şəkildə dəyişdirilməsi mövcud maliyyə imkanlarının bütün pensiyaçılar arasında ədalətli bölgüsünə imkan vermişdir. Bu mexanizm çərçivəsində ölkəmizdə ilk dəfə olaraq istehlak qiymətləri indeksinin illik səviyyəsinə, yəni inflyasiyaya uyğun indeksləşdirmə aparılmağa başlanmışdır.
Ötən 5 ildə Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaşa görə əmək pensiyasının baza hissəsinin artırılması ilə bağlı 7, sığorta hissəsinin artırılması ilə bağlı 5 sərəncam verilmişdir. Nəticədə, yeni sistem fəaliyyətə başladığı dövrdən indiyədək əmək pensiyalarının minimum məbləği 3,4 dəfə, orta aylıq məbləği isə 4 dəfə artmışdır: "Cari ilin 1 iyulundan əvvəlki sistemlə təyin olunmuş pensiyaların yenidən hesablanması nəticəsində 900 min nəfərə yaxın əmək pensiyaçısının pensiyası orta hesabla 40 faiz artırılmışdır. Bununla da bütün pensiyaçılar yoxsulluq səviyyəsindən yuxarı olan pensiya almağa başlamışlar. Eyni zamanda, 25 il elmi-pedaqoji fəaliyyət göstərmiş və işləməyən elmlər doktorunun pensiyasına 200 manat, elmlər namizədinin pensiyasına isə 120 manat əlavə edilmişdir ki, bununla da həmin şəxslərin pensiyasının məbləği işləyərkən aldıqları əmək haqqına çatdırılmışdır. Pensiya sistemində köklü islahatlar aparmış əksər inkişaf etmiş ölkələrdə belə əvvəlki sistemin iştirakçılarının yeni şəraitə inteqrasiyasının hələ də problem olaraq qaldığı bir şəraitdə, ölkəmizdə bu prosesin tam gerçəkləşdirilməsi qeyd olunan sahədə əsl nümunədir".
Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru, iqtisad elmləri doktoru, professor Mirdamət Sadıqov "Regional səviyyədə sığorta-pensiya sisteminin səmərəli təşkili: problemlər və vəzifələr" mövzusunda məruzə ilə çıxış etmiş, Milli Məclisin İqtisadi siyasət daimi komitəsinin sədri, akademik Ziyad Səmədzadə bütövlükdə Azərbaycan iqtisadiyyatında əldə edilən nailiyyətlərdən danışaraq bugünkü uğurların mərkəzində məhz prezident İlham Əliyevin radikal islahatçılığının dayanmasını vurğulamışdır.
Konfransda DSMF-nin Gəncə şəhər Nizami rayon şöbəsinin müdiri Nizami Əhmədov, Azərbaycan Texnologiya Universitetinin inzibati idarəetmə kafedrasının müdiri, iqtisad elmləri doktoru, professor F.Məmmədov çıxış etmişlər. Sonda konfrans iştirakçılarını maraqlandıran suallar cavablandırılmışdır.

{nl}

Zərifə BƏŞİRQIZI, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında