Bakının 2020-ci il Olimpiya Oyunları keçirilməsinə namizədliyinin irəli sürülməsi üzrə təşkilat komitəsinin birinci iclası olmuşdur

Oktyabrın 3-də Nazirlər Kabinetində Bakının 2020-ci ilin Yay Olimpiya Oyunlarını keçirmək üçün namizədliyinin irəli sürülməsi ilə bağlı tədbirlərin həyata keçirilməsi üzrə Təşkilat Komitəsinin ilk iclası olmuşdur.
Baş nazirin birinci müavini Yaqub Eyyubovun sədrliyi ilə keçən iclasda Təşkilat Komitəsinin üzvləri - nazirliklərin rəhbərləri, idman federasiyalarının başçıları, Olimpiya çempionları iştirak etmişdir.
İclasda çıxış edən Yaqub Eyyubov Prezident İlham Əliyevin bu il sentyabrın 8-də imzaladığı "Bakı şəhərinin 2020-ci ilin Yay Olimpiya Oyunlarını keçirmək üçün namizədliyinin irəli sürülməsi ilə bağlı tədbirlərin həyata keçirilməsi üzrə Təşkilat Komitəsinin yaradılması barədə" Sərəncamı görüş iştirakçılarına xatırladaraq qeyd etmişdir ki, ölkəmizin namizədliyinin artıq ikinci dəfə irəli sürülməsi onun iqtisadiyyatının yüksək sürətlə inkişaf etməsinin göstəricisidir və Azərbaycanın dünyada nüfuzunun artmasına təsir edir.
Onun sözlərinə görə, Azərbaycan ilk dəfə 2016-cı il Olimpiya Oyunlarının keçirilməsinə öz namizədliyini irəli sürəndən sonra bu sahədə böyük təcrübə toplamışdır və Komissiya öz işində bu təcrübədən istifadə edəcəkdir. Y.Eyyubov budəfəki komissiyanın tərkibinə nazirlər və komitə sədrləri ilə yanaşı, respublikamızın müstəqillik illərində yüksək idman titulu qazanmış Olimpiya çempionlarının da daxil edilməsini rəmzi fakt adlandırmışdır.
Sonra gənclər və idman naziri Azad Rəhimov çıxış etmişdir. O, bundan əvvəlki müraciətdən sonra qazanılmış təcrübə barədə ətraflı məlumat vermişdir. Nazir Beynəlxalq Olimpiya Komitəsi (BOK) tərəfindən bəyənilmiş müsbət məqamları qeyd edərək demişdir ki, bu təşkilat Azərbaycan dövlətinin bu məsələni dəstəkləməsini xüsusi vurğulamışdır. Bununla bərabər, BOK nümayəndələrinin fikrincə, fəaliyyətdə olan idman obyektlərinin sayının az olması, infrastrukturun zəif inkişaf etməsi mənfi amillərdir. Nazirin sözlərinə görə, ötən dövr ərzində bu istiqamətdə böyük iş görülmüşdür. 60 min tamaşaçı yeri olan Olimpiya stadionunun təməli qoyulmuş, bir neçə idman kompleksi inşa edilmişdir, üzgüçülük kompleksinin tikintisi planlaşdırılır. İnfrastruktur sahəsində sanballı işlər görülmüşdür: yollar, keçidlər, mehmanxanalar tikilmişdir.
Azad Rəhimov bildirmişdir ki, bu gün qarşıda duran birinci dərəcəli məsələ beynəlxalq olimpiya komitəsinə təqdim edilmək üçün sifariş kitabının hazırlanmasıdır. Azərbaycan belə bir nəşri Almaniya şirkətinə sifariş vermişdir. Nazir qeyd etmişdir ki, hazırda bu məsələ ilə əlaqədar bir Amerika şirkəti ilə danışıqlar aparılır. Həmin şirkət Rusiya üçün sifariş kitabı hazırlamış və 2014-cü il qış Olimpiya oyunlarının paytaxtı seçilərkən Rusiya bu sifariş kitabını təqdim edərək qalib gəlmişdir.
Nazir ümid etdiyini bildirmişdir ki, bu dəfə Bakının namizədliyi şört-siyahıya düşəcək və Azərbaycan paytaxtı 2020-ci il Olimpiya oyunlarının keçirilməsinə namizəd olacaqdır. O, qeyd etmişdir ki, ölkəmizin 2020-ci il Olimpiya oyunlarını qəbul etmək üçün yaxşı şansı vardır və bu məsələdə Bakının əsas rəqibi İstanbuldur.
Komissiyanın üzvü, güləş üzrə olimpiya çempionu Fərid Mansurov Bakının namizədliyinin təbliğ olunması üçün xüsusi kitab hazırlanmasını, xarici ölkələrdə keçirilən çoxsaylı yarışlarda bizim idmançıların həmin kitabı paylamalarını təklif etmişdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında