Vyanada "Azərbaycan gömrüyü mədəni irsin keşiyində" adlı sərgi açılmışdır

Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi BMT-nin Vyana bölməsində cinayətkarlığın qarşısının alınması və cinayət ədliyyəsi komissiyasının mayın 17-dən öz işinə başlamış və 21-dək davam edəcək 19-cu sessiyası çərçivəsində "Azərbaycan gömrüyü mədəni irsin keşiyində" adlı sərgi təşkil etmişdir.
Sərginin açılışında Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev, Azərbaycanın Avstriyadakı səfiri və BMT-nin Vyana bölməsi yanında daimi nümayəndəsi Fuad İsmayılov, BMT-nin mütəşəkkil cinayətkarlıq və qanunsuz dövriyyəyə qarşı mübarizə üzrə sektorunun rəisi Con Sandiç çıxış etmişlər.
Mayın 17-dən 19-dək BMT-nin Vyana bölməsinin Rotunda salonunda keçirilən sərgidə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin müsadirə etdiyi incəsənət əsərləri, əlyazmalar, qədim kitablar, numizmatika nümunələri, xalçalar və s. nümayiş etdirilir. Sərginin məqsədi Azərbaycanda gömrük sərhədindən qeyri-qanuni yollarla keçirilən zaman saxlanılmış tarixi-mədəni nümunələri nümayiş etdirmək və ölkəmizdə mədəni irsin qorunması sahəsində görülən işlər barədə məlumat verməkdir.
A.Əliyev bildirmişdir ki, Dövlət Gömrük Komitəsi, eyni zamanda, elmi-tədqiqat layihələrini də yaxından dəstəkləyir. Belə ki, Azərbaycan Respublikasının Milli Elmlər Akademiyası ilə qədim İpək Yolunun fəaliyyət göstərdiyi dövrlərdən indiyədək Azərbaycan gömrüyünün tarixinə dair birgə araşdırmalar aparılır, sənədli filmlər, kitablar hazırlanır.
Qeyd edilmişdir ki, Gömrük Komitəsi nəzdində həm də muzeylər fəaliyyət göstərir. Azərbaycan gömrük orqanlarının təşəkkülü və inkişafında böyük xidmətləri olmuş ümummilli lider Heydər Əliyev adına muzey, gömrük orqanlarının tarixinə dair muzey və müsadirə edilmiş incəsənət əsərlərindən ibarət muzeyin eksponatları indiyədək Belçika, İsveçrə, Vatikan və Rusiya Federasiyasında nümayiş etdirilmişdir.
Bildirilmişdir ki, Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin Ermənistan tərəfindən işğal altında saxlanılması nəticəsində Azərbaycan həmin əraziyə nəzarət edə və müvafiq gömrük xidmətini həyata keçirə bilmir. Dağlıq Qarabağ ərazisindəki mədəniyyət abidələri məhv edilir, ya da qeyri-qanuni olaraq xarici ölkələrə aparılır.
A.Əliyev nümayiş etdirilən eksponatların təkcə Azərbaycanın deyil, eyni zamanda, dünya mədəniyyət irsinin xilas edilmiş nümunələri olduğunu qeyd etmiş və bu sərginin Azərbaycanın dünya mədəni irsinin qorunmasına verdiyi töhfəyə sübut olduğunu vurğulamışdır.
Sərgi zamanı qonaqlar tanınmış bəstəkar və pianoçu Vüqar Camalzadənin ifasında Azərbaycan milli musiqi parçalarını dinləmiş, milli mətbəx nümunələri ilə bəzədilmiş süfrəyə dəvət edilmişlər.

{nl}

Elgün NİFTƏLİYEV, AzərTAc-ın xüsusi müxbiri
Vyana


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında