Qışın sərt keçəcəyi söylənilsə də...

Şəkidə payız-qış mövsümünə hazırlıq görənlər heç nədən ehtiyatlanmırlar
Xalqın min illərin müşahidələri nəticəsində söylədiyi fikirlərin özünü doğrultmasının da elə min dəfələrlə şahidi olmuşuq. Yayı çox isti keçmiş illərin qışının da sərt olacağı barədə verilən proqnozlar özünü neçə dəfə doğruldub. "Qışın ab-havası hələ payızdan bəlli idi" - ifadəsi də el məsəlləri arasında ən çox işlədilənlərdəndir. Nə vaxtsa oxuduğum misraları xatırlayıram:
"Mən belə gözləmirdim,
Yaddaşa toz-pas qonur,
saça qəfil dən düşür.
Təbiətdə qayda var,
yay çox isti keçəndə
payız qəfildən düşür".
Maraqlıdır ki, insan özü öz həyatındakı payızın, qışın gec-tez gələcəyini bilsə də, bu fəsillər üçün heç bir hazırlıq işi görə bilmir. Ancaq cəmiyyətin həyatında belə deyil. Cəmiyyətin payızına, qışına mükəmməl bir hazırlıq kampaniyası aparılır. Özü də elə bir kampaniya ki, cəmiyyət həyatının bütün sahələrində onun nəticələrini görürük.
Şəkidə isə bu məsələ bir az da məsuliyyətli və genişmiqyaslı şəkildə öz həllini tapır. Çünki dünya görmüş şəkililərdən dəfələrlə eşitmişik ki, oktyabrın 10-da, 12-də bu rayonda qalın qar yağıb və ağaclar hələ yarpaqlı olduğuna görə barlı-bəhərli budaqlar sınıb tökülüb yerə. Qələm dostum Akif Salam danışır ki, 30-32 il əvvəlin söhbətidir, hələ almanı, armudu dərməmişdik. Oktyabrın ortaları idi. Gecələrin birində elə qar yağdı ki, ağacların əksəriyyəti sınıb töküldü. Sınmayan ağaclardakı meyvələr isə qar yağandan sonrakı gecə ayazdan donub gərəksiz hala düşdü. Yəni buralarda təbiətin istisi kimi soyuğu da çox qəfildən adamın başının üstünü kəsdirir. Ona görə də gərək payıza, qışa xeyli əvvəldən hazırlaşasan.
Görünür, elə buna görədir ki, şəhər icra hakimiyyətinin gündəliyində payız-qış mövsümlərinə hazırlıq məsələsi daim diqqət mərkəzində olur. Həm icra hakimiyyətinin özündə bu məsələ ilə bağlı tədbirlər planı hazırlanıb təsdiq olunur, həm də ayrı-ayrı idarə və müəssisələr görəcəkləri işləri müəyyənləşdirirlər. Bütün planların icrasına isə bilavasitə rayon rəhbərliyi nəzarət edir. Bəzən rayonlarda "payız-qış mövsümünə hazırlıq" məsələsi deyəndə belə qəbul edirlər ki, yanacaq (əsasən təbii qaz) və elektrik enerjisi daim verilirsə, deməli, qışa hazırlıq görülüb. Şəkidə isə belə deyil. Qaz və elektrik enerjisinin verilməsini təmin etməklə yanaşı, kommunal təsərrüfatında, yol istismarı idarəsində, səhiyyə, təhsil, rabitə, nəqliyyat xidmətlərində, meşələrin mühafizəsi və bərpası müəssisəsində və ümumiyyətlə, rayon həyatının bütün sahələrində əhatəli şəkildə qışa hazırlıq tədbirləri həyata keçirilir. Onlardan bəziləri barədə bu yazıda qısa da olsa, söz açmaq istəyirik.
Şəki Elektrik Şəkəbəsinin rəisi İntiqam Bağırov payız-qış mövsümünə hazırlıqla bağlı həyata keçirilən tədbirlər barədə söz açarkən dedi ki, xidmət etdiyimiz ərazidə gücünə görə bir-birindən çox fərqli olan 1055 transformator yarımstansiyaları var. Ötürücü hava xətlərimizin uzunluğu isə on üç min kilometrə qədərdir. Ona görə də cari təmirə daim ehtiyac olur. Bu il 50-yə qədər köhnə dayaq dirəkləri dəyişdirilib, 30 transformator təmir edilərək yenidən quraşdırılıb.
Elektrik itkisinin qarşısını almaq və istifadə olunmuş enerjinin haqqını toplamaq üçün həyata keçirilən tədbirlərdən ən səmərəlisi abunəçilər üçün daha müasir sayğacların quraşdırılmasıdır. Təkcə bu il 1300-ə yaxın sayğac quraşdırmışıq. Bütün bu işləri reallaşdırmaq üçün177 min manata qədər vəsait xərclənib.
Bu gün Şəkinin elə bir kəndi, elə bir yaşayış məntəqəsi yoxdur ki, orada dayanıqlı elektrik enerjisinin verilməsi üçün hansısa tədbir həyata keçirilməsin. Bütün bunların nəticəsində payız-qış mövsümündə sakinlərə və ictimai obyektlərə elektrik enerjisinin verilməsində heç bir problem olmayacaq. Xüsusən, səhiyyə və təhsil müəssisələrinə elektrik enerjisinin verilməsini təmin edən avadanlıqların saz vəziyyətdə saxlanılması daim diqqət mərkəzindədir. Həm Azərenerjidən, həm də şəhər icra hakimiyyətinin başçısı Elxan Usubovdan gördüyümüz qayğı və dəstək nəticəsində payız-qış mövsümünə dövlətin tələb etdiyi səviyyədə hazırlaşmışıq. Doğrudur, bəzən təbii fəlakətlər, ekstremal hallar da baş verir. Ancaq bu hadisələr dünyanın hər yerində qeydə alınır. Buna baxmayaraq, biz istənilən təbiət hadisəsinin fəsadlarını operativ şəkildə aradan qaldırmaq üçün lazım olan bütün hazırlıq işlərini görmüşük.
Rayonun qaz təsərrüfatında həyata keçirilən tədbirlərə gəlincə deməliyik ki, bu il rayonun Aşağı Künküt kəndində 6000, Oxud kəndində isə 3000 metr daşıyıcı və kənddaxili müxtəlif diametrli qaz kəmərləri təmir olunaraq sakinlərin istifadəsinə verilib. Oxud kəndi qazla təmin olunmazdan əvvəl Kiş çayının yatağından keçən 300 metrlik yararsız kəmər yenidən çəkilib. Şəhərin Sabit Rəhman, Sabir, A.Əfəndiyev küçələrində ümumilikdə 525 metr qaz xətti yenilənib. Yeni qaz çəkilən mənzillərlə yanaşı, əvvəllər qazdan istifadə etmiş mənzillərə-ümumilikdə 680dən çox ünvana qaz verilməsi təmin olunub. 2 min 200-dən çox mənzilin daxilindəki sayğaclar küçə xəttinə çıxarılıb. Təbii ki, bu zaman sayğacların hamısı yeniləri ilə əvəz olunub.
Payız-qış mövsümündə Aşağı-Küngüt kəndinin qaz təminatının yaxşılaşdırılması üçün uzunluğu 4500 metr olan 89 millimetrlik İbrahimkənd - Aşağı Küngüt daşıyıcı dairəvi qaz kəmərinin bərpası işləri davam etdirilir. Bununla belə Öyrət kəninin qaz kəmərinin bu il istifadəyə veriləcək Cəfərabad-Şəki daşıyıcı qaz xəttinə qoşulması üçün üç kilometrlik yeraltı polietilen borunun çəkilməsi də başa çatmaq üzrədir.
Ümumiyyətlə, həm sadaladığım bu tədbirlər, həm də qeyd etmədiyim, il boyu həyata keçirilən çoxsaylı tədbirlər belə deməyə əsas verir ki, bu ilki payız-qış mövsümündə Şəki Qaz İstismar İdarəsinin heç bir problemi olmayacaq. Heç bir problem olmayacaqsa, deməli, sakinlərə də heç bir problem yaşatmayacaqlar.
Şəki Kommunal Təsərrüfatı İstismar Birliyinin direktoru Məhəmməd Səfərovla şəhəri gəzirik. Öncə bu qurumun payız-qış mövsümünə hazırlığı təmin etmək üçün hazırladığı tədbirlər planından söz açır. Bildirir ki, təşkilatımız şəhərdə ilin bütün fəsillərinə uyğun müxtəlif növ kommunal xidmətlərini yerinə yetirir. Ancaq məlum səbəbdən daha çox payız-qış mövsümündə görüləcək işlərə diqqət ayırırıq. Ona görə də daim xüsusi tədbirlər planımız tərtib və təsdiq olunur. Planda nəzərdə tutulan bütün məsələlər ardıcıllıqla öz həllini tapır. Xidmətimizdə olan avtomobillərin qış mövsümündə təhlükəsiz hərəkətini təmin etmək üçün kifayət qədər ehtiyat hissələri və yardımçı avadanlıq əldə edilib.
Qışda şəhərin müxtəlif ünvanlarında - 20 Yanvar küçəsi, Heydər Əliyev prospekti, Rəsulzadə prospekti, Aydın Məmmədov, Bağbanlar, Mikayıl Müşfiq və Fətəli xan Xoyski küçələrində qar-buz örtüyünün təmizlənməsi üçün kifayət qədər qum, duz və kəpək qarışığının səpilməsi lazım olur. Həmin prosesə biz indidən hazırlıq görmüşük. Belə ki, qeyd olunan məqsədlə istifadə etmək üçün 13 ton duz, 50 kubmetr qum alınıb və daha 10 ton duz sifariş verilib. Əlbəttə, biz ərazimizdə olan bütün insanlara yay və ya qış mövsümündən asılı olmayaraq daim nümunəvi xidmət etməliyik. Ancaq payız-qış mövsümü bizim məsuliyyətimizi daha da artırır. Çünki istənilən dövlət qurumunun vəzifəsi insana xidmət etməkdir. Əgər bu iş tapşırılıbsa, biz də onu dövlətin tələb etdiyi səviyyədə həyata keçirəcəyik.
Şəki Meşə Mühafizəsi və Bərpası müəssisəsi də qış mövsümü ilə əlaqədar özünəməxsus tədbirlər həyata keçirir. Nazirliyin Meşələrin İnkişafı Departamentinin tövsiyələri əsasında tərtib olunmuş "Tədbirlər planı" əsas istiqamət kimi götürülür. Müəssisədə bildirilir ki, adı çəkilən departamentin əmri əsasında builki payız-qış mövsümü üçün 1.179 kubmetr odun yanacağı hazırlığı nəzərdə tutulub. Qurumuş ağaclardan və tör-töküntüdən tədarük ediləcək bu qədər odun yanacağının 300 kubmetrinin hərbi hissələrə, 50 kubmetrinin şəhid və əlil ailələrinə, 20 kubmetrinin internat məktəblərinə, 209 kubmetrinin isə əhaliyə verilməsi planlaşdırılır. Direktor əlavə etdi ki, oduncaq satışı Şəki Şəhər İcra Hakimiyyətinin bölgüsü əsasında həyata keçirilir. Adıçəkilən bölgünün 80 faizi artıq yerinə yetirilib. Doğrudur, respublikanın digər rayonları kimi Şəkidə də yaşayış məntəqələrinin qazlaşdırılması prosesi başa çatmaq üzrədir. Ancaq odun yanacağına ehtiyac hələ də qalmaqdadır və qışa hazırlıq prosesində bu ehtiyacın ödənilməsi də mühüm tapşırıq kimi qarşıda durur.
Bu da bir həqiqətdir ki, yuxarıda adını çəkdiyimiz qurumların hamısı öz üzərinə düşən vəzifəni layiqincə yerinə yetirsə belə, sərt qışın yolları bağladığı zaman həyat qısa müddətə olsa da iflic vəziyyətinə düşür. Ona görə də Şəkidən qışa hazırlıqla bağlı qələmə aldığımız yazıda "Azəravtoservis" Açıq Səhmdar Cəmiyyəti Şəki 15 saylı Yol İstimar İdarəsinin fəaliyyəti barədə də qısa məlumat verməyi məqsədəuyğun saydıq. İdarənin rəisi Şahin İbadov qeyd etdi ki, bu qurum uzunluğu 441 kilometr olan avtomobil yollarına xidmət edir. Həmin yolların 343 kilometri yerli, qalanı isə respublika əhəmiyyətli yollardır. Əsas vəzifəmiz avtomobil yollarında nəqliyyatın fasiləsiz hərəkətini təmin etməkdir. Yaz, yay aylarında yollarda cari təmir işləri aparılır. Qışda isə hərəkətin fasiləsiz və təhlükəsiz davam etdirilməsi üçün işimiz daim çox olur. Hazırda 15 saylı Yol İstismar İdarəsi Şək-Aşağı Göynük-Şin avtomobil yolunun yenidən asfaltlaşdırılması işinə başlayıb. Bu yolun ümumi uzunluğu 30 kilometr olacaq. Hələlik cəmi 2 kilometri hazırdır. Qışda bu yola səpmək üçün qum və duz hazırlanır. Hazırda 10 ton duz və 500 kubmetr qum ehtiyatımız var. İdarənin maşın və mexanizmləri saz vəziyyətdədir. Qışa hazırlıq məqsədiylə 2 avtoqreyder, 3 ekskavator və 10 yükünü özüboşaldan maşın tam işlək vəziyyətdə saxlanılır. Bütün bu işləri yerinə yetirən xidmət işçilərinin özlərinin də qışdakı fəaliyyətini təmin etmək üçün müəyyən hazırlıq görülüb. Fəhlələrə və sürücülərə isti paltar və əlcəklər, yarımçəkmələr və digər zəruri vasitələr alınıb.
Bax belə. Şəki qışa hazırlaşır. Qış isə əvvəlcə qayalı dağlara gəlir, sonra isə "ağsaqqal" ahəngi ilə, asta-asta düşür üzü meşələrə sarı, sonra kəndlərə və şəhərlərə doğru. Hələ sentyabrın 20-də Böyük Qafqazın Şəkidən yuxarıda görünən hissəsinə qar yağmışdı. Deyəsən Şəki qışı ən tez qarşılayan bölgələrimizdən olacaq. Qoy olsun. Onsuz da şəkililər qara da, soyuğa da hazırdırlar...

{nl}

İlqar HƏSƏNOV, "Xalq qəzeti"nin bölgə müxbiri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında