Şriftin ölçüsü:
02.10.2011 00:25 | Oxunma sayı: 445
Ölkəmiz, xalqımız dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünü yüksək nailiyyətlərlə, əsl bayram təntənəsi ilə qeyd edir. Bu da təsadüfi deyil. Çünki müstəqil Azərbaycanın memarı və qurucusu, ümummilli liderimiz Heydər Əliyevin işləyib hazırladığı inkişaf konsepsiyası uzun illərdir ki, dövlətçiliyimizin möhkəmlənməsinə, xalqımızın əbədi firavanlığının təminatına xidmət edir. Dövlət müstəqilliyini Azərbaycanın ən böyük neməti adlandıran ulu öndər bu müstəqilliyin əbədi və dönməz xarakter alması üçün əlindən gələni edirdi. Heydər Əliyev kimi bir dühanın əsasını qoyduğu sosial islahatlar kursunun ulu öndərin layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi nəticəsində bu gün Azərbaycan dünyanın ən dinamik inkişaf edən bir ölkəsinə çevrilmişdir.
Xalqa, Vətənə xidməti ümummilli lider Heydər Əliyevdən öyrənmiş praqmatik siyasətçi İlham Əliyev Azərbaycanın beynəlxalq nüfuzunun və iqtisadi qüdrətinin daha da artırılması üçün bütün mümkün vasitələrdən istifadə edir. "Mən bütün azərbaycanlıların Prezidenti olacağam" deyən İlham Əliyev bununla, həm də xalqına sədaqət andı içmişdir. Dövlət başçısı bu anda sadiqliyini nümayiş etdirərək ölkənin hər bir bölgəsinə, əhalinin sosial problemlərinin həllinə qayğı və diqqətlə yanaşır. Məhz bütün bunların nəticəsidir ki, Azərbaycan regionun ən qüdrətli bir dövləti kimi tanınır.
Ölkəmizin bütün regionları kimi, paytaxtın Nizami rayonu da getdikcə inkişaf edir, çiçəklənir. Burada həyata keçirilən geniş miqyaslı abadlıq-quruculuq işləri və yaşıllaşdırma tədbirləri ulu Nizami Gəncəvinin adını daşıyan bu rayona xüsusi gözəllik verir, adamı valeh edir. Təsadüfi deyil ki, indi Nizami rayonu paytaxtın ən abad, ən yaraşıqlı bir guşəsinə çevrilmişdir. Rayon sakinlərinin sosial problemləri vaxtında aradan qaldırılmaqla yanaşı, onların asudə vaxtlarının səmərəli keçirilməsi üçün də hər cür şərait yaradılmışdır. Belə ki, rayon ərazisindəki park və xiyabanlar, necə deyərlər, adamın üzünə gülür, sakinlərdə sabaha inamı artırır. Ulu öndərimizin adını daşıyan park isə hazırda təkcə rayon sakinlərinin deyil, qonaqların da ən sevimli istirahət guşəsinə çevrilmişdir. İndi rayon ərazisində müasir və rahat yola, lazımi infrastruktura malik olmayan əraziyə, demək olar ki, rast gəlinmir.
Artıq rayonun bütün təhsil və səhiyyə ocaqları günün tələbləri səviyyəsində tam təmir olunmuş, bu obyektlər gələcəyimizə, sağlamlığımıza uğurla xidmət edir. Əhalinin qaz, elektrik enerjisi və içməli su ilə təminatı da yüksək səviyyədədir. Dövlət başçımız, möhtərəm Prezidentimiz İlham Əliyevin bilavasitə diqqət və qayğısının nəticəsi olan bütün bu işlər sakinlər tərəfindən dərin razılıq hissi ilə qarşılanır.
Yeri gəlmişkən, mən bir məsələni də xüsusi qeyd etmək istəyirəm. Ulu öndərimiz Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi dövrlərdə kadrların seçilib yerləşdirilməsinə son dərəcə həssaslıqla və diqqətlə yanaşırdı. Heydər Əliyevin komandasında tənbəl, bacarıqsız kadra yer yox idi. Sevindirici haldır ki, bu tendensiya hazırda da davam edir. Azərbaycanın bugünkü uğurlu inkişafının ən mühüm səbəblərindən biri də məhz möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən həyata keçirilən düzgün kadr siyasəti ilə bağlıdır. Təsadüfi deyil ki, Prezident İlham Əliyev vətəndaşların problemlərinin həllinə qayğı və diqqətlə yanaşmağı məmurların qarşısında mühüm bir vəzifə kimi qoymuşdur. Dövlət başçımız dəfələrlə bəyan etmişdir ki, məmurlar vətəndaşları incitməməli, onların problemlərini həll etməlidirlər.
Hazırda möhtərəm Prezidentimizin müəyyənləşdirdiyi daxili siyasəti uğurla icra edən məmurlardan biri də Nizami Rayon İcra Hakimiyyətinin başçısı Tahir Budaqovdur. Məhz onun diqqət və qayğısı sayəsində rayon sakinlərinin üzləşdikləri problemlər, çətinliklər vaxtlı-vaxtında aradan qaldırılır. Onu da deyim ki, vətəndaşların qəbulunu və onlara lazımi diqqət göstərilməsini öz fəaliyyətinin mühüm istiqamətlərindən hesab edən Tahir Budaqov az müddətdə hamının dərin rəğbətini qazana bilmişdir. Mən sırf bir təsadüf nəticəsində Tahir müəllimin qəbulunda olarkən bütün bunların bir daha şahidi oldum. Fürsətdən istifadə edib ölkədə apardığı uğurlu kadr islahatına və Tahir Budaqovu Nizami rayonuna başçı təyin etdiyinə görə möhtərəm Prezidentimiz cənab İlham Əliyevə bütün sakinlər adından minnətdarlığımı çatdırıram.
{nl}
Hidayət RÜSTƏMBƏYLİ, "Advokat" vəkil qurumunun rəhbəri
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.