Şriftin ölçüsü:
02.10.2011 00:23 | Oxunma sayı: 416
Son illər ölkədə regionların sosial-iqtisadi inkişafı getdikcə sürətlənir, bölgələrdə mühüm infrastruktur layihələri həyata keçirilir. Ölkə Prezidenti İlham Əliyevin 2009-cu il aprelin 14-də imzaladığı "Azərbaycan Respublikasının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" çərçivəsində həyata keçirilən tədbirlər ölkənin şəhər və rayonlarının simasını getdikcə dəyişdirir, abadlıq-quruculuq işləri gündən- günə sürətlənir.
Dövlət Proqramında ölkənin bütün şəhər və rayonlarının su təchizatı sisteminin yenidən qurulması və kanalizasiya sisteminin yaradılması nəzərdə tutulur. Artıq bu istiqamətdə konkret işlərin görülməsinə başlanılmışdır. Belə ki, Azərbaycanın 2011-ci ilin dövlət büdcəsindən ayrılmış vəsait hesabına Lənkəran, Biləsuvar, Kürdəmir, Ucar, Zərdab, Şəmkir, Mingəçevir, Quba, Qax, Hacıqabul və İmişli şəhərlərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması işlərinə start verilmişdir. "Hacıqabul şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması" layihəsi çərçivəsində yeni su anbarının təməlqoyma mərasiminə həsr olunmuş tədbirdə "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin rəhbər işçiləri, Hacıqabul Rayon İcra Hakimiyyətinin rəhbərliyi, eləcə də rayon ictimaiyyətinin nümayəndələri iştirak edirdilər. Tədbirdə çıxış edən "Azərsu" ASC-nin sədri Qorxmaz Hüseynov bildirdi ki, dövlət başçısı cənab İlham Əliyevin bilavasitə tapşırığı ilə ölkənin bütün regionlarında yaşayan əhalinin keyfiyyətli su ilə fasiləsiz təmin edilməsi mühüm bir vəzifə kimi qarşıya qoyulmuşdur. Elə Hacıqabul şəhərində təməli qoyulan yeni su anbarı da məhz bu məqsədə xidmət edir.
Q.Hüseynov qeyd etdi ki, ötən əsrin 70 -ci illərində qurulan sistem hazırda şəhərin yalnız 60 faizini müəyyən fasilələrlə içməli su ilə təmin etməyə imkan verir ki, bu da böyük çətinliklərə səbəb olur. 12-15 ay ərzində istifadəyə verilməsi nəzərdə tutulan yeni su anbarı isə bu problemi tam aradan qaldıracaq.
Hacıqabul şəhərinin 2035- ci ilə qədərki inkişaf perspektivi və əhalinin mümkün təbii artımı nəzərə alınmaqla layihə çərçivəsində şəhərin su təchizatının daim özüaxımlı rejimdə olmaqla aparılması üçün relyefcə yüksək olan iki nöqtədə 5 min kubmetr həcmində iki su anbarı tikiləcəkdir. Bundn əlavə, şəhəri içməli su ilə fasiləsiz təmin etmək məqsədilə 110 kilometrə yaxın müxtəlif diametrli paylayıcı su şəbəkəsinin inşası və çirkab sularının axıdılması üçün 103 kilometr uzunluğunda kanalizasiya xəttinin çəkilməsi nəzərdə tutulur. Həmçinin şəhərin şərq hissəsində, relyefcə çökək ərazidə kanalizasiya nasos stansiyası tikiləcək ki, bu da çirkab sularının toplanaraq Şirvan-Kürdəmir avtomobil yolunun kənarında inşa olunacaq sutkalıq gücü 6 min kubmetr olan sutəmizləyici qurğuya ötürməyə imkan yaradacaq. Məlumat üçün bildiririk ki, "Hacıqabul şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidə qurulması" layihəsinin podratçı təşkilatı "Hidro- Lotus" Məhdud Məsuliyyətli Cəmiyyətidir.
Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı Əhməd Muxtarov öz çıxışında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin regionların inkişafına göstərdiyi qayğı və diqqətdən, əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirdiyi konkret işlərdən söhbət açdı. Natiq "Hacıqabul şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması" layihəsinə başlanılmasını da dövlət başçısının Hacıqabul rayonuna göstərdiyi diqqət və qayğının məntiqi nəticəsi kimi dəyərləndirdi. O, layihənin sifarişçisi olan "Azərsu" ASC-nin rəhbərliyinə və inşaatçılara minnətdarlığını bildirdi.
Mərasimdə çıxış edən rayon ictimiyyətinin nümayəndələri son illər Prezident İlham Əliyevin diqqət və qayğısı ilə Hacıqabulun işıq və qaz probleminin tam aradan qaldırılmasını yüksək dəyərləndirər, yeni su anbarının tikintisinə başlanılmasını sevinc hissi ilə qarşıladılar.Yeri gəlmişkən, rayonun Qubalıbalaoğlan kəndinin su probleminin həlli ilə bağlı müraciət də "Azərsu" ASC-nin rəhbərliyi tərəfindən müsbət cavablandırıldı.
Son illər İmişli rayonunun sosial-iqtisadi inkişafı istiqamətində mühüm işlər həyat keçirilsə də, burada sakinləri ən çox narahat edən məsələ içməli su təchizatındakı mövcud çətinliklər, eləcə də şəhərdə kanalizasiya şəbəkəsinin olmamasıdır. Artıq yaxın bir il ərzində İmişli şəhərində bu problem də öz müsbət həllini tapacaqdır. Buna isə "İmişli şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması" layihəsi çərçivəsində nəzərdə tutulmuş tədbirlərin reallaşdırılması imkan yaradacaqdır. Xatırladaq ki, İmişlinin 2035-ci ilə qədərki inkişaf perspektivi, həmçinin gələcəkdə 40 min sakin üçün hesablanmış layihəyə əsasən şəhərin dayanıqlı su təchizatının yaradılması üçün iki ədəd 2500 kubmetr, eyni sayda 600 kubmetr və bir ədəd 1500 kubmetr həcmində su anbarının inşası nəzərdə tutulur. İmişlini keyfiyyətli su ilə təmin etmək məqsədilə Beyləqan rayonunun Dünyamalılar kəndi yaxınlığında 5 ədəd subartezian quyusu qazılacaq və su diametri 630 millimetr olan 129 kilometrlik kəmərlə şəhərə gətiriləcəkdir. Yeri gəlmişkən, yeni kəmərin istifadəyə verilməsi yolüstü ərazidə yerləşən Göbəktala, Muhammədli və Rəsullu kəndlərini də içməli su ilə təmin etməyə imkan yaradacaq. Bundan əlavə, şəhərdə yaranacaq çirkab sularının toplanması üçün ümumi uzunluğu 170 kilometr olan kanalizasiya şəbəkəsinin yaradılması və relyefcə çökək ərazidə 23 ədəd kanalizasiya nasos stansiyasının tikintisi planlaşdırılır. Yaranacaq çirkab sular toplanaraq drenaj suları axan kollektorun yaxınlığında tikiləcək 10 min kubmetrlik təmizləyici qurğuya ötürüləcək. Xatırladaq ki, "İmişli şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması" layihəsi "T.T.Ş. İnşaat" MMC tərəfindən reallaşdırılacaqdır.
İmişli su anbarının təməlqoyma mərasiminə həsr olunmuş tədbiri açan rayon icra hakimiyyətinin başçısı Əbülfəz Ağayev bunu dövlət başçısı İlham Əliyevin ölkə regionlarının inkişafına göstərdiyi qayğı və diqqətin parlaq təzahürü kimi dəyərləndirdi. Layihənin icrasına başlanılmasını İmişli rayonunun həyatında son dərəcə əlamətdar hadisə adlandıran Ə.Ağayev buna görə dövlət başçısına, eləcə də "Azərsu" ASC-nin rəhbərliyinə minnətdarlığını bildirdi.
Mərasimdə iştirak edən rayon ictimaiyyətinin nümayəndələri də son illər Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən genişmiqyaslı abadlıq-quruculuq işlərindən razılıqla söhbət açdılar.
"Azərsu" ASC-nin sədri Qorxmaz Hüseynov İmişlinin içməli su təchizatının yaxşılaşdırılması, eləcə də şəhərdə müasir kanalizasiya şəbəkəsinin qurulması məqsədinə xidmət edəcək layihənin nəzərdə tutulan vaxtda və keyfiyyətlə icra olunacağını diqqətə çatdırdı. Bu münasibətlə şəhər ictimaiyyətinin nümayəndələrini təbrik edən Q.Hüseynov yaxın illərdə içməli suya ehtiyacı olan kəndlərin də probleminin həll olunacağını bildirdi.
{nl}
Mirbağır YAQUBZADƏ, "Xalq qəzeti"
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.