Aşot QRİQORYAN: Erməni ordusundakı intiharları, fərariliyi, müəmmalı ölüm hallarını və psixoloji sarsıntıları heç bir paradla gizlətmək mümkün deyil
{nl}
İşğalçı ölkənin başbilənlərinin yerli əhalinin başını aldatmaq üçün düşünüb tapdığı "hərbi parad" tamamilə əks nəticə verdi. İndi artıq erməni mətbuatı yazır ki, Sarkisyan iqtidarı hərbi paltar geyinmiş insanların ifasıında təqdim olunan bu meydan oyununun belə antipatiya yaradacağını bilsəydi, çox güman ki, parad məsələsindən vaz keçərdi. Bir sözlə, ermənilər yenə özlərini pis vəziyyətdə qoydular.
Bu adamlarda terror, təxribat, separatizm, qan axıtmaq, xəyanət, yalandan göz yaşı tökmək və digər məxsusi əməllər nə qədər "uğurlu" alınsa da, başqa sahələrdə heç nə alınmır. Özgənin torpağında dövlət qururlar - müstəqil siyasəti olmur (forpost olduqlarını dövlət səviyyəsində dönə-dönə etiraf ediblər), başqa ölkələrin ərazisində yaşayırlar - oturduqları budağı kəsməklə məşğul olurlar (Osmanlıdakı xəyanət, Rusiyadakı çoxlu terror əməlləri, ABŞ-dakı maliyyə fırıldaqları və sair), Ermənistan ermənilər üçündür deyirlər - əhalinin 60 faizə qədəri xarici ölkələrə miqrasiya edir, ordu quruculuğu ilə məşğul olmaq istəyirlər - Qarabağ erməniləri ilə "yerli ermənilər" arasında qırğın düşür, hərbi təlim quraşdırmaq istəyirlər - əsgərlər imtina edir (fərariliyin və müəmmalı əsgər ölümünün artmasına görə Ermənistan ordusu dünyada "öncül yerlərdən" birini tutur), hərbi parad təşkil etmək istəyirlər - onda da belə. Parad adlandırdıqları şou rüsvayçılıqla nəticələnir. Əgər birdən Afrikanın və ya Latın Amerikasının ən ucqar ölkələrindən birində terror törətmək məsələsi gündəliyə gətirilərsə, dünyanın heç bir xalqı ermənilər kimi "peşəkarlıq" nümayiş etdirə bilməz. Çünki bəd əməlləri yaxşı bacarırlar.
Birinci dəfə dövlət müstəqilliyi əldə edəndə tarixən özlərinin yaşadığı ərazilərdə deyil, böyük dövlətlərin əli ilə köçürülüb gətirildikləri ərazidə - qədim türk-Azərbaycan torpaqlarında dövlət qurmaqla heç zaman bağışlanılmayacaq bir harama və xəyanətə imza atmışdılar. İkinci dəfə canı-dildən cəhd elədilər ki, SSRİ dağılmasın. Görünür, müstəqil siyasət yeridə bilməyəcəklərini nəzərə alırlarmış. Amma dünyanın təkəri artıq başqa səmtə fırlanırdı və ona görə də növbəti harama, növbəti xəyanətə əl atdılar. Azərbaycan ərazilərinin xeyli hissəsini də ələ keçirməyə cəhd etdilər. Yenə də haram, yenə də separatizm və xəyanət. Bu il sentyabrın 21-də Ermənistan dövlətinin məhz İrəvanda rüsvay olmasının əsas səbəbi də məhz bunlar - ermənilərin tarixi ədalətsizlikləridir. Yoxsa nə olub, Müstəqil Dövlətlər Birliyinə üzv olan ölkələrin hamısının ordusu da var, paradı da normal şəkildə təşkil olunur. Ermənistandan başqa. Bu ölkədə hansısa normal tədbirin keçirilməsini gözləmək sadəlövhlükdür. Çünki yüz illərdən bəri etdikləri günahlar bir tərəfə, indi ölkəyə qaçaq, quldur, qatil və killerlərdən ibarət terrorçular dəstəsi rəhbərlik edir. Terrorçunun təşkil etdiyi parad da məhz belə nəticələnməli idi.
İrəvandakı bəzi kütləvi informasiya vasitələri Azərbaycanın inkişafından söz açır, bu iki Qafqaz ölkəsinin hərtərəfli müqayisəsinə çalışırdılar. Ermənistanın da Azərbaycan kimi hərbi parad keçirmək istəyinə ən çox gülənlər elə ermənilər oldular. Artavas Smbatyan adlı müxalifətçi bu gülünc aksiyaya münasibət bildirərkən deyib: "Mən 35 il əvvəl - tələbə olarkən hərbi paradda gördüyüm tankların bu il sentyabrın 21-də gördüyüm tanklardan bircə fərqi var idi - o zamankı tanklar meydana daha az tüstü verirdi".
İndi dünyanın hər yerində kütləvi informasiya vasitələri informasiya-kommunikasiya texnologiyalarının ən yeni nailiyyətlərindən bəhrələnirlər. İyunun 26-da Bakıda keçirilmiş hərbi parad, bu paradda nümayiş etdirilən müasir hərbi texnika, modernləşdirilmiş silahlar, dünyanın ən inkişaf etmiş ölkələrinin istehsalı olan döyüş texnikası və sursatı barədə hamının əhatəli məlumatı var. Ermənilərin də həmçinin. Ermənilər onu da yaxşı bilirlər ki, Azərbaycan super silahlar almaqla yanaşı, özü də çoxsaylı hərbi sursat istehsal edir. Son illər Azərbaycanda yaradılmış hərbi-sənaye kompleksinin müəssisələrində 500-ə yaxın adda hərbi təyinatlı məhsul istehsal olunur. Bu məhsulların bir çoxu dünya silah sərgilərində nümayiş etdirilib. Bütün bunlardan xəbərdar olan sıravi erməni 35 il əvvəl gördüyü tankların müstəqilliyin 20-ci ildönümü münasibəti ilə keçirilən hərbi paradda tüstülənə-tüstülənə getdiyini görəndə necə əsəbiləşməsin? Həmin erməninin yerində tutaq ki, bir eston, alman və ya elə bizim soydaşlarımızdan biri olsaydı, biganəlik nümayiş etdirə bilərdimi? Əsla yox. Ona görə də ermənilər İrəvandakı 21 sentyabr rüsvayçılığına təkcə qınaq və ironiya ilə deyil, həm də qəzəblə münasibət bildirirlər.
Yeri gəlmişkən, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov İrəvandakı paradda rus hərbi birləşmələrinin də iştirak etdiyinə münasibət bildirərkən deyib ki, bizi maraqlandıran Rusiya ordusunun Azərbaycana münasibətidir: "Rusiya ordusu Azərbaycanın ərazi bütövlüyünü, suveren dövlət hüquqlarını tanıyır, bu hüquqları pozmağa cəhd göstərmir, əminəm ki, bundan sonra da cəhd göstərməyəcək". Yəni ermənilər öz ölkələrinin hüquqlarını kimə verirlərsə, öz işləridir.
İndi vəziyyət o həddə çatıb ki, Serj Sarkisyanın hərbi cinayətlərdə, siyasi fırıldaqlarda, maliyyə mənimsəmələrində, dövlət əmlakının talan edilməsində, xaricdəki erməni terror təşkilatlarının idarə olunmasında ən yaxın silahdaşı və ortağı olan keçmiş prezident Robert Koçaryan bu paradda iştirak etmək istəməyib. Bəzi erməni mənbələrinin məlumatına görə, Koçaryan "parad üçün lazımi hazırlığın görülmədiyini" əsas gətirərək paradın təxirə salınması təklifi ilə çıxış edib. Ancaq "Azərbaycan getdi, mən qalmayım" - düşüncəsi ilə fəaliyyət göstərən "Xocalı qəhrəmanı" Sarkisyan belə bir paradın keçirilməsində israrlı olub. Nə yaxşı ki, israrlı olub və dünya erməniləri Ermənistanın hansı orduya malik olduğunu görüblər. Paradın tribunasından öz siyasi həmfikirləri ilə yenidən görüşmək imkanı kimi istifadə etmək şansı olan birinci prezident Levon Ter-Petrosyan da belə şansa ehtiyac hiss etməyib. O da paradda iştirakdan imtina edib.
"Ordunun zəif olmasını əhalinin ölkədən kütləvi surətdə miqrasiyası ilə bağlamaq olar. Yeni hərbi texnika və silah-sursatın alınmamasını dövlət büdcəsinin mövcud vəziyyəti ilə əlaqələndirmək mümkündür. Paradda keçidin hərbi nizam-intizam qaydalarından kənar olmasını da nə iləsə ört-basdır etmək mümkündür. Bəs Ermənistanın müstəqilliyinin 20 illiyinə həsr olunmuş paradda rus hərbi birləşmələrinin Rusiya bayrağı altında keçməsini necə əsaslandırmaq olar?" - deyə Ermənistan rəhbərliyinə üz tutan müxalifətçi ermənilər bunu rüsvayçılıq adlandırırlar. Ermənistan İctimai Televiziyası İrəvandakı hərbi paradda rus hərbçilərinin, Rusiya sərhədçilərinin keçməsini rüsvayçılıq adlandırıb: "Müstəqil və suveren ölkənin rüsvayçılığını bundan nümayişkaranə təsəvvür etmək çətindir".
Azərbaycan parlamentinin sədr müavini Ziyafət Əsgərov bu məsələyə münasibət bildirərkən deyib: "Bunun özü artın onu deməyə əsas verir ki, Ermənistan bu gün müstəqil xarici siyasət yeritmir, suveren ölkə deyil, forpost olaraq qalır. Təəssüf edirəm ki, belə bir forpost olan dövlət Azərbaycan torpaqlarının 20 faizini işğal edib".
Sarkisyan tərəfdarları bəyan edirlər ki, 21 sentyabr paradını bəyənməyənlər siyasi məqsəd güdən müxalifətçilərdir. Ancaq heç bir siyasi partiyanın üzvü olmayan və heç bir müxalif quruma qoşulmayan Aşot Qriqoryan adlı erməni bu parad haqqında danışmaqdansa ordudakı vəziyyətin müzakirə olunmasını məqsədəuyğun sayır: "Erməni ordusundakı intiharları, fərariliyi, müəmmalı əsgər ölümlərini və psixoloji sarsıntıları heç bir paradla gizlətmək mümkün deyil". Qriqoryan haqlıdır. Çünki Helsinki Vətəndaş Assambleyasının Ermənistan nümayəndəliyinin əməkdaşı Artur Sakunts təmsil etdiyi təşkilat adından bəyan edir ki, ötən il (2010-cu il - red.) Ermənistan ordusunda qeyri-döyüş şəraitində 54 erməni əsgəri ölmüşdür. Ermənistan Müdafiə Nazirliyi isə bu rəqəmin 44 olduğunu söyləyirdi. Sakunts sübut edir ki, bu halların əsas səbəbi əsgərlərə verilən işgəncə, zorakılıq və psixoloji təzyiqlərdir.
...Görünür, Serj Sarkisyan həmin rüsvayçılıqları gizlətmək üçün parad şousunu təşkil edibmiş. Amma, gizlədə bildimi? Yox. Əksinə, erməni ordusunun nə qədər rüsvayçı bir durumda olduğu bütünlüklə faş oldu.
{nl}
İttifaq MİRZƏBƏYLİ, "Xalq qəzeti"
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.