XX əsrin sonu - XXI əsrin əvvəllərində planetar miqyasda gedən qloballaşma prosesləri dünya dövlətləri qarşısında bir sıra fundamental problemlər qoydu. Bu problemlərin içərisində əhali, onun miqrasiyası, milli diasporların etnik və geosiyasi vəziyyətinin araşdırılması əsas yer tutur. Milli diasporumuzun həyatı, məişəti, mühacirət etdiyi olkənin ictimai-siyasi həyatında tutduğu mövqe dövlətimizin də diqqətindən kənarda qalmır.
İndi ayrı-ayrı ölkələrdə Azərbaycan icmaları və birlikləri fəaliyyət göstərir. Bu cəmiyyət və birliklər fəaliyyət göstərdikləri ölkələrlə Azərbaycan arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı, həmvətənlərimizin təşkilatlanması, onların tarixi vətənləri ilə əlaqələrinin möhkəmləndirilməsi sahəsində əhəmiyyətli işlər görə bilirlər.
Hər bir diasporu yaradan, formalaşdıran şərait mövcuddur. Bəzi xalqlar tarixən miqrasiyaya meyilli olmuş, bəziləri isə ictimai-siyasi şəraitin qurbanına çevrilmişlər. Azərbaycan diasporu da uzun sürən tarixi hadisələrin nəticəsində yaranmışdır. Azərbaycanın Asiya və Avropa arasında əlverişli coğrafi əraziyə malik olması hələ qədim dövrlərdən bəri bir çox dövlətlərin diqqətini cəlb etmişdir. Nəticədə azərbaycanlılar öz tarixi vətənlərinin sərhədləri daxilində mühüm hərbi-siyasi amillərlə qarşılaşmışlar. Üç min illik dövr ərzində azərbaycanlılar Manna çarlığından ( b.e.ə IX əsr) Azərbaycan Respublikasına qədər öz dövlətçiliklərini qurmaqla yanaşı, zaman-zaman müxtəlif imperiyaların tərkibində olmuşlar.
Daxili və xarici çəkişmələr nəticəsində yerli əhali sülh və sakitlik axtarışı naminə öz evlərini, torpaqlarını tərk etməyə məcbur olmuş, nəticədə Azərbaycan icmaları, sonra isə diasporu yaranmışdır. Azərbaycan diasporunun formalaşması 6 əsas mərhələdən keçmişdir. Məsələn, son iki əsrdə azərbaycanlılar hərbi siyasi hadisələrlə bağlı miqrasiyaya məruz qalmışlar. Şimali Azərbaycanın Rusiya tərkibinə daxil edilməsi, ADR-in süqutu və Azərbaycanda sovet hakimiyyətinin qurulması, İkinci Dünya müharibəsindən sonra əsir düşmüş hərbi qulluqçuların təqiblərdən çəkinərək digər ölkələrə mühacirət etmələri, ermənilərin təcavüzü və SSRİ-nin süqutu nəticəsində azərbaycanlıların xarici ölkələrə getməsi belə səbəblər sırasındadır.
Bu gün xarici ölkələrdə diasporumuzu yalnız Şimali Azərbaycandan mühacirət edənlər təmsil etmir. Şah rejimi vaxtı və sonrakı dövrdə cənubi azərbaycanlıların müxtəlif səbəblərdən İrandan başqa dövlətlərə köçməsi də diasporumuzun sayını və sosial tərkibini dəyişmişdir.
Ümummilli lider Heydər Əliyev 1993-cü ildə siyasi hakimiyyətə qayıtdıqdan sonra xarici ölkələrə səfərləri zamanı orada yaşayan azərbaycanlılarla əlaqələr yaranmağa başladı. Diasporumuzun yenidən təşkilatlanıb inkişaf etməsinə güclü təkan verən də məhz bu tarixi görüşlər oldu. Bu baxımdan diasporun bu və ya digər ölkələrdə yaranma səbəbləri və milli diasporumuzun təşkilatlanmasının təkmilləşməsi kimi aktual məsələlər məhz Heydər Əliyevin rəhbərliyi sayəsində həyata keçirilməyə başladı.
Bu gün də aktual olan bu məsələlərin tarixdə öz yerini tutması üçün Heydər Əliyevin təşəbbüsü ilə 2002-ci ilin əvvəllərində AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun tərkibində Azərbaycan diasporu şöbəsi yaradıldı. Şöbəyə rəhbərlik tarix elmləri namizədi Məryəm Seyidbəyliyə həvalə olundu.
Məryəm xanımın indiyədək 40-a yaxın elmi məqaləsi və 3 fundamental monoqrafiyası işıq üzü görmüşdür. 2009-cu ildə "Rusiyada Azərbaycan diasporu: formalaşma və inkişafın xüsusiyyətləri və tendensiyaları. 1988-2007-ci illər" adlı monoqrafiyası çapdan çıxmışdır. Kitab 2010-cu il noyabrın 25-də Moskvada "Nauçnaya kniqa"nın "Ən yaxşı elmi kitab" layihəsinə görə keçirdiyi beynəlxalq müsabiqədə diploma layiq görülmüşdür.
2010-cu ildə "Rusiyada Azərbaycan diasporu: formalaşma və inkişafın xüsusiyyətləri və tendensiyaları 1988-2010-cu illər" adlı kitabın yenilənmiş ikinci nəşri işıq üzü görmüşdür. Monoqrafiya 2011-ci il aprelin 27-də "Humay" milli mükafatına layiq görülmüşdür.
Azərbaycan diasporu şöbəsinin qarşısında duran əsas vəzifə ardıcıl olaraq soydaşlarımızın dünya ölkələri üzrə məskunlaşması səbəbləri, diasporumuzun əsas yaranma prinsipləri və təşkilatlanması, iş yerləri, onların əmək vərdişləri, təhsili və maariflənməsi, ticarət-kommersiya strukturlarında fəaliyyəti ilə əlaqədar həlli vacib olan problemlərin dərindən tədqiq edilib öyrənilməsidir.
Şöbənin əməkdaşları 2002-ci ildən bəri soydaşlarımızın yaşadıqları ölkələrdə yaratdıqları dərnək və diaspor təşkilatları haqqında məlumatları toplayıb öyrənirlər. Rusiya Federasiyasında, ABŞ və Kanadada, Mərkəzi Asiya (Orta Asiya) respublikalarında, Qazaxıstanda, Ukraynada, Fransada, Gürcüstanda, Türkiyədə və s. ölkələrdə soydaşlarımızın məskunlaşma tarixi, müxtəlif icma birliklərinin yaradılması və fəaliyyəti ilə bağlı mövzulara müraciət edilmiş, sanballı elmi tədqiqatlar aparılmışdır.
Şöbədə xarici ölkələrdə milli mədəniyyətimizin təbliği naminə "Azərbaycan Respublikasının müstəqilliyinin bərpası və Azərbaycan diasporu", "Yaxın Şərq ölkələrində Azərbaycan diasporu", "Azərbaycanın xaricdə yaşayan görkəmli şəxsiyyətləri" və s. kimi mövzular da tədqiq olunur. Həmin mövzularda xaricdə yaşayan soydaşlarımız arasında milli ideyanın təbliği başlıca qayə kimi səslənir. Azərbaycan diasporu şöbəsinin əməkdaşları diasporumuzun problemlərini müxtəlif istiqamətlər üzrə tədqiq edirlər. 2012-ci ilin fəaliyyət planında diasporumuzun tarixinin öyrənilməsi üzrə əsas aktual mövzu və problemlər nəzərə alınmışdır. Buraya Qafqaz subregionunda Azərbaycan diasporunun yaranması səbəbləri, Rusiya Federasiyası, Qərbi Avropa ölkələrində Azərbaycan diasporu, Mərkəzi Asiya (Orta Asiya), MDB və Baltikyanı ölkələrdə, ABŞ və Kanadada Azərbaycan diasporunun yaranması, təşkilatlanması və fəaliyyəti kimi mövzuların hərtərəfli tədqiqi daxildir. Gələcəkdə diaspor problematikasının daha geniş kontekstdə tədqiq olunması nəzərdə tutulur.
İlkin təcrübə deməyə əsas verir ki, Azərbaycan diasporunun yaranma və təşkilatlanma tarixinin, fəaliyyətinin tədqiqi dövlət siyasətinin tərkib hissəsidir. Məhz buna görə də ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi (Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsi) və Tarix İnstitutunun nəzdində Azərbaycan diasporu şöbəsinin yaradılması mühüm əhəmiyyət kəsb edir. Azərbaycan dövləti bu gün də diasporla işin istiqamətlərinə yaxından diqqət yetirir, xarici ölkələrdə milli, iqtisadi, siyasi problemlərimizin öz həllini tapmasında diasporu etibarlı dayaq kimi qiymətləndirir.
Azərbaycan Respublikasının mövqeyi dünyada get-gedə möhkəmlənməkdədir. Bu mənada diasporla işin əhəmiyyətini nəzərə alaraq, şöbənin kollektivi "Diaspor və lobbiçilik: Azərbaycanın milli maraqları kontekstində", "Azərbaycan diasporunun xəritəsi", "Azərbaycan diasporunun siyasi həyatı" kimi aktual mövzuların işlənməsinə üstünlük verməyi nəzərdə tutur.
Təcrübə göstərir ki, bu gün xaricdə yaşayan soydaşlarımızın milli diaspor halında formalaşması tarixinin öyrənilməsi, respublikamızla əlaqələrinin yaradılmasında ortaya çıxan çətinliklərin və problemlərin daha səmərəli araşdırılmasında AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun tərkibində yaradılmış Azərbaycan diasporu şöbəsinin səmərəsi daha çox olacaqdır. Kollektiv əsaslı şəkildə araşdırılmış tarixi faktlara və rəqəmlərə söykənən zəngin bir irs hazırlayır və inanırıq ki, bu, gələcək nəsillər üçün qiymətli töhfə olacaqdır.
{nl}
Qüdrət PİRİYEV, "Xalq qəzeti"
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.