Azərbaycanın dövlət müstəqilliyi xalqımızın tarixi nailiyyətidir

Azərbaycanın dövlət müstəqilliyi xalqımızın tarixi nailiyyətidir və hər birimizin borcu onu qorumaq, yaşatmaq, inkişaf etdirmək və dünyanın qabaqcıl dövlətləri səviyyəsinə qaldırmaqdan ibarətdir.
Heydər ƏLİYEV Ümummilli lider

{nl}


Həsən HƏNİFƏYEV, Şirvan şəhər prokuroru, baş ədliyyə müşaviri
Hər bir millətin tarixində onun öz müstəqilliyinə qovuşması, azadlığını əldə etməsi və dövlət atributlarına malik olması müstəsna əhəmiyyət kəsb edir. Dünyada elə bir xalq tapmaq olmaz ki, o, öz istiqlaliyyətini arzu etməsin, onun əldə edilməsi üçün səy göstərməsin və bu böyük neməti qazandıqdan sonra onun uğrunda mübarizəyə hazır olmasın. Azərbaycan milləti də bu sırada istisna deyil. Azərbaycanın böyük və zəngin, lakin təlatümlü çoxəsrlik tarixi inkişaf yolunda ən əlamətdar hadisələrdən biri onun öz dövlət müstəqilliyinə, millətin isə istiqlaliyyətinə qovuşması olmuşdur.
Bu il biz dövlət müstəqilliyimizin bərpasının 20-ci ildönümünü təntənəli surətdə bayram edirik. Bununla yanaşı, xüsusilə qeyd etmək lazımdır ki, Azərbaycanın çox qədim və zəngin dövlətçilik ənənələri mövcud olmuşdur. Əsrlər boyu Azərbaycan ərazisində bütün dövlətçilik atributlarını özündə cəmləşdirən, mükəmməl daxili və xarici siyasət apara bilən və ən nəhayət Cavanşir, Şəmsəddin Eldəniz, Şah İsmayıl Xətai, Cavad xan və digər bir çox görkəmli şəxsiyyətlərin rəhbərliyi altında dünya siyasətinə əhəmiyyətli dərəcədə təsir göstərə bilən böyük dövlətlər mövcud olmuşdur. Azərbaycan ərazisində belə dövlətlərin olması, əlbəttə ki, "parçala və hökm sür" təfəkkürü ilə yaşayan bir çox imperiya qüvvələrini rahat buraxmır, nəyin bahasına olursa-olsun Azərbaycan torpaqlarını zəbt edib millətin azadlığının əlindən alınmasına yönəlmiş məkirli siyasət aparmağa sövq edirdi. Məhz belə bir siyasətin nəticəsində Azərbaycanın ərazisi parçalanmış və uzun illər ərzində imperiya əsarətində yaşamağa məcbur olmuşdur. Lakin xalqın azadlıq eşqi, müstəqil olmaq arzusu və öz dövlətinə sahib çıxmaq hüququ 28 may 1918-ci ildə, Şərqdə ilk dəfə olaraq Demokratik Respublikanın - Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının elan edilməsi ilə nəticələndi ki, bu hadisə də Azərbaycan xalqının müstəqilliyə, milli azadlığa və istiqlaliyyətə qovuşması uğrunda apardığı gərgin mübarizənin məntiqi nəticəsi olmuşdur. Lakin o zaman müxtəlif xarici müdaxilələr, daxili çəkişmələr, müvafiq lazımi beynəlxalq təminatların olmaması səbəbindən Azərbaycan Demokratik Respublikası cəmi 23 ay fəaliyyət göstərmişdir. Fəaliyyətdə olduğu müddətdə Azərbaycan Demokratik Respublikasının Milli Hökuməti iqtisadi, siyasi, sosial, mədəni, təhsil və bir çox digər sahələrdə ciddi irəliləyişlər əldə etmişdir. Azərbaycanın dövlət atributları qəbul edilmiş, ilk parlament fəaliyyətə başlamış, Azərbaycanın milli valyutası olan manat dövriyyəyə buraxılmış, Bakı Dövlət Universiteti kimi böyük təhsil ocağı yaradılmış, milli ordu quruculuğu həyata keçirilmişdir. Lakin o dövrdə Sovet Rusiyası öz keçmiş varisinin imperiya siyasətini davam etdirərək bolşevik terror "maşınını" tam gücü ilə işə salmış və yeni müstəqillik qazanmış respublikalara qarşı açıq-aşkar hücuma keçmişdir. Böyük təbii sərvətləri və ilk növbədə nefti ilə zəngin Azərbaycanın işğal olunması isə Rusiya üçün müstəsna əhəmiyyət kəsb edirdi. Aprel ayının 25-dən 26-na keçən gecə XI Qırmızı Ordu Azərbaycan Respublikasının sərhədlərini keçərək Bakıya doğru irəliləməyə başlamışdır. Aprel ayının 27-də Azərbaycan parlamenti özünün son iclasına toplanaraq hakimiyyətin bir sıra şərtlərlə, o cümlədən, Azərbaycanın tam müstəqilliyinin qorunub saxlanılması, hökumət və parlament üzvlərinin həyat və mülkiyyətinin toxunulmazlığının təmin edilməsi, Azərbaycan ordusunun saxlanılması və digər şərtlərlə bolşeviklərə verilməsi haqqında qərar qəbul etdi. Bununla da, Azərbaycan Demokratik Respublikası süquta uğradı.
Azərbaycan xalqının milli azadlıq və istiqlaliyyət hərəkatı nəticəsində yaradılmış Azərbaycan Cümhuriyyətinin qısa müddətdəki fəaliyyəti millətimizin çoxəsrlik tarixində mühüm bir hadisə idi.
Demokratik Respublikanın süqutundan sonra Azərbaycanda sosialist ideologiyası əsasında dövlətçilik quruculuğu başlanmışdır. İlk müddət Azərbaycan müstəqil dövlət kimi fəaliyyət göstərmiş, sonradan isə 1922-ci ildə - Sovetlər Birliyi yarandığı vaxtdan bu qurumun tərkib hissəsi olmuşdur. 70 il ərzində Azərbaycan sosialist sistemi şəraitində yaşamışdır. Şübhəsiz ki, bu dövr ilə bağlı tarixçilərimizin müxtəlif və ziddiyyətli fikirləri vardır. Bir qrup tarixçi bu zaman kəsiyinin Azərbaycan üçün ancaq problemlər gətirdiyini iddia edir, digərləri isə sosialist quruluşunun müsbət tərəflərini önə çəkərək respublikamızın həmin dövrdə inkişaf etməsini bildirirlər. Şübhəsiz ki, o dövrdə Azərbaycan öz dövlət müstəqilliyindən məhrum olmuşdur. Azərbaycan xalqı 30-40-cı illərin repressiyalarından keçmiş, yüzlərlə dəyərli elm, incəsənət, mədəniyyət və dövlət adamı "xalq düşməni" damğası ilə məhv edilmiş, 40-50-ci illərdə isə öz doğma yurd-yuvalarından deportasiya edilmişdir. Bununla yanaşı, Azərbaycan xalqı yaşamış, yaratmış və böyük nailiyyətlər əldə etmişdir. Azərbaycanda geniş miqyaslı quruculuq işləri aparılmış, sənaye, xüsusi ilə də neft sənayesi və kənd təsərrüfatı sektoru inkişaf etmiş, xalqın kütləvi maarifləndirilməsi həyata keçirilmişdir. Bu illər ərzində Azərbaycanda mədəniyyət, incəsənət və elm sahələrində də xüsusi tərəqqi müşahidə edilmişdir.
Bütün bu inkişafın ən şərəfli mərhələsi isə, 1969-cu ilin iyul ayında Azərbaycan KP MK-nın birinci katibi vəzifəsinə seçilən görkəmli ictimai xadim Heydər Əliyevin adı ilə bağlıdır. Məhz bu dahi şəxsiyyətin 14 il ərzində respublikaya rəhbərlik etdiyi vaxtlarda Azərbaycan SSR Sovet İttifaqının tərkibində olan digər müttəfiq respublikaların sırasında ən sürətlə inkişaf edən dövlət olmuşdur. Həmin illər ərzində Azərbaycanda yüzlərlə yeni sənaye kompleksləri, məişət, mədəniyyət və təhsil obyektləri inşa edilmiş, avtomobil və dəmir yolları çəkilmiş, sosial infrastruktur yaradılmışdır. Respublikada kənd təsərrüfatının, xüsusən pambıqçılığın, tərəvəzçiliyin və üzümçülüyün inkişafına xüsusi önəm və diqqət verilmişdir. Məhz həmin illər ərzində yaradılmış bu iqtisadi potensial gələcəkdə Azərbaycanın müstəqil dövlət kimi formalaşmasında və inkişafında mühüm rol oynamışdır.
XX əsrin sonlarında beynəlxalq aləmdə və Sovetlər İttifaqında yaranan əlverişli vəziyyət xalqımıza qəlbində yaşatdığı müstəqillik arzularını yenidən reallaşdırmaq imkanı verdi. 1991-ci il oktyabr ayının 18-də ali qanunverci orqan olan Azərbaycan Ali Soveti dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul etdi. Həmin ilin 30 dekabrında keçirilən ümumxalq səsverməsi - referendum bu sənədə hüquqi təminat verdi və Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdi.
1991-ci ildə Azərbaycan Respublikası öz müstəqilliyinin bərpasına nail olsa da siyasi, iqtisadi, eləcə də sosial problemlər qabarıq şəkildə özünü biruzə verirdi. Bir tərəfdən də Ermənistanın Azərbaycana qarşı apardığı təcavüzkar siyasəti nəticəsində baş verən hərbi münaqişə bu problemləri daha da kəskinləşdirirdi. 1988-ci ildən 1993-cü ilin əvvəllərinə qədər Azərbaycana rəhbərlik edən şəxslərin naşılıqları və dövlət idarəçilik qabiliyyətlərinin olmaması səbəbindən bu problemlər nəinki həll olunmamış, hətta bir qədər də dərinləşmişdir. Həmin illərdə Azərbaycanda yaranmış hərc-mərclik və xaos ona gətirib çıxarmışdır ki, dövlət strukturları və orqanları iflic vəziyyətinə düşmüş, xalqla rəhbərlik arasında böyük bir uçurum yaranmışdır. İllər boyu respublikada yaradılmış iqtisadi potensial məhv edilmiş, bir çox müəssisə və təşkilatlar tənəzzülə uğramış, vətəndaşların sosial vəziyyəti kəskin surətdə ağırlaşmışdır. 1990-cı ilin Qanlı Yanvar hadisələri isə xalqla rəhbərlik arasında olan uçurumu bir qədər də dərinləşdirmişdir.
Həmin vaxt Moskvada yaşayan Heydər Əliyev Vətəninin və xalqının belə bir vəziyyətdə olmasına dözə bilməzdi. 20 Yanvar qırğınından dərhal sonra Heydər Əliyev ailəsi ilə birlikdə böyük təhlükə və təhdidlərə baxmayaraq, Moskvadakı Azərbaycan Nümayəndəliyinə gələrək baş vermiş bu faciənin əsl mahiyyətini açıqlamış, başda M.Qorbaçov olmaqla SSRİ rəhbərliyinin bu qanlı olayda günahkar olduğunu bütün dünyaya bəyan etmişdir.
Vətəninin bu ağır günlərində Heydər Əliyev artıq Moskvada yaşaya bilməzdi. Ona görə də o, 1990-cı il iyulun 20-də öz həyatı qədər sevdiyi Azərbaycana - Bakıya döndü. Təəssüf ki, həmin vaxt bu böyük Azərbaycan oğlunun Vətəninin paytaxtında qalmasına imkan verilmədi və Heydər Əliyev məcbur olub doğulduğu diyara - Naxçıvana getdi. Naxçıvan əhalisi onu böyük ehtiram və məhəbbətlə qarşıladı. 1991-ci il sentyabrın 3-də Heydər Əliyev Muxtar Respublikanın Ali Məclisinin sədri vəzifəsinə seçildi. Bu vəzifədə işlədiyi dövrdə ulu öndər Azərbaycan dövlət müstəqilliyinin atributlarının bərpa edilməsi istiqamətində bir neçə cəsarətli addım atdı. 1918-ci ildə Azərbaycan Demokratik Respublikasının üçrəngli bayrağını Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi təsdiq etdirdi, Muxtar Respublikanın adından "Sovet Sosialist" sözləri çıxarıldı, 20 Yanvar faciəsinə düzgün siyasi-hüquqi qiymət verildi və Kommunist Partiyasının Naxçıvanda fəaliyyət göstərən bütün strukturları ləğv edildi. Mübaliğəsiz demək olar ki, məhz Heydər Əliyevin Naxçıvana rəhbərlik etdiyi dövrdə onun böyük siyasi təcrübəsi və qətiyyəti nəticəsində Muxtar Respublikada sabitlik təmin olunmuş, erməni təcavüzkarları tərəfindən bir qarış belə Naxçıvan torpağının zəbt edilməsinə imkan verilməmişdir.
1993-cü ilin may-iyun aylarında respublikaya rəhbərlik edən AXC-Müsavat cütlüyünün səriştəsizliyi nəticəsində isə hakimiyyət böhranı və hərc-mərclik son həddə çatmış, ölkə vətəndaş müharibəsi və dövlət müstəqilliyinin itirilməsi təhlükəsi qarşısında qalmışdır. Məhz bu ağır günlərdə Azərbaycan xalqının yeganə ümid yeri Heydər Əliyev idi. Ona görə də xalq bu dahi şəxsiyyətin hakimiyyətə gətirilməsi tələbi ilə ayağa qalxdı. Xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdan Heydər Əliyev çox qısa bir vaxtda Azərbaycanı real parçalanmadan qurtardı, xaos və hərc-mərclikdən xilas etdi. Ulu öndərin uzaqgörən siyasəti nəticəsində Azərbaycanda vəziyyət tədricən stabilləşməyə başladı. Cinayətkar silahlı dəstə və qruplaşmalar zərərsizləşdirildi, respublikamız iqtisadi tənəzzüldən çıxaraq sürətlə inkişaf etməyə başladı, sosial problemlərin bir çoxu həll edildi, Azərbaycan dünya miqyasında özünə layiqli yer tutdu. 20 sentyabr 1994-cü ildə dövlətimizin neft strategiyası müəyyənləşdirilərək, dünyanın səkkiz ölkəsini təmsil edən 11 xarici neft şirkəti ilə Xəzər dənizinin Azərbaycan sektorundakı "Azəri", "Çıraq" yataqlarının və "Günəşli" yatağının dərinlikdə yerləşən hissələrinin kəşfiyyatı, işlənməsi və hasilatının pay bölgüsünə dair "Əsrin müqaviləsi" adı ilə tarixə düşən saziş imzalandı.
Ulu öndərin ikinci dəfə siyasi hakimiyyətdə olduğu müddətdə yenicə öz dövlət müstəqilliyini bərpa etmiş Azərbaycanda hüquqi dövlətin formalaşması, mühüm qanunvericilik bazasının yaradılması və bu əsasda respublikamızın mühüm beynəlxalq qurumlarda layiqincə təmsil olunması istiqamətində əvəzsiz xidmətləri olmuşdur. Məhz Heydər Əliyevin bilavasitə rəhbərliyi altında 1995-ci ildə yeni Konstitusiya layihəsi hazırlanmış və referendum yolu ilə qəbul edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasında əks olunan müddəalar respublikamızın gələcək inkişafının mühüm istiqamətlərini müəyyənləşdirmiş, Azərbaycanın demokratik, hüquqi və dünyəvi dövlət olmasını bəyan etmiş, insan hüquq və azadlıqlarının prioritetliyini ön plana çəkməklə ölkənin gələcək inkişaf modeli üçün hüquqi əsas yaratmışdır. Məhz bundan sonra respublikada bir çox sahələri əhatə edən onlarca yeni qanun və məcəllələr qəbul edilmiş, Prezidentin 21 fevral 1996-cı il tarixli sərəncamı ilə Hüquq İslahat Komissiyası yaradılmışdır. Həmin komissiyaya daxil olan peşəkar hüquqşünaslar tərəfindən "Məhkəmələr və hakimlər haqqında", "Konstitusiya məhkəməsi haqqında", "Prokurorluq haqqında", "Polis haqqında", "Əməliyyat-axtarış fəaliyyəti haqqında" qanunlar və bir sıra digər qanun layihələri hazırlanaraq qanunverici orqan tərəfindən qəbul edilmişdir.
Ulu öndərin müstəqil Azərbaycanda hüquqi dövlət quruculuğu sahəsində ən önəmli addımlarından biri də qanunun aliliyinin keşiyində dayanan hüquq-mühafizə orqanlarının işinin təkmilləşdirilməsi sahəsində qəbul etdiyi qərarlar, verdiyi göstəriş və tövsiyələrdir. Heydər Əliyevin bilavasitə təşəbbüsü və rəhbərliyi altında prokurorluq orqanlarında aparılan mühüm islahatların əhəmiyyəti bu baxımdan xüsusi qeyd olunmalıdır. Müstəqil Azərbaycanımızın prokurorluq orqanlarının son illər ərzində qanunçuluq və hüquq qaydalarının möhkəmləndirilməsinə, insan hüquq və azadlıqlarının qorunmasına, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsinə xidmət etməklə dövlətçilik maraqlarından çıxış edən demokratik qurum kimi formalaşmasında, onun fəaliyyətinin təminatı üçün qanunvericilik və maddi-sosial bazanın yaradılmasında ulu öndərin xidmətləri əvəzolunmazdır. Ümummilli liderimizin: "Azərbaycan Respublikasının Prezidenti kimi mən prokurorluğa inanıram, güvənirəm və arxalanıram" sözlərini isə bütün prokurorluq əməkdaşlarının əməyinə verilən ən yüksək qiymət kimi dəyərləndirmək olar.
Prokurorluğun demokratik məzmunlu sivil bir dövlət təsisatı kimi formalaşmasında Heydər Əliyevin prokurorluq orqanlarının rəhbər işçiləri ilə 26 aprel 2000-ci il tarixdə keçirdiyi görüşün müstəsna əhəmiyyəti olmuşdur. Məhz həmin tarixi görüşdən sonra prokurorluq orqanlarında köklü islahatlar və struktur dəyişikliyi aparılmışdır. Ümummilli liderin tövsiyə və tapşırıqları rəhbər tutulmaqla həyata keçirilən hərtərəfli islahatlar nəticəsində bu gün Azərbaycan Prokurorluğu normal fəaliyyəti üçün mütərəqqi normativ hüquqi bazası, demokratik məzmunlu fəaliyyət prinsipləri və iş metodları olan sivil, çevik və işlək dövlət təsisatına çevrilmişdir. Eyni zamanda, Baş Prokurorluğun sıralarının saflaşdırılması, mövcud çatışmazlıqların aradan qaldırılması, müasir tələblər səviyyəsində işləməyə qadir kadr korpusunun formalaşdırılması, dövlətçilik maraqlarına xidmət edən təkmil nəzarət mexanizminin yaradılması istiqamətində böyük uğurlara nail olunmuşdur.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin fəaliyyətinin ilk dövrlərindən korrupsiya kimi ümumbəşəri sosial bəlaya qarşı təsirli tədbirlərə başlanılmış, 13 yanvar 2004-cü il tarixdə imzalanmış "Korrupsiyaya qarşı mübarizə haqqında" Qanunun tələblərindən irəli gələn bir sıra normativ aktlar və sənədlər qəbul edilmiş, Korrupsiyaya Qarşı Mübarizə üzrə Dövlət proqramları təsdiq edilmişdir. Korrupsiyaya qarşı mübarizəni dövlət siyasətinin mühüm istiqamətlərindən biri kimi müəyyən edən Prezidentin 28 oktyabr 2004-cü il tarixli fərmanı ilə Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əsasnaməsi təsdiq olunmuş, bu qurumun səlahiyyət və funksiyaları müəyyənləşdirilmiş, qısa müddət ərzində korrupsiyaya qarşı mübarizə sahəsində əhəmiyyətli nəticələr əldə olunmuşdur. Korrupsiya cinayətlərinə qarşı mübarizənin tam yeni müstəviyə qaldırılması prokurorluq orqanlarının qarşısında duran ən əsas vəzifələrdəndir. Bu sahədə prokurorluğa dövlət səviyyəsində göstərilən böyük inam və etimadın nəticəsidir ki, dövlət başçısının 2011-ci il 11 mart tarixli fərmanına və digər normativ sənədlərə müvafiq olaraq, Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin prokurorluq işçilərinin ümumi sayı artırılmış, MDB məkanında, habelə Azərbaycan Prokurorluğunun tarixində ilk dəfə olaraq ixtisaslaşmış antikorrupsiya qurumu olan bu idarəyə əməliyyat-axtarış fəaliyyətini həyata keçirmək səlahiyyətləri verilmiş, idarənin tərkibində yeni şöbələr yaradılmış, eyni zamanda, idarə işçilərinin aylıq vəzifə maaşları artırılmışdır.
Heydər Əliyev siyasi kursu bu gün onun ideyalarına daim sadiq qalan möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla və inamla davam etdirilir. Ulu öndərimizin: "Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm" deyərək dəyərləndirdiyi Prezidentimiz bu gün həqiqətən də, xalqın etimadını doğrultmaqla həmin ümidləri gercəkləşdirir.
Cənab İlham Əliyev tərəfindən həyata keçirilən məqsədyönlü siyasət nəticəsində ölkəmizdə demokratik tərəqqi, vətəndaş cəmiyyəti və hüquqi dövlətin formalaşması prosesi dönməz xarakter almış və görülmüş bütün bu nəhəng və qlobal işlər Azərbaycanda dövlət müstəqilliyinin daha da gücləndirilməsinə xidmət etməklə, onu, sözün əsl mənasında əbədi və daimi etmişdir. Müstəqil dövlətin vətəndaşları olaraq bu gün hər birimiz möhtərəm Prezidentimizin ətrafında daha sıx birləşərək, onun qarşıya qoyduğu bütün mühüm vəzifələrin yerinə yetirilməsində fəal iştirak etməli və ulu öndər Heydər Əliyevin şah əsəri olan müasir və müstəqil Azərbaycanımızın xoşbəxt sabahı naminə daha səylə çalışmalıyıq.
Fikrimi ulu öndər Heydər Əliyevin müdrik kəlamı ilə tamamlamaq istərdim: "Müstəqilliyi elan etmək, onun qorunması və möhkəmləndirilməsi istiqamətində dövlət tədbirləri həyata keçirmək nə qədər vacib olsa da, əsl müstəqilliyi qazanmaq üçün bu hələ azdır. Gərək hər bir insan, xüsusən gənc nəsil müstəqilliyin nə qədər müqəddəs olduğunu bütün varlığı ilə dərk etsin, onu qorumaq və möhkəmləndirmək üçün hər cür qurban verməyə hazır olsun".


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında