Ötən əsrin sonlarında müstəqilliyini bərpa edərək öz istiqlalına qovuşmuş Azərbaycan dinamik inkişaf yolu ilə inamla irəliləyir. Müstəqilliyimizin bərpasından ötən 20 il ərzində ölkəmiz iqtisadi, siyasi, sosial, mənəvi sahələrdə böyük uğurlar qazanmışdır. Əldə olunmuş möhtəşəm nailiyyətlər əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş və Respublika Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilən Azərbaycanın hərtərəfli inkişaf strategiyasının məntiqi nəticəsidir. Bu illər ərzində digər bölgələrlə yanaşı, ölkəmizin ecazkar təbiəti, görkəmli ziyalıları ilə sayılıb-seçilən rayonlarından olan Qaxda da genişmiqyaslı işlər görülmüş, bu diyar sanki tamamilə yenidən qurulmuş, müasirləşmiş, gözəlləşmişdir.
Qaxlılar fəxr edirlər ki, dövlət müstəqilliyi əldə edildikdən sonra burada başlanmış tikinti-quruculuq, abadlıq işləri bu gün daha yüksək templə, xüsusi zövqlə davam etdirilir. Hazırda Qax böyük tikinti meydanını xatırladır. Şəhərin küçələrində, səkilərdə, meydan və parklarda abadlıq işləri geniş vüsət alıb. Müstəqilliyimizin bərpasının 20-ci ildönümü ərəfəsində onlarla sosial, sənaye, təsərrüfat xarakterli obyektdə inşaat işləri tamamlanıb. Bu günlərdə onlardan ikisinin - Qıpçaq kənd tam orta məktəbinin yeni, müasir tipli binası və "Bank Respublika" ASC-nin Qax filialının təntənəli açılış mərasimi olub.
Açılış mərasimlərində çıxış edənlər rayonda bir-birinin ardınca istifadəyə verilən, dünya standartlarına tam cavab verən bu yaraşıqlı binaları dövlətimizin qaxlılara bayram hədiyyəsi kimi qiymətləndirməklə bərabər, xüsusilə vurğulayıblar ki, sürətlə davam edən bu quruculuq işləri Azərbaycanın günbəgün artmaqda olan iqtisadi qüdrətindən, Respublika Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə reallaşmaqda olan Heydər Əliyevin azərbaycançılıq ideyalarının təntənəsindən xəbər verir.
Bu günlər ölkəmizin digər bölgələrində olduğu kimi, Qaxda da böyük qələbəlik hökm sürür. Yollar, küçə və meydanlar, parklar bayramsayağı bəzədilmişdir. Sentyabrın 23-də əllərində şüarlar, plakatlar, bayraqlar, gül-çiçək tutmuş adamlar müstəqilliyimizin bərpasının 20-ci ildönümü münasibətilə həyata keçirilən bayram tədbirlərinə tələsirdilər. Ölkə başçısı İlham Əliyevin "Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümü haqqında" 21 yanvar 2011-ci il tarixli sərəncamına əsasən rayon icra hakimiyyətinin müvafiq tədbirlər planına uyğun olaraq idarə, müəssisə kollektivlərində, yaşayış yerlərində kütləvi tədbirlərin keçirilməsinə start verilmişdi.
Heydər Əliyev muzeyində, YAP rayon təşkilatının qərargahında, gənclər və idman idarəsində və Qax bələdiyyəsində "Heydər Əliyev müstəqilliyimizin qarantıdır", "Müstəqilliyimiz əbədidir, dönməzdir, sarsılmazdır", "Gənclər müstəqil Azərbaycanın gələcəyidir ", "Tarixi faktlar və reallıqlar" mövzuları ətrafında dəyirmi masalar, mədəniyyət müəssisələrində "Azadlığı istəmirəm zərrə-zərrə..." mövzusunda ədəbi-bədii gecələr, məktəblərdə "Müstəqil Azərbaycan məktəblilərin gözü ilə", "Azərbaycanın müstəqillik tarixi" mövzularında inşa yazı müsabiqələri, bilik və idman yarışları, sərgilər təşkil olunmuşdu. Kollektivlərdə müstəqilliyimizin bərpasının iyiriminci ildönümü münasibətilə keçirilən rəngarəng tədbirlərdə adamlar ikinci dəfə əldə edilmiş dövlət müstəqilliyinin qorunub saxlanmasında, müasir Azərbaycanın bugünki dinamik inkişafında xalqın təkidli tələbi ilə hakimiyyətə gələn ulu öndərimiz Heydər Əliyevin misilsiz xidmətlərindən, onun layiqli davamçısı, Respublika Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkədə, o cümlədən rayonda davam edən genişmiqyaslı quruculuq işlərindən geniş söz açır, fəxr edirlər.
Rayonun məktəblərində dövlət müstəqilliyimizin bərpasının 20-ci ildönümünə həsr olunmuş inşa yazı müsabiqələrində məktəblilərin yürütdükləri mülahizələrini, dövlətimizin bu günü və sabahı barədə fikirlərini, arzu və istəklərini əks etdirən yazı işlərini oxuduqca bir daha əmin olursan ki, yeniyetmə və gənclərimiz dövlətçiliyimizə sədaqət, vətənə məhəbbət ruhunda tərbiyə olunur və müstəqil Azərbaycanın gələcəyi etibarlı əllərdədir. Müsabiqə qaliblərindən biri, IX sinif şagirdi "Müstəqil Azərbaycan uşaqların gözü ilə" mövzusundakı inşa yazısında bugünkü müstəqilliyimizin əldə olunmasında ulu öndərimizin misilsiz xidmətlərindən bəhs edərək bildirir ki, "Əfsuslar olsun ki, ümummilli liderimiz artıq aramızda yoxdur. Müstəqilliyimizin bu təntənəli yubileyində hər bir vətəndaşımız istərdi ki, onun nurlu simasını görsün, bəlağətli nitqini dinləsin, təbrikini eşitsin. Amma sevindirici hal budur ki, ulu öndərimizin siyasi kursunun ən layiqli davamçısı olan İlham Əliyev bu gün ölkəmizə başçılıq edir. Hörmətli Prezidentimiz daim xalqın arzusunu öz arzusu bilir. Elini ucaldaraq özü də ucalır."
Dövlət müstəqilliyimizin bərpasının 20-ci ildönümü münasibətilə ümumrayon toplantısına şəhərin mərkəzi meydanına toplaşan ictimaiyyət nümayəndələri, idarə, müəssisə və inzibati orqanların rəhbərləri, YAP rayon təşkilatının fəalları, RİH başçısı Musa Şəkiliyevlə əvvəlcə ümummilli liderimiz Heydər Əliyevin abidəsi önünə tər gül-çiçək düzərək dərin hörmət və ehtiramlarını bildirdilər.
Sonra tədbir iştirakçıları RİH-in binasının foyesində təşkil olunmuş zəngin eksponatlardan ibarət sərgi ilə tanış oldular. Akt zalında keçirilən toplantıda məruzə ilə çıxış edən RİH başçısı Musa Şəkiliyev xalqımızın uzun illər arzusunda olduğu müstəqilliyin əbədiliyinin təmin edilməsində ulu öndərimiz Heydər Əliyevin xidmətlərindən, onun azərbaycançılıq ideyalarının həyata keçirilməsi üçün Respublika Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə aparılan quruculuq işlərindən geniş bəhs etdi. Bildirdi ki, Heydər Əliyev siyasi kursunu uğurla davam etdirən Respublika Prezidenti İlham Əliyevin rəhbərliyi ilə hazırda Azərbaycan dinamik inkişaf yolu ilə irəliləməkdədir. Son 8 ildə ölkəmiz dünyada analoqu olmayan templə inkişaf etmiş, ölkədə etibarlı siyasi sabitlik, iqtisadi tərəqqi əldə olunmuşdur.
Bayram tədbirləri rayonun müxtəlif idarə, müəssisə kollektivlərində davam etdi. Axşam saatlarında isə rayon mədəniyyət kollektivlərinin üzvləri və Bakıdan gəlmiş respublikanın görkəmli incəsənət xadimlərinin iştirakı ilə böyük bayram konserti oldu. Minlərlə rayon sakininin toplaşdığı Nizami parkındakı konsert gecə yarıyadək davam etdi. Konsertin sonunda böyük atəşfəşanlıq oldu. Yaşlı sakinlərin dediyinə görə Qax heç vaxt belə təmtəraqlı, izdihamlı günlər yaşamamışdı.
Rayonda dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümü ilə bağlı tədbirlər davam etdirilir.
{nl}
İ.MUSAOĞLU, "Xalq qəzeti"nin bölgə müxbiri
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.