Yaponiyada keçirilən Beynəlxalq Memarlar İttifaqının XXIV konqresində Azərbaycandan da nümayəndə heyəti iştirak edir

Sentyabrın 25-də Tokioda Beynəlxalq Arxitektorlar İttifaqının (BAİ) XXIV konqresi işə başlamışdır. Konqresin işində 200-dən çox ölkənin memarları, o cümlədən Azərbaycan Arxitektorlar İttifaqının nümayəndə heyəti iştirak edir. Oktyabrın 1-dək davam edəcək konqres Yaponiya paytaxtının ən müasir və yaraşıqlı tikililərindən sayılan Tokio Beynəlxalq Forumunun binasında keçirilir. 
Konqresin əhəmiyyətini yüksək qiymətləndirən Yaponiyanın İmperatoru Akihito və onun xanımı bu beynəlxalq tədbirin açılış mərasimində iştirak etmişlər.
Azərbaycan Arxitektorlar İttifaqının I katibi, konqresdə ölkəmizi təmsil edən nümayəndə heyətinin rəhbəri Elbəy Qasımzadə AzərTAc-ın xüsusi müxbirinə bildirmişdir ki, BAİ-nin təşkilatçılığı ilə keçirilən konqresin proqramına əsasən, beynəlxalq tədbirin əsas mövzusu "Layihə 2050 - fəlakətsiz, həmrəylik əsasında davamlı inkişafa doğru"dur. Məhz bu mövzu ətrafında müzakirələrdə memarlar fikir mübadiləsi aparacaq, inkişafın yeni istiqamətlərini müəyyən etməyə çalışacaqlar.
E.Qasımzadə qeyd etmişdir ki, XXI əsrin yeni başlamasına baxmayaraq, artıq insanlar çoxsaylı problemlərlə qarşılaşmaqdadırlar. Ətraf mühit, energetika, iqtisadiyyat, məskunlaşma, ərzaq təhlükəsizliyi, təhsil sahəsində mövcud problemlərə həm də, məsələn, martın 11-də Yaponiyada baş vermiş təbii fəlakətlər də əlavə olunur. Söz yox ki, memarlar bu problemləri təklikdə həll edə bilməzlər. Bu problemlər yalnız o vaxt həllini tapacaqdır ki, insanlar mövcud maneələri - dövlətlərin sərhədlərini, dini müxtəlifliyi, etnik və cinsi mənsubiyyəti, sənayenin inkişafı və nəsillər arasındakı fərqi kənara qoyub birlikdə çalışsınlar.
Konqresin məqsədi bütün dünya üzrə insanların texnoloji biliklərini birləşdirərək, şəhərlərin və arxitekturanın inkişafı ideyalarını araşdıraraq 2050-ci il üçün inkişaf konsepsiyasını yaratmaqdan ibarətdir.
Azərbaycanın son illər sürətlə inkişaf etdiyini, geniş inşaat işlərinin aparıldığını vurğulayan E.Qasımzadə bu baxımdan mövzunun bizim memarlarımız üçün də maraqlı olduğunu bildirmişdir. Bu istiqamətdə dünya təcrübəsinin öyrənilməsi və ölkəmizdə tətbiqi müasirləşmə və inkişaf baxımından mühüm əhəmiyyətə malikdir. "Tokio-2011" konqresi düşünürəm ki, digər arxitektorlar kimi, bizim də yaradıcılığımızda mühüm rol oynayacaqdır.
Nümayəndə heyətinin 11 nəfərdən ibarət olduğunu diqqətə çatdıran E.Qasımzadə vurğulamışdır ki, ilk dəfədir BAİ-nin konqresində Azərbaycandan bu qədər arxitektor iştirak edir. Bu, ölkəmizdə şəhərsalmaya, müasir arxitekturanın inkişafına və tətbiqinə nə dərəcədə böyük diqqət yetirildiyini təsdiq edir. Konqres çərçivəsində təşkil edilmiş sərgidə Azərbaycan memarlarının işlərinin xüsusi stenddə təqdim olunması, digər ölkələrin nümayəndələrinə bizdə aparılan tikintilərlə tanış olmaq imkanı verir.
Konqres çərçivəsində müxtəlif simpoziumlar, debatlar, təqdimatlarla yanaşı, BAİ-nin Baş Assambleyasının da keçiriləcəyini qeyd edən E.Qasımzadə təşkilatın yeni rəhbərliyinin formalaşacağını bildirmişdir. Azərbaycanın daxil olduğu II regionda da rəhbərliyin dəyişəcəyini diqqətə çatdıran AAİ-nin I katibi demişdir ki, bizim region üzrə rəhbərliyə həm Türkiyənin, həm də Bolqarıstanın namizədliyi irəli sürülmüşdür. Sentyabrın 29-da keçiriləcək region üzrə iclasda yeni rəhbərlik səsvermə yolu ilə müəyyən olunacaqdır.
BAİ-nin həm də "Arxitektura Olimpiadası" adlanan dünya konqresi bu sahədə çalışan minlərlə memar, mühəndis, tədqiqatçı və tələbənin toplaşdığı beynəlxalq əhəmiyyətli hadisədir. 1948-ci ildə ilk dəfə Lozannada təşkil edilmiş konqresdən sonra bu beynəlxalq tədbir hər 3 ildən bir dünyanın müxtəlif ölkələrində keçirilir.

{nl}

Vüqar AĞAYEV AzərTAc-ın xüsusi müxbiri
Tokio


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında