BAEA-nın konfransında diqqət Metsamor AES-in doğurduğu təhlükəyə yönəldilmişdir

Vyanada Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) Baş Konfransının 55-ci sessiyası keçirilmişdir. Sessiyada 152 üzv dövlət, müşahidəçi qismində Fələstin, BMT və onun ixtisaslaşmış qurumları, beynəlxalq və hökumətlərarası təşkilatlar, eləcə də qeyri-hökumət təşkilatları iştirak etmişlər. 
Azərbaycanın Avstriyadakı səfirliyindən bildirmişlər ki, konfransda ölkəmizi Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Mahmud Kərimovun rəhbərliyi ilə xarici işlər, fövqəladə hallar və ekologiya və təbii sərvətlər nazirliklərinin, AMEA-nın və Dövlət Gömrük Komitəsinin əməkdaşlarından ibarət nümayəndə heyəti təmsil etmişdir.
Sessiyanın gündəliyinə nüvə və radiasiya təhlükəsizliyi, nüvə terrorçuluğuna qarşı müdafiə tədbirləri, nüvə elmi, texnologiyaları və onların tətbiqi sahəsində agentliyin fəaliyyətinin gücləndirilməsi, agentliklə Koreya Xalq Demokratik Respublikası arasında Nüvə Silahının Yayılmaması üzrə Təminatlar Sazişinin yerinə yetirilməsi, Yaxın Şərqdə BAEA təminatlarının tətbiq edilməsi, İsrailin nüvə potensialı və s. mühüm məsələlər daxil edilmişdir.
Sessiyanın ilk günü BAEA-nın baş direktoru Yukiya Amano qurum çərçivəsində ötən 10 ayda görülmüş işlər barədə məruzə ilə çıxış etmişdir. Məruzədə Koreya Xalq Demokratik Respublikasında və İran İslam Respublikasında nüvə proqramları üzrə aparılan monitorinq və ekspertlərin işləri barədə məlumat verilmişdir.
Həmin gün Laos, Dominika və Tonqo yekdilliklə BAEA-nın üzvləri seçilmişlər.
Müzakirələr zamanı Azərbaycan nümayəndə heyəti Cənubi Qafqaz regionunda təhlükə mənbəyi olan, olduqca köhnəlmiş və təhlükəsizlik standartlarına cavab verməyən Ermənistanın Metsamor Atom Elektrik Stansiyası probleminə diqqəti yönəltmişdir. Nümayəndə heyətinin rəhbəri, akademik Mahmud Kərimov çıxışında BAEA ilə ölkəmiz arasında həyata keçirilən əməkdaşlığın istiqamətləri, Texniki Əməkdaşlıq Proqramı çərçivəsində Azərbaycanda hazırda həyata keçirilən layihələr, Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyinin fəaliyyəti barədə məlumat vermişdir.
Tədbirdə çıxış edən Türkiyə nümayəndəsi də, Metsamor AES-dən narahatlığını bildirmişdir.
Sessiyada BAEA-nın əsas qərar qəbul edən orqanı-Müdirlər Şurasının yeni üzvləri seçilmişdir. Xatırladaq ki, Azərbaycan 2009-2011-ci illərdə sözügedən orqanın üzvü olmuşdur.
Gündəlikdə duran bütün bəndlər üzrə qərarlar qəbul edildikdən sonra Baş Konfransın 55-ci sessiyası işini başa çatdırmışdır.

{nl}

Elgün NİFTƏLİYEV AzərTAc-ın xüsusi müxbiri
Vyana


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında