Taxtakörpü qəsəbəsindən başlanan yol yataqlara gedir. Geniş Qarabağ düzləri az qala sonsuzluğa qədər uzanır. Əvvəllər buralar bomboş idi. Laçın rayonunun qış yataqları bu ərazidə yerləşirdi. İndi isə yolun hər iki tərəfində didərgin obalar məskunlaşıb. Adları da eynən Laçındakı kimidir: Ağbulaq, Qoşasu, Minkənd, Alxaslı...
Yenicə salınmış qəsəbə isə hələ uzaqdan diqqəti cəlb edir. Sözün düzü, adam gözlərinə inanmır: qısa müddət ərzində burada hər cür şəraitə malik abad və müasir qəsəbə salınmışdır. Öyrəndik ki, qəsəbənin tikintisinə Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 1 iyul tarixli 298 nömrəli sərəncamı ilə təsdiq edilmiş "Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı"na ölkə başçısının 2007-ci il 31 oktyabr tarixli sərəncamı ilə edilmiş əlavələrə əsasən, 2010-cu ilin dekabr ayının sonlarında başlanılmışdır. Tikinti işləri Azərbaycan Respublikasının Dövlət Neft Fondundan ayrılmış vəsait hesabına, Məcburi Köçkünlərin Sosial İnkişafı Fondunun sifarişi ilə yerinə yetirilmişdir.
Qəsəbədə 552 yaşayış evi, 360 yerlik orta məktəb, 50 yerlik uşaq bağçası, inzibati bina, klub-icma mərkəzi, həkim ambulatoriyası və s. var. Hər birinin tutumu 50 kubmetr olan iki su anbarı tikilmişdir. Ağcabədi rayonundan 14 kilometr uzunluğunda magistral içməli su xətti, 20,3 kilometr uzunluğunda elektrik və təbii qaz xətləri çəkilmişdir. Hazırda son tamamlama işləri görülür.
Qəsəbəyə Ağcabədi rayonu ərazisində olan Xocavənd, Yastıyol və Taxtakörpü fin qəsəbələrində müvəqqəti məskunlaşmış 534, Ağcabədi rayonunda məktəb binalarında məskunlaşmış 18 köçkün ailələrinin köçürülməsi nəzərdə tutulmuşdur.
Bütün zəruri infrastruktura malik olan qəsəbədə 49 bir, 194 iki, 273 üç və 72 dörd otaqdan ibarət yaşayış evləri tikilmiş, müvafiq həyətyanı sahə ayrılmışdır. Onu da əlavə edək ki, bu ünvan Taxtakörpü ərazisində tikilmiş yeganə qəsəbə deyil. 2006 və 2007-ci illərdə Bərdə, Ağcabədi, Saatlı və Sabirabad rayonlarında çadır şəhərciklərində, yük vaqonlarında müvəqqəti məskunlaşmış 58 ailə üçün bütün infrastruktura malik 2 qəsəbə tikilib istifadəyə verilmişdir.
Bakı, Sumqayıt, digər şəhər və rayonlarda 268 yataqxana və ictimai binalarda 2792 ailədən ibarət 10375 nəfərə qədər laçınlı məskunlaşmışdır. Dövlət Proqramına uyğun olaraq, bu günədək 1920 laçınlı köçkün ailəsinin məskunlaşdığı 60 yataqxanada və digər ictimai binalarda təmir işləri aparılmış, onların yaşayış şəraiti yaxşılaşdırılmışdır.
Taxtakörpü ərazisində daxma evlərdə məskunlaşmış 3400 köçkün ailəsi üçün yeni evlərin tikintisi məqsədilə Dövlət Proqramına edilmiş əlavələrə uyğun olaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən 14 aprel 2010-cu il tarixdə 627 hektar torpaq sahəsi ayrılmışdır. Məcburi köçkünlərin yaşayış şəraitinin ağırlığı nəzərə alınaraq aidiyyatı qurumlar qarşısında məsələ qaldırılmış və 3400 evdən 1500-nün 2011-2014-cü illərdə tikilməsi Dövlət Proqramına daxil edilmişdir. Hazırda bu məqsədlə təşkilati işlər aparılır.
Müdafiə Nazirliyinin hərbi hissələrində məskunlaşmış 220, respublikanın 8 rayon və şəhərində məktəb binalarında məskunlaşmış 69, fin tipli qəsəbələrdə məskunlaşmış 346 laçınlı məcburi köçkün ailəsi üçün də yeni evlərin tikilməsi nəzərdə tutulmuşdur. Bundan başqa, Dövlət Proqramına edilmiş əlavələrdə Bakı Dövlət Universitetinin yataqxanasında məskunlaşmış 12, Naftalan şəhərində 4 sanatoriyada məskunlaşmış 77, Bakı şəhərində Təcili Tibbi Yardım stansiyasının yarımçıq qalmış binasında məskunlaşmış 22, Bakı və Sumqayıt şəhərlərində şəxsi mənzillərdə məskunlaşmış 125, Təhsil Nazirliyinin tabeliyində olan peşə təhsili müəssisələrinin inzibati binalarında və yataqxanalarında məskunlaşmış 95 köçkün ailəsi üçün də 2011-2014-cü illərdə yeni evlərin tikintisi qərara alınmışdır.
Cari ilin may ayında rayon icra hakimiyyətinin binası önündə ümummilli lider Heydər Əliyevin qranitdən yeni büstü qoyulmuşdur. Ərazidəki parklarda, Şəhidlərin Xatirə Kompleksinin və rayon icra hakimiyyətinin ətrafında xeyli abadlıq işləri görülmüşdür. 450 gül, 500 həmişəyaşıl ağac əkilmiş, yol kənarı və meydanlarda işıqlandırıcı dirəklər quraşdırılmışdır.
Taxtakörpü qəsəbəsinə 21 kilometr uzunluğunda təbii qaz xəttinin çəkilişi başa çatmışdır. Məcburi köçkünlərin elektrik enerjisi ilə bağlı problemlərinin daha yaxşı həll olunması məqsədilə 250 kilovoltluq transformator yenisi ilə əvəz olunmuşdur.
Bundan başqa, Qaraqışlaq obasında, rayon mərkəzi xəstəxanasında yeni transformator quraşdırılmış, 4 min metr uzunluğunda müxtəlif gücə malik elektrik hava xətti yenisi ilə əvəz olunmuşdur.
Biz burada əsasən son illər salınmış yeni qəsəbələr barədə danışdıq. Yeri gəlmişkən, əlavə edək ki, istər Taxtakörpü qəsəbəsində, istərsə də məcburi köçkünlərin sıx məskunlaşdığı digər ərazilərdə tikinti-abadlıq və quruculuq işləri ardıcıl, sistemli və mütəşəkkil qaydada davam etdirilmişdir. İnsan amili, vətəndaşları narahat edən vacib sosial məsələlərin həlli, yerlərdə keçirilən qəbul günləri, iqtisadi, sosial və mədəni məsələlərin həllinə kompleks münasibət daim diqqət mərkəzində saxlanılır. Nəticədə, ümumi məhsul istehsalı əvvəlki illərlə müqayisədə xeyli artmış, adamların gün-güzəranı, yaşayış səviyyəsi yüksəlmiş, məcburi köçkünlərin işlə təminatı yaxşılaşdırılmışdır.
Taxtakörpü ərazisində təsərrüfat suyuna olan tələbatın ödənilməsi məqsədilə 41 nasos, elektrik mühərriki və hidrotexniki qurğu əsaslı və cari təmir edilmiş, 57,4 kilometr uzunluğunda kanallar lildən təmizlənmişdir. Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti ilə aparılmış məqsədyönlü tədbirlərin nəticəsi olaraq baş verə biləcək təhlükənin qarşısının alınması məqsədilə Kür çayının Taxtakörpü ərazisindən keçən sağ sahili boyunca əsaslı şəkildə bəndbərkitmə işləri həyata keçirilmişdir.
Göründüyü kimi, inkişaf və irəliləyişin miqyası geniş, sürəti böyükdür. Laçınlı məcburi köçkünlər bütün bu uğurları, əlbəttə, ilk növbədə ölkə Prezidenti İlham Əliyevin gündəlik diqqət və qayğısı kimi qiymətləndirirlər. Onlar möhkəm inanır və ümid edirlər ki, ölkə rəhbərliyinin ardıcıl və qətiyyətli daxili və xarici siyasəti, müdrik diplomatik səyləri nəticəsində doğma torpaqlarımız düşmən tapdağından azad olunacaq, bütün qaçqın və məcburi köçkünlər, o cümlədən laçınlılar ata-baba yurdlarına dönəcəklər.
{nl}
Ziyəddin SULTANOV, "Xalq qəzeti"nin bölgə müxbiri, Fotolar Rafiq SALMANOVUNDUR
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.