Şərur rayonunun Siyaqut kəndində kənd mərkəzi və həkim ambulatoriyası istifadəyə verilmişdir

Şərur rayonunun Siyaqut kəndində kənd mərkəzi və həkim ambulatoriyası istifadəyə verilmişdir. Bu münasibətlə keçirilmiş mərasimdə inkişafın yeni modeli olan Naxçıvanda kompleks quruculuq işlərinin həyata keçirilməsi, yaşayış məntəqələrinin müasir görkəm alması qeyd olunmuşdur. Bildirilmişdir ki, bu gün uğurla davam etdirilən Heydər Əliyev siyasi xətti muxtar respublikanı sürətli və davamlı inkişaf yoluna çıxarır, iqtisadi potensialını gücləndirir.
Siyaqut kəndində bir gündə 5 sosial obyektin istifadəyə verilməsi Azərbaycan dövlətinin iqtisadi qüdrətini göstərməklə bərabər, Naxçıvan Muxtar Respublikasında da Heydər Əliyev quruculuq xəttinin uğurla davam etdirildiyini bir daha təsdiqləyir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Siyaqut kəndinin muxtar respublikanın abad yaşayış məntəqələri sırasına qoşulması münasibətilə sakinləri təbrik edərək demişdir:
- Ulu öndər Heydər Əliyevin siyasi kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində bu gün ölkəmiz inkişaf edir, bütün sahələrdə mühüm nailiyyətlər qazanılır. Bütün sahələrin inkişafı üzrə qəbul olunan dövlət proqramlarının uğurlu icrası hər bir bölgənin inkişafında özünün əyani ifadəsini tapır. Xüsusən elm, təhsil, səhiyyə, mədəniyyət sahələrində kompleks işlər aparılır, ordu quruculuğu prosesi uğurla həyata keçirilir. Əldə olunan nailiyyətlərin tərkib hissəsi kimi kəndlərimizin abadlaşmasına, müasirləşməsinə lazımi diqqət yetirilir. Artıq kəndlərimiz təbii qaz və elektrik enerjisi ilə təmin olunmuş, telefonlaşdırılmışdır. Həmçinin müasir məktəblər, tibb ocaqları əhalinin istifadəsinə verilir.
Ali Məclisin sədri demişdir ki, bu gün Siyaqut kəndinin timsalında Azərbaycan dövlətinin insan amilinə, onun yüksək şəraitdə yaşamasına xidmət edən siyasəti, insanlara qayğısı, eyni zamanda ölkəmizin inkişaf modeli öz əksini tapmışdır. Kənddə həyata keçirilən kompleks quruculuq, abadlıq işləri ilk növbədə əhalinin rahatlığına xidmət edən amildir. Yeni inşa olunan kənd mərkəzində yaradılan şərait də sakinlərə lazımi səviyyədə xidmət göstərməyə imkan verəcəkdir. Kənd yaşayış məntəqələrində məskunlaşma, kənd təsərrüfatının inkişafı, həm də ümumilikdə ölkəmizin inkişafına böyük töhfə verir.
Ali Məclisin sədri demişdir: 1750-yə yaxın əhalinin yaşadığı Siyaqut kəndində hazırda 445 nəfər dövlətdən əməkhaqqı, müavinət və təqaüd formasında vəsait alır. Bu, dövlətimizin kənd sakinlərinin sosial rifah halının yaxşılaşmasına göstərdiyi qayğının, köməyin daha bir nümunəsidir. Bunun müqabilində kənd sakinləri, kənd bələdiyyəsi, icra nümayəndəliyi tikilənlərdən, qurulanlardan düzgün istifadə etməli, abadlıq və yaşıllaşdırma işlərində fəallıq göstərməlidirlər.
Ali Məclisin sədri əmin olduğunu bildirmişdir ki, zəhmətkeş Siyaqut camaatı qurulanları qoruyacaq, kəndin abadlaşdırılmasında bundan sonra da fəal iştirak edəcək, bu kənd muxtar respublikanın nümunəvi kəndləri sırasında öz yerini qoruyacaqdır.
Sonra kənd mərkəzinə baxış olmuşdur. Mərkəzdə icra nümayəndəliyi, rabitə evi, polis sahə və baytarlıq məntəqələri, kitabxana, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı, bələdiyyə, kənd mədəniyyət evi, zal yerləşir.
Həmin gün Siyaqut kəndində həkim ambulatoriyası və xidmət mərkəzi istifadəyə verilmişdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında