İrəvanda keçirilən "yubiley paradı" Ermənistan ordusunun acınacaqlı vəziyyətdə olduğunu açıq-aydın göstərdi

Ölkənin birinci kanalı: Bu "militari-şou" şərəfsizlik paradıdır

{nl}

Son günlər regionun kütləvi informasiya vasitələrində Ermənistanda keçirilmiş hərbi parad haqqında geniş söhbət açılır. Maraqlıdır ki, bu söhbətlərin heç birində Ermənistan silahlı qüvvələrinin sonuncu "güc nümayişi" haqqında müsbət fikir söyləyən yoxdur. Çünki Ermənistan ordusu acınacaqlı vəziyyətə düşmüşdür. Buna baxmayaraq, gah hərbi təlim keçirmək istəyirlər, gah da paradla olmayan hərbi potensiallarını nümayiş etdirməyə çalışırlar. Sentyabrın 21-də İrəvanda sirk oyunbazlığına bənzər bir parad keçirilib. Müasir erməni ordusunun və Ermənistan silahlı qüvvələrinin mövcud durumu hamıya məlum olsa da, bəzi faktları yada salmaq istəyirik.
Bir çox dünya ekspertləri bugünkü Ermənistanın vəziyyətini ironik sarkazmla təsvir edirlər. İqtisadi tənəzzülə məruz qaldığı halda Ermənistanın rəhbərləri mövcud olmayan uğurlardan bəhs edir, çökmüş ölkələrini sürətli iqtisadi inkişafı ilə dünyaya səs salan Azərbaycanla müqayisə etməyə çalışırlar. Və ya əhalinin sayının sürətlə azaldığı, ölkədən qaçaraq canını qurtaranların sayının isə artdığı bir vaxtda demoqrafik inkişafdan, sosial vəziyyətin dözülməz olduğu bir vaxtda dövlətin insanlara qayğısından danışır, faktiki forpost olduğu halda dövlətçilikdən dəm vururlar. Hər bir məsələdə də Azərbaycan ilə müqayisəyə cəhd göstərirlər və nəticədə acı gülüş obyektinə çevrilirlər. Sentyabrın 21-də Ermənistanın müstəqilliyinin 20 illiyi münasibətilə İrəvanda keçirilən hərbi parad da növbəti biabırçı təşəbbüslərdən biri idi və bu, bir daha Ermənistan cəmiyyətinin və silahlı qüvvələrinin acınacaqlı durumunu açıq nümayiş etdirdi.
Vəziyyətin fərqinə varan Ermənistanın keçmiş prezidentləri Robert Koçaryanın və Levon Ter-Petrosyanın bu biabırçılıqda iştirakdan imtina etməsi də təsadüfi deyildi. Ermənistan ordusunun düşdüyü bərbad vəziyyətdən xəbərdar olan keçmiş prezidentlər də yaxşı bilirlər ki, təşkil olunan bu şouda nümayiş etdiriləcək hərbi texnika köhnə, SSRİ-dən qalmış və artıq heç nəyə yaramayan tanklar, təyyarələr, artilleriya qurğuları və sairdən ibarət olacaq. Çünki fakt budur ki, ağır iqtisadi böhranla üz-üzə qalan Ermənistanda hər sahədə geriləmə var və bu səbəbdən ölkə nəinki yeni, müasir silahlar almaq iqtidarındadır, onları modernləşdirməyə belə gücü yetmir. Ona görə də təşkil olunan bu şouda ordunun hərbi sursatının və texniki təchizatın acınacaqlı vəziyyətdə olduğu növbəti dəfə üzə çıxacaqdı. Bundan başqa, Ermənistanın Rusiyanın regiondakı forpostu olması da növbəti dəfə açıq-aşkar ortaya çıxacaqdı ki, bunu da erməni xalqı öz qüruruna sığışdıra bilməzdi. Paraddan əvvəl və sonra Rusiyanın Gümrüdəki hərbi bazasında xidmət edən hərbçilərin paradda federasiyanın bayrağı altında keçməsi, paradı qəbul edən müdafiə naziri Seyran Ohanyanın rus hərbçilərini onların öz dilində salamlaması, ölkənin Rusiyanın forpostu olduğunun açıq şəkildə dünyaya bəyan edilməsi kütləvi narazılıqla, etirazlarla qarşılanıb. Xatırladaq ki, hələ Ermənistanın birinci kanalı paraddan əvvəl yayınladığı reportajda xüsusilə bu məqama toxunub və bunu birmənalı şəkildə rüsvayçılıq, şərəfsizlik adlandırıb. Reportajda deyilir: "Hazırlanan "militari-şou" şərəfsizlik paradıdır. Milli qürurun ifadə forması kimi keçirilməsi nəzərdə tutulan parad mahiyyət etibarilə milli biabırçılığa çevriləcək. Çünki həmin paradda Rusiya bayrağı altında rus sərhədçilərinin ölkənin əsas meydanından keçməsi gözlənilir. Parad zamanı rus hərbçilərinin keçməsindən daha çox, məhz sərhədçilərin keçməsi ermənilər üçün biabırçılıqdır. Biz göstəririk ki, guya bizim silahımız var, baxın, qorxun, ancaq eyni zamanda rus sərhədçiləri keçərək göstərəcəklər ki, əgər biz özümüz öz sərhədlərimizi qoruya bilmiriksə, bunların hamısı heç nədir. Biz öz qapımızı qoruya bilmirik və bu missiyanı Rusiyaya həvalə edirik. Müstəqil və suveren ölkənin bundan nümayişkaranə rüsvayçılığını təsəvvür etmək belə çətindir".
Ermənistan mətbuatının yazdığına görə, paradda Rusiya hərbçilərinin iştirakına qarşı bir qrup jurnalist etirazını bildirərək aksiya keçirməyə cəhd göstərib. Lakin onlar həbs olunublar. Onlar "Xarici bayraqlara yox", "Müstəqil Ermənistan" və "Ermənistan Rusiyanın bir hissəsi deyil" kimi şüarlar səsləndiriblər. Ölkədə ictimai qınaq o həddə çatıb ki, Ermənistanın Müdafiə Nazirliyi açıqlama vermək məcburiyyətində qalıb. Nazirliyin rəsmisi David Karapetyan bildirib ki, Ermənistan hakimiyyəti Rusiya hərbçilərinin paradda iştirakına mühüm əhəmiyyət verib. O əlavə edib ki, "Müdafiə sahəsində Ermənistanla Rusiya arasındakı əməkdaşlığın dərin kökləri bizim cəmiyyətimiz üçün sirr deyil". Karapetyandan fərqli olaraq bir çox erməni eksperti isə bildirir ki, Rusiya hərbçilərinin paradda iştirak etməsi Ermənistan hakimiyyətinə ünvanlanmış ciddi mesajdır. Bununla Moskva İrəvana bir daha xatırladır ki, onun nəzarətində və silahlarının kölgəsində "müstəqil" olduğunu xarici siyasət xəttini müəyyənləşdirərkən unutmamalıdır.
Hərbi paradda diqqəti çəkən digər bir məqam isə nizam-intizamın bərbad vəziyyətdə olması idi. Tədbirdə iştirak edən və hərbi hissələrdə nizam-intizamın olmaması, elementar keçid qaydalarına riayət edilməməsi açıq-aşkar görünürdü. Meydanın çala-çuxur olması isə hərbçilərin tez-tez büdrəməsinə, gülünc vəziyyətə düşməsinə səbəb olurdu. Bəzi erməni hərbi ekspertləri, əslində, əsgər və zabitlərin büdrəməsini, yıxılmasını meydandakı çala-çuxurla deyil, onların ac və gücsüz olması, taqətdən düşməsi, dizlərində hey qalmaması ilə izah edirlər. Bütün bunların fonunda paradda yaddaqalan tək şey hərbi orkestrin tryukları və silahla jonqlyorluqdan ibarət sirk oyunbazlığı olub.
Yuxarıda qeyd etdiyimiz kimi, Ermənistan hər bir məsələdə Azərbaycanı təqlid etmək istəyir. Ancaq zəif, gücsüz və forpost bir dövlətin sürətlə inkişaf edən, hər gün daha da qüdrətlənən və müstəqilliyinin 20-ci ildönümünü şərəflə qeyd edən digər bir dövləti təqlid etməyə çalışması qədər gülünc heç nə ola bilməz. Ermənistanın düşdüyü bu biabırçı vəziyyət postsovet məkanında ermənipərəst kütləvi informasiya vasitəsi kimi tanınan "Regnum" agentliyi də etiraf etmək məcburiyyətində qalıb. Agentlik parada çıxarılmış hərbi texnika və silah sistemlərini təhlil edərək belə qənaətə gəlib ki, bu il iyunun 26-da Bakıda keçirilmiş Azərbaycan Silahlı Qüvvələrinin paradı real güc nümayişi olub. Müəllifə görə, xüsusən Hərbi Hava Qüvvələri sahəsində Ermənistan Azərbaycandan çox geridə qalır: "Döyüş təyyarələri baxımından yeniliklər gözə dəymədi. Respublika meydanı üzərindəki səmada yalnız Su-25 təyyarələri, Mi-24 və Mi-8 vertolyotları uçuş keçirdi. Bütün bunlar nəzərə alınsa, döyüş təyyarələri üzrə regional balans Azərbaycanın xeyrinədir". "Regnum" onu da qeyd edir ki, son illər Azərbaycanın yiyələndiyi Su-25 və Miq-29 təyyarələri ona səmada üstünlük verir: "Hazırda Azərbaycan bölgədə müasir qırıcılara malik yeganə ölkə olaraq qalır".
Zenit-raket komplekslərinə gəlincə, "Regnum" bu sahədə də Azərbaycanın üstünlüyü ələ aldığını yazır: "Silahların bu növündə də qüvvələr balansı Azərbaycanın xeyrinədir, çünki Azərbaycan Ukraynadan 12 ədəd "Smerç" raket sistemi alıb, bundan başqa, onun "Uraqan" tipli kompleksi də var". Yeri gəlmişkən, "Smerç" raket sistemi ilə bağlı Ermənistan rəhbərləri paradda biabır olmaqla yanaşı, həm də pərt vəziyyətə düşüblər. Ölkə rəsmiləri dəfələrlə tədbirdə həmin sistemin nümayiş etdiriləcəyini bəyan etdikləri halda, bu, baş tutmayıb.
Hər kəsə məlumdur ki, Ermənistanda keçirilən bu parad Azərbaycana cavab xarakteri daşıyırdı. Ancaq tədbirdən sonra Azərbaycan Ordusunun paradı ilə Ermənistanın "parad" adlandırılan şousu iki ölkənin silahlı qüvvələri arasında kəskin fərqi bir daha ortaya çıxardı. Dünyada yaşayan bütün azərbaycanlıların fəxrlə izlədiyi hərbi paradda Silahlı Qüvvələrimizin əsgər və zabitlərinin nümayiş etdirdiyi nizam-intizam, Azərbaycan hərbi sənayesinin istehsalı olan hərbi texnika və müasir silah-sursatlar daha çox diqqəti cəlb etdi. "Şimşək" raket kompleksləri, "Qırğı" tank əleyhinə raket kompleksləri quraşdırılmış "Əqrəb" markalı xüsusi zirehli avtomobillər, Daxili Qoşunların "SOFA", Dövlət Sərhəd Xidmətinin "Kobra" zirehli maşınları, xüsusi təyinatlı bölmələrin "Land Rover" və "Mercedes" maşınları, Daxili Qoşunların "Cardom" tipli minaatanlarını görən hər kəs sonsuz qürur hissi keçirirdi. Hərbi birləşmələrimizin malik olduğu silah və texnika bununla bitmirdi. Müxtəlif çaplı, müasir tipli yedəkli artilleriya sistemləri, avtomatik minaatanlar, tank əleyhinə toplar, haubitsalar, qoşqular, zireh sistemləri bir-birinin ardınca meydanda boy göstərdilər. Onlar arasında olan "Dolu-1" 20,4 kilometr, "Leysan" 45, "Şimşək" 150, "Qasırğa" isə 70 və 90 kilometrlik məsafələrə reaktiv mərmi atmaqla hədəflərə dəqiq zərbə vurmaq imkanına malikdir.
Azərbaycan Silahlı Qüvvələri müasir zenit-raket komplekslərinə malikdir. Ölkəmizdə yüksək dəqiqliklə aparılmış modernləşdirmə nəticəsində "Kaman" zenit-raket kompleksinin maksimal vurma qabiliyyəti 35 kilometrə çatdırılmışdır. Yüksək hündürlükdə uçan sürətli təyyarələri, qanadlı raketləri vurmaq üçün təyin edilmiş "Qalxan" zenit-raket kompleksinin hədəfi məhvetmə imkanları üfüqi və şaquli məsafələrə müvafiq olaraq 255 və 40 kilometrə çatdırılmışdır. "Favorit" zenit-raket sistemi isə eyni anda saniyədə 2800 metr sürətlə uçan 6 müxtəlif hədəfə qarşı atəş əməliyyatı aparır və 27 min metrədək hündürlükdə hədəfləri məhv edir. "ARI-1T" mobil avtonom zenit-raket kompleksinin ölkəmizdə modernləşdirilməsi nəticəsində 12 kilometr məsafədə və 7 kilometr hündürlükdə hədəfi məhv etmək imkanına malik olmuşdur. Özüyeriyən "Nərgiz" topları xüsusi mərmilərdən istifadə edilməklə 47,5 kilometr dərinlikdə olan hərbi təyinatlı strateji obyektlərə zərbələr endirməyə qadirdir. Azərbaycanda aparılan modernləşdirilmə nəticəsində "T-72" tankları - "Aslanlar" ən müasir tələblərə uyğunlaşdırılmış, atəşi və döyüşü idarəetmə sistemləri təkmilləşdirilmiş və tam kompyuterləşdirilmişdir.
Sevindirici hal ondan ibarətdir ki, müasir dünya ordularında da istifadə olunan həmin silahların böyük bir qismi ya ölkəmizdə istehsal olunmuş, ya da Bakıda modernləşdirilmişdir. Bu isə Azərbaycanın hərbi gücünün kifayət qədər artıdığının göstəricisidir.
Sonda məqaləni Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin böyük reallığı əks etdirən sözləri ilə bitirmək yerinə düşərdi. Azərbaycan Prezidenti demişdir: "Bu gün Azərbaycanda nizami ordu vardır. Mən hərbi hissələrə tez-tez gedir, vəziyyətlə tanış oluram. Tam məsuliyyətlə deyə bilərəm ki, bu gün Azərbaycan Ordusu çox yüksək səviyyədədir. Ordumuzda peşəkarlıq, döyüş qabiliyyəti artır, Silahlı Qüvvələrdə ruh yüksəkliyi vardır. Bütün bu məsələlər bizi çox sevindirir. Azərbaycanda Ordu quruculuğu prosesi bundan sonra da uğurla gedəcəkdir. Ordumuz ölkə qarşısında duran vəzifələri icra etmək üçün bütün imkanlara malikdir".
Məhz bunun nəticəsidir ki, Azərbaycan Ordusunun 26 iyun tarixli paradı 50 milyonluq xalqımızın iftixar və qürur mənbəyinə çevrildi. Ermənistanın özü kimi cırtdan olan ordusu isə hər təlim və ya paraddan sonra rüsvay olur, qınaq ünvanına çevrilir. Çünki əməlləri xəyanət və haram üstündə qurulub. Ona görə də həmişə rüsvay olacaqlar.

{nl}

Rauf ƏLİYEV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında