Azərbaycanda qadın məşğulluğunun inkişafı məsələlərinə xüsusi diqqət yetirilir

Sentyabrın 21-də Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK) və "BMT Qadınlar" Təşkilatının Şərqi Avropa və Mərkəzi Asiya Regional Ofisinin birgə təşkilatçılığı ilə "Qeyri-formal iqtisadiyyat sahəsində çalışan qadınların imkanlarının genişləndirilməsi: əhalinin həyat səviyyəsi və keyfiyyətinin yüksəldilməsinin səmərəli vasitəsi kimi" mövzusunda "dəyirmi masa" keçirilmişdir. 
Azərbaycan qadınlarının iqtisadi sahədə uğurlarından danışan komitə sədri Hicran Hüseynova bildirmişdir ki, 2006-2015-ci illər üçün Azərbaycanın Məşğulluq Strategiyasında qadınların iqtisadi sektorda işinin stimullaşdırılması, kiçik müəssisələrin inkişafı prosesində gender bərabərliyinin təmin edilməsi və sair də daxil olmaqla işlə təmin edilmələri üzrə kompleks tədbirlər həyata keçirilir. Qadınların potensialının tam şəkildə reallaşdırılması prosesini daim fəal surətdə dəstəkləyən Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva qadın məşğulluğunun inkişafı məsələlərinə də diqqət yetirir.
Qeyd edilmişdir ki, ölkəmizdə ümumi iqtisadi fəal əhali 4 milyon 331 min 800 nəfər təşkil edirsə, onun 2 milyon 130 mini qadındır. Hazırda ölkə iqtisadiyyatının demək olar ki, bütün sahələrində qadınlar çalışırlar və onların məşğul əhalinin ümumi sayında payı 49,5 faizə çatmışdır. Əmək qabiliyyətli qadınların 69,2 faizi özəl sektorda, 30,8 faizi isə dövlət sektorunda çalışır. Özəl sektorda çalışan qadınların yalnız 3 faizinin öz şəxsi biznesi vardır. Sosial sahələr üzrə idarəetmə strukturlarında çalışan qadınlar 33 faiz təşkil edir. Bizneslə məşğul olan qadınlar əsasən kiçik müəssisələrdə fəaliyyət göstərir və onların çox az hissəsi orta və böyük müəssisələrdə çalışırlar.
H.Hüseynova Azərbaycanda fəaliyyət göstərən sahibkar qadınlar haqqında informasiya bankının yaradıldığını, ölkədə sahibkarlığın inkişafının sürətləndirilməsi, biznesə başlama prosedurlarının sadələşdirilməsi üçün dövlətimizin başçısının sərəncamı əsasında "bir pəncərə" sisteminin tətbiq edildiyini bildirmişdir. Bu sistem bütün sahibkarlar üçün əlverişli şərait yaradır və tez bir zamanda biznes fəaliyyətinə başlamağı təmin edir. Komitə sədri qeyri-formal sektorda çalışan qadınların sosial vəziyyətinin daha da yaxşılaşdırılması və onların hüquqlarının daha dolğun təmin edilməsi və əlavə tədbirlərin keçirilməsi ilə bağlı təkliflərini diqqətə çatdırmışdır.
"Dəyirmi masa"da çıxış edən "BMT Qadınlar" Təşkilatının Şərqi Avropa və Mərkəzi Asiya regional proqram direktoru xanım Damira Sartbayeva, BMT-nin İnkişaf Proqramı üzrə Bakı ofisinin nümayəndəsi Nato Alxazişvili dünyada iqtisadi və sosial siyasi vəziyyətin dəyişməsi nəticəsində əhalinin məşğulluğu sahəsində də dəyişikliklər yarandığını qeyd etmişlər. Müasir şəraitdə qeyri-formal sektor müxtəlif ölkələrin iqtisadiyyatı üçün yeni anlayışdır. Bazar iqtisadiyyatına keçid dövründə onun tərkibi, miqyası, xarakteri əhəmiyyətli dəyişikliklərə uğramışdır. Əsas məqsəd qeyri-formal sektorda çalışanların, xüsusilə də qadınların əmək hüquqlarının təmin olunmasına nəzarət etmək, onlara bütün sosial qarantiyalardan hərtərəfli faydalanmağa imkan yaratmaqdır.
Tədbir çərçivəsində keçirilən sessiyalarda "Qeyri-formal sektorda qadınların fəaliyyəti: tendensiyalar, suallar və problemlərin həlli yolları", "BMT Qadınlar" Təşkilatının qadınların iqtisadi və sosial hüquqlarının möhkəmləndirilməsinə dəstəyi: qadınların məşğulluğu məsələlərinin qaldırılması və həlli", "İqtisadiyyatın qeyri-formal sektorunda çalışan qadınların dəstəklənməsi sisteminin təkmilləşdirilməsi" və s. mövzularda çıxışlar dinlənilmiş, müzakirələr aparılmışdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında