Şriftin ölçüsü:
18.05.2010 05:24 | Oxunma sayı: 444
Təbiətin fəlakət zonasına çevirdiyi rayonlarda artıq həyat əvvəlki məcrasına düşür, gərginlik aradan qaldırılır. Əlbəttə, təbii fəlakətin qarşısının alınması, əhaliyə dəyəcək zərərin miqyasının genişlənməməsi üçün yerlərdə insanlar dövlət başçısı İlham Əliyevə minnətdarlıqlarını dilə gətirirlər. Çünki mayın 11-də Prezident İlham Əliyev keçirdiyi səyyar müşavirədə fəlakət zonasında ev-eşiyini, rahatlıqlarını itirmiş əhaliyə lazımi qayğı və kömək göstərilməsinin zəruriliyini qeyd etmiş, bu məqsədlə aidiyyəti dövlət qurumlarına konkret tapşırıqlar vermişdir.
Həyata keçirilən tədbirlər öz müsbət nəticəsini verir. Kürün daşması ilə bağlı fəlakət zonasından çıxarılmış əhali artıq öz evlərinə qayıdır. Şirvan və Sabirabad rayonları arasındakı ərazilərdə bəndvurma işləri başa çatdırılıb. Dəymiş zərərin aradan qaldırması və əhalinin baş verə biləcək təhlükələrdən qorunması üçün dövlət orqanları fəlakət baş verən ərazilərdə birgə fəaliyyət göstərməklə müvafiq tədbirlər həyata keçirməkdədirlər. Kür çayının Sabirabad rayonundan keçən hissəsində suyun səviyyəsi aşağı düşüb. Şirvan və Sabirabad rayonlarını birləşdirən bölgədə, Sabirabad rayonun Ulacalı və Mürsəlli kəndlərində dağılan bənddə işlər tamamilə başa çatdırılıb. Fövqəladə Hallar Nazirliyi, Meliorasiya və Su Təsərrüfatı ASC tərəfindən hazırda müvafiq tədbirlər həyata keçirilir. Şirvan-Sabirabad magistral yolunda avtomobillərin hərəkəti bərpa olunub. Səhiyyə naziri O.Şirəliyev əhalinin sağlamlığı ilə bağlı tədbirlər planının hazırlandığını bildirib. Nazir göstərib ki, hazırda əhali arasında tibbi müayinələr aparılır. Heç bir infeksiya doğuran hal qeydə alınmayıb.
Daşqınlarla əlaqədar çayın deltasında və əks istiqamətdə lilin təmizlənməsi işləri də sürətləndirilib. Xəzər Dəniz Gəmiçiliyinə məxsus "Abşeron-5"və "Narva" gəmiləri lili dağıtmaqla deltanı xeyli dərinləşdirib. "Narva" gəmisi dağıdılan lili sovuraraq Xəzərin dərin hissəsinə aparır. Görüləcək işlər hesabına delta 6 metrə qədər dərinləşəcək. Artıq 1,5 kilometr ərazidə aparılan qazıntı işləri yekunlaşdırılıb. Çayın dənizə tökülən 2,6 kilometr uzunluğunda olan digər qolunun dərinləşdirilməsi də aparılır. 110 metr enində olan bu qolda işləri "Azərenerjitikintiquraşdırma" idarəsinin "İnam" gəmisi yerinə yetirir. Çayın qolu 5 metr dərinləşdirilib. Kompleks işlərin yerinə yetirilməsi Kür çayının dənizə daxil olmasına şərait yaradaraq, bu çayın axınını xeyli sürətləndirəcək. Kür çayının Sabirabad rayonu ərazisindən keçən hissəsində suyun səviyyəsi 5 santimetr qalxıb. Mütəxəssislər isə bunu Kürdə bəndlərin bərkidilməsindən sonra kənara sızıntının olmaması ilə izah edirlər. Yəni bu, ciddi bir hal hesab edilmir...
...Hazırda evlərinə qayıtmış sakinlərə Fövqəladə Hallar Nazirliyi tərəfindən bütün lazımi yardım göstərilir. Bəzi kəndlərdə ümumilikdə 600-ə yaxın evin tam qəzalı vəziyyətdə olduğu müəyyənləşdirilib. Bunlar da nazirlik tərəfindən təmir olunacaq və yalnız bundan sonra həmin evlərin sakinləri mənzillərinə köçürüləcək.
Xatırladaq ki, daşqın zonasında əhalinin təbii fəlakətdən xilas edilməsi zamanı elə bir qanun pozuntusuna, ciddi oğurluq faktına rast gəlinməyib. Daxili işlər naziri Ramil Usubov jurnalistlərə açıqlamasında bildirmişdir ki, köçürülmə zamanı vətəndaşların əmlakını qorumaq, hansısa bir oğurluğa yol verməmək məqsədilə bütün lazımi tədbirlər görülmüş və bu, müsbət nəticəsini vermişdir.
Təbii fəlakətin miqyasının genişlənməsinin qarşısının alınması məqsədilə Kürdəmir rayonunda da qabaqlayıcı tədbirlər həyata keçirilmişdir. Fövqəladə Hallar Nazirliyinin Şamaxı Regional Hallar və Mülki Müdafiə Şöbəsinin texnikası və canlı qüvvəsi tərəfindən müvafiq tapşırıqlar reallaşdırılmışdır. Kür və Girdiman çayları boyunca xeyli bənd-bərkitmə işləri görülmüşdür. "Azəraqrarbinatikinti" Məhdud Məsuliyyətli Cəmiyyətinin inşaatçıları adları çəkilən çayların sahil boyunca bəndvurma və sahilbərkitmə işlərini uğurla yerinə yetirirlər.
Yeri gəlmişkən, bir məqamı da diqqətə çatdıraq. Kürdəmir rayonunda əkin sahələrinin su altında qalması ilə bağlı təxmini hesablamalara görə, 1 milyon 400 min manata yaxın ziyan dəyib. Lakin bu, insanları ruhdan salmayıb. Artıq suyu çəkilib qurtarmış və qurumaq üzrə olan sahələrdə yenidən bostan bitkilərinin əkininə başlanılıb.
Onu da xatırladaq ki, bu il mayın 12-də Sarısu gölündə suyun səviyyəsinin qalxması nəticəsində burada bəndlərdən biri yarılmışdı. Artıq xilasedicilər üçmuş bənddən axan suyu Baş Muğan-Mil kollektoruna istiqamətləndirmişlər. Fövqəladə Hallar Nazirliyi, Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin işçiləri tərəfindən bəndbərkitmə işləri aparılmış, Baş Muğan-Mil kollektorunda ehtiyat tədbirləri həyata keçirilmişdir.
Bəli, təbii fəlakətdən heç kim, heç bir dövlət sığorta olunmayıb. Amma əsas məsələ onun qarşısında dayanmağa davam gətirmək, çətinlikləri aradan qaldırmaqdır. Azərbaycan dövləti buna qadirdir. Dövlətimiz hər zaman olduğu kimi, indi də öz vətəndaşını darda, çətində qoymadı. Prezident İlham Əliyevin dediyi "köçürülən ailələrə əlavə diqqət və qayğı göstərilməlidir. Hər bir məmur, vəzifəli şəxs elə hesab etməlidir ki, onun evi uçub, onun ailəsi evsiz-eşiksiz qalıb. Hər kəs bu məsələlərə böyük vicdanla yanaşmalıdır, biganə olmamalıdır" sözləri də vəzifəli şəxslərdə məsuliyyət hissini gücləndirdi, əhalinin isə gələcəyə ümidlərini artırdı.
{nl}
Vaqif BAYRAMOV, "Xalq qəzeti"
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.