Bakıda bal satış-sərgisi açılmışdır

Sentyabrın 20-də Bakının Xətai rayonunda bal satış-sərgisi açılmışdır. 
Açılış mərasimində kənd təsərrüfatı nazirinin müavini Aslan Aslanov çıxış edərək bildirmişdir ki, "Arıçılıq haqqında" Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinə əsasən bu tədbirin hər il keçirilməsi artıq bir ənənəyə çevrilmişdir.
Məlumat vermişdir ki, arıçılıq məhsullarının respublika sərgi-satış yarmarkasında respublikanın 40 rayonundan 350-dən çox arıçı iştirak edir. Yarmarkaya 400 tondan çox bal çıxarılmışdır.
"2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı"nda arıçılığın da inkişaf etdirilməsi nəzərdə tutulmuşdur. "Arıçılıq haqqında" Azərbaycan Respublikası Qanununun qəbul edilməsi damazlıq işinin yaxşılaşdırılmasına, yerli arı cinslərinin və populyasiyalarının qorunub saxlanmasına və təkmilləşdirilməsinə, yeni cinslərin yetişdirilməsinə və son nəticədə arıçılıq məhsulları istehsalının artmasına səbəb olacaqdır. Bal yarmarkasının keçirilməsinin məqsədi ölkəmizdə arıçılığı təbliğ və inkişaf etdirmək, arıçılıq sahəsində təcrübə mübadiləsi aparmaq, arıçılıq məhsullarının ixracı üçün yollar axtarmaqdır.
A.Aslanov vurğulamışdır ki, son məlumata görə, Azərbaycanda 193 min 225 arı ailəsi vardır. Hər arı ailəsindən orta hesabla 10-11 kiloqram bal alınır. Lakin bu il havaların həddindən artıq yağışlı keçməsi nəticəsində bal istehsalı xeyli azalmışdır. Nəticədə cari ildə təxminən 1100 ton bal istehsalı gözlənilir. Ölkəmizdə arıçılıqla 6 mindən çox adam məşğul olur. Respublikamızda arı ailəsinin sayını təqribən 5 dəfə, onun məhsuldarlığını isə 2 dəfə artırmaq mümkündür. 2004-cü illə müqayisədə 2010-cu ildə Azərbaycanda arı ailələrinin sayı 2 dəfə artmışdır.
Diqqətə çatdırılmışdır ki, arıçılıqda bir sıra problemləri həll etməklə onu daha da inkişaf etdirmək mümkündür. Bunlardan birincisi arıçılıqda bazar iqtisadiyyatı prinsiplərinə söykənərək, elmi əsaslandırılmış kompleks tədbirlərin həyata keçirilməsidir. Hazırda mövcud arı təsərrüfatlarının 80-90 faizi primitiv üsullarla, köhnə qaydalarla idarə olunur. Arı məhsullarından əsasən bal istehsal olunur, digər məhsulların (arı zəhəri, arı südü, mum, çiçək tozu və s.) istehsalına fikir verilmir. Arıların saxlanma metodları, istehsal texnologiyası aşağı səviyyədədir. Gəlirli, bazar iqtisadiyyatının tələblərinə cavab verən, rəqabət qabiliyyətli arıçılığın inkişaf etdirilməsi çox vacibdir.
Nazir müavini ekoloji cəhətdən təmiz arıçılıq məhsullarının ixracına nail olmağa çalışdıqlarını vurğulamışdır. Çünki Azərbaycan balına olan tələbin kökündə onun yüksək keyfiyyəti durur. Digər çıxış edənlər də ölkədə arıçılığın inkişafından danışmışlar. Məlumat verilmişdir ki, yarmarkaya saxtalaşdırılmış bal gətirilməsinə qarşı ciddi mübarizə aparılır.
Sonra bal satış-sərgisi ilə tanışlıq başlanmışdır.
Laboratoriya müayinəsindən sonra yarmarkaya çıxarılmış balın 1 kiloqramı 15 manatdan yuxarı deyildir.
Yarmarka oktyabrın 5-dək davam edəcəkdir.

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında