20 sentyabr 1994-cü il - bu tarix Azərbaycanın "Əsrin müqaviləsi"ni - Xəzər dənizinin Azərbaycan şelfində enerji ehtiyatlarının işlənilməsi və istifadə edilməsi barədə dünya neft şirkətləri ilə transmilli layihənin imzalandığı gündür. Zəngin iqtisadi və enerji potensialına malik olan ölkələr arasında Azərbaycanın yerini, onun bütün sonrakı siyasətini və strategiyasını məhz bu tarix müəyyən etmişdir. Fransanın "Total" şirkəti tərəfindən yeni "Abşeron" qaz yatağının kəşf edilməsi barədə xoş xəbər isə Azərbaycanın neft-qaz ehtiyatlarının çox böyük ixrac potensialına malik bir ölkə kimi sanbalını artırmışdır. Bəzi analitiklərin fikrincə, bu, Azərbaycanın rusiyalı tərəfdaşları, o cümlədən Azərbaycandan ildə 2 milyard kubmetr qaz alınması barədə saziş bağlamış "Qazprom" üçün də xoş xəbərdir. Əgər bəzi "xeyirxahlar" işə mane olmasalar, "Qazprom" Azərbaycandan qaz alışını artıra bilər.
Moskva Dövlət Universitetinin analitik informasiya mərkəzinin baş direktorunun müavini, "Vestnik Kavkaza" informasiya-analitik portalının eksperti İsmayıl Ağakişiyev Azərbaycan ilə Rusiya arasında bu sahədə əməkdaşlığın perspektivləri barədə mülahizələrini AzərTAc-ın müxbiri ilə bölüşmüşdür. O demişdir ki, düz 18 il bundan əvvəl olduğu kimi, Xəzərin karbohidrogen ehtiyatlarının nəql edilməsi üçün boru kəməri çəkilməsi ilə əlaqədar ehtiraslar yenidən qızışır, bəzi politoloq və iqtisadçılar siyasətçilərə belə bir fikir aşılamağa çalışırlar ki, yalnız "Qazprom" şirkətinin mənafelərini qorumaq lazımdır. İ.Ağakişiyev demişdir: "O vaxt olduğu kimi, bu dəfə də istər "Qazprom"un, istərsə də digər Rusiya şirkətlərinin mənafelərinin müdafiəsi üçün alternativ yollar təklif olunmur. Ekspertlər və siyasətçilər yaxın keçmişdə baş vermiş hadisələrdən nəticə çıxarmaq istəmirlər: 1994-cü ilin sentyabr ayında "Azəri-Çıraq-Günəşli" yataqlar blokuna dair kontrakt bağlananda; Bakı-Tbilisi-Ceyhan neft kəmərinin çəkilişi məsələsi müzakirə ediləndə; zəngin təbii qaz ehtiyatlarına malik olan "Şahdəniz" yatağı mənimsəniləndə; Bakı-Tbilisi-Ərzurum qaz kəməri çəkiləndə şahidi olduğumuz mübahisələrdən nəticə çıxarmırlar".
Ekspertin fikrincə, bütün bu layihələrə operatorlar kimi qoşulmaq üçün hər cür siyasi və iqtisadi imkanları olan "Qazprom" və Rusiyanın neft şirkətləri bəzi başabəla diplomatların heç də həmişə hərtərəfli götür-qoy edilməmiş qərarları "sayəsində" öz potensialından istifadə edə bilməmişlər. Nəticə etibarilə "dirijor çubuğu" Qərb şirkətlərinin əlinə keçmiş, Rusiya şirkətləri isə bu layihələrdə ya kiçik paya malikdir, ya da ümumiyyətlə kənarda qalır. Aşkardır ki, Xəzərdə ən yaxşı layihələrin boykot edilməsi bu şirkətlərin rəqiblərinin xeyrinədir.
İ.Ağakişiyevin fikrincə, bu yaxınlarda Xəzərin Azərbaycan sektorunda olduqca zəngin daha bir yataq - "Abşeron" qaz yatağı kəşf ediləndən sonra oxşar vəziyyət yaranmağa başlamışdır, yenə müxtəlif səslər eşidilir: "Rusiyanın düşmənləri qaz kəmərini onun ərazisindən yan keçən marşrutla inşa etmək fikrinə düşməklə Rusiyanın mənafelərini inkar edirlər!". Bu məntiqi əsas götürsək, Rusiya şirkətləri Yaxın Şərqdə karbohidrogen hasilatından da imtina etməli idilər, axı həmin ehtiyatları bazarlara nəql edən neft və qaz kəmərləri Rusiya ərazisindən yan keçir. Buna baxmayaraq, elə həmin "Qazprom" və "LUKoyl" şirkətləri coğrafi baxımdan Rusiyadan çox-çox uzaqda yerləşən ölkələrin layihələrində iştirak edir, oradakı yataqların mənimsənilməsinə sərmayə qoyur. Lakin postsovet məkanında bunu etməyə nə isə mane olur.
Rusiyalı analitik əmindir ki, indiki halda əməkdaşlıq ikiqat faydalı ola bilər. Əvvələn, Rusiya bu ölkələrdə öz siyasi mövqeyini daha da möhkəmlədər və həm təbii qaz hasilatı layihələrindən, həm də Xəzər boru kəmərinin çəkilişində iştirak etmək hesabına qazanc əldə edər. Mütəxəssislər çox yaxşı başa düşürlər ki, Xəzər dənizinin dibi ilə boru kəməri çəkilməsi Qara dəniz və ya Baltik dənizinin dibi ilə bu cür kəmərlər çəkilməsindən heç nə ilə fərqlənmir. Fərq yalnız ondan ibarətdir ki, Xəzər dənizinin təkindəki karbohidrogenlər bütün Xəzəryanı ölkələrin neft şirkətləri tərəfindən çıxarılır, bu ehtiyatların sahilə daşınması üçün boru kəmərləri sistemləri isə çoxdan tikilmişdir. Xəzərin hüquqi statusu probleminin həll edilməməsi Xəzəryanı ölkələrin heç birinə Qərb şirkətləri və postsovet məkanından olan tərəfdaşları ilə birlikdə neft və ya qaz hasil etməyə mane olmamışdır. Üstəlik, Xəzəryanı dövlətlərin çoxu dənizin sektorlara bölünməsi prinsipini hüquqi cəhətdən dəstəkləmişdir, İran və Türkmənistan isə cüzi qeyd-şərtlərlə həmin ölkələrlə razılaşmağa hazırdır. 1990-cı illərin əvvəlində vəziyyət indikindən qat-qat mürəkkəb idi, lakin hərbi-siyasi əqidələr deyil, Rusiyanın iqtisadi maraqlarını üstün tutanlar - Çernomırdin, Şafrannik, Ələkbərov qalib gəldilər. Rusiya şirkətlərinin, istəsəniz Rusiya xalqının mənafelərini məhz bu mövqe əks etdirir.
İkincisi, necə olur ki, Rusiya təklif edilən şərtlər daxilində Liviyada, İraqda və başqa ölkələrdə işləyə bilir, Xəzərin Azərbaycana və ya Türkmənistana aid sektorunda bunu edə bilmir? Siyasətçilər dəfələrlə təkrarlamışlar ki, Rusiya "böyük qardaş" mövqeyindən imtina edir və keçmiş qardaş müttəfiq respublikalarla bərabər münasibətlər qurur. Bu da aşkardır ki, boru kəmərlərinin çəkilməsi regionda sülhün qorunub saxlanmasına xidmət edir. Ekspert İsmayıl Ağakişiyevin fikri belədir.
{nl}
Asya HACIZADƏ, AzərTAc-ın xüsusi müxbiri
Moskva
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.