Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Didivar kənd mərkəzi istifadəyə verilmişdir.
Bu münasibətlə keçirilmiş mərasimdə Didivar kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Mirsəməd Seyidov göstərilən yüksək dövlət qayğısına görə kənd sakinləri adından minnətdarlığını bildirmişdir. Qeyd olunmuşdur ki, kəndin yolları abadlaşmış, yeni həkim ambulatoriyası, kənd və xidmət mərkəzləri sakinlərin istifadəsinə verilir. Bu obyektlərin fəaliyyətə başlaması kənd əhalisinə yüksək səviyyədə xidmət göstərilməsinə imkan verəcəkdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov mərasim iştirakçılarını Didivar kənd mərkəzinin, həkim ambulatoriyasının, xidmət mərkəzinin və avtomobil yolunun istifadəyə verilməsi münasibətilə təbrik edərək demişdir:
Bu gün ölkəmizdə dövlət orqanlarının fəaliyyəti üçün lazımi şərait yaradılır. Bu şərait əhaliyə nümunəvi xidmət göstərməyə imkan verir. Didivar kəndində inşa olunan yeni sosial xidmət obyektləri, çəkilən yol, elektrik xətlərinin yenilənməsi, ilk növbədə əhalinin rahatlığına xidmət edən amillərdir. Bu cür yüksək şəraitin müqabilində icra orqanları, bələdiyyələr öz fəaliyyətlərini günün tələbləri səviyyəsinə qaldırmalı, qurulanları, tikilənləri qorumalı, abadlıq və yaşıllaşdırma işlərində yaxından iştirak etməli, əhaliyə nümunəvi xidmət göstərilməli, torpaqlar əkilib-becərilməli, dövlət orqanlarında nizam-intizam gücləndirilməli, iş vaxtından səmərəli istifadə olunmalıdır. Dövlət təşkilatlarında və seçkili orqanlarda fəaliyyət göstərənlərlə bərabər, kənd əhalisi də qurulanlardan, yaradılanlardan düzgün istifadə etməlidir. Kəndin əmlakına təkcə icra nümayəndəliyi və bələdiyyə cavabdeh sayılmamalı, əhali də yaradılanları, qurulanları qorumalıdır.
Ali Məclisin sədri əmin olduğunu bildirmişdir ki, Didivar kəndinin icra nümayəndəliyi və bələdiyyəsi qarşıya qoyulan vəzifələri layiqincə yerinə yetirəcəkdir.
Açılışı bildirən rəmzi lenti kəsildikdən sonra binaya baxış olmuşdur. Bildirilmişdir ki, iki mərtəbədən ibarət olan kənd mərkəzində rabitə evi, polis sahə və baytarlıq məntəqələri, kitabxana, Yeni Azərbaycan Partiyasının ərazi ilk təşkilatı, icra nümayəndəliyi, bələdiyyə, kənd mədəniyyət evi və 75 yerlik zal yerləşir.
Didivar kəndində tikilən həkim ambulatoriyasının açılış mərasimində tibb bacısı Jalə Nəcəfova çıxış edərək bildirmişdir ki, muxtar respublikada səhiyyənin inkişafına hərtərəfli dövlət qayğısı göstərilir, yeni səhiyyə müəssisələri əhalinin istifadəsinə verilir. Bu gün istifadəyə verilən həkim ambulatoriyası da ən müasir şəkildə qurulmuş, lazımi tibbi avadanlıqla təmin olunmuşdur.
Ali Məclisin sədri Vasif Talıbov muxtar respublikada yeni səhiyyə ocaqlarının istifadəyə verilməsinin artıq bir ənənəyə çevrildiyini bildirmişdir. Qeyd olunmuşdur ki, yeni feldşer-mama məntəqələrinin, həkim ambulatoriyalarının, kənd sahə və rayon mərkəzi xəstəxanalarının, diaqnostika-müalicə mərkəzlərinin bütün lazımi tibbi avadanlıqla təchiz olunaraq əhalinin istifadəsinə verilməsi insanların sağlamlığına, səhiyyənin inkişafına göstərilən qayğının ifadəsidir.
Ali Məclisin sədri demişdir ki, ilkin tibbi yardım, peyvənd işi vaxtlı-vaxtında həyata keçiriləndə sonradan digər fəsadlar ortaya çıxmır, uşaqlarımız sağlam böyüyür. Bu gün istifadəyə verilən ambulatoriyada da ilkin tibbi yardımın, patronaj xidmətinin həyata keçirilməsi, peyvəndlərin vaxtlı-vaxtında aparılması üçün yüksək şərait yaradılmış, lazımi avadanlıq qoyulmuş, dərman preparatları verilmişdir.
Ali Məclisin sədri tibbi işçilərinə fəaliyyətlərində uğurlar arzulamış, həkim ambulatoriyasının açılışını bildirən rəmzi lenti kəsmişdir.
Həkim ambulatoriyasında 12 otaq, aptek və manipulyasiya laboratoriyası vardır. Burada çalışan 2 həkim və 9 tibb işçisi Nəzərabad və Didivar kəndlərində yaşayan 2713 nəfər sakinin sağlamlığının keşiyində dayanır. Ambulatoriyada ən müasir müayinə və müalicə avadanlığı vardır.
Həmin gün Didivar kəndində yeni xidmət mərkəzi də istifadəyə verilmişdir.
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.