Şriftin ölçüsü:
18.09.2011 00:33 | Oxunma sayı: 499
Bu kənddə bir gündə üç sosial obyektin açılışı oldu
Sentyabrın 15-də Sabirabad rayonunun Əsgərbəyli kəndində əsl bayram əhval-ruhiyyəsi yaşandı. Uzun illər yolsuzluqdan əziyyət çəkən kənddə yeni məktəb binasının, tibb məntəqəsinin və poçt binalarının açılışı oldu.
Milli Məslisin deputatı Ceyhun Osmanovun iştirakı ilə keçirilən açılış tədbirlərində bildirildi ki, 2010-cu ildə baş vermiş daşqınların yaratdığı fəsadların aradan qaldırılması vəziyyəti ilə yerində tanış olan Prezident İlham Əliyev may ayının 5-də rayona səfəri zamanı Qasımbəyli icra nümayəndəliyi ərazisində olarkən əhali ondan bu vacib sosial obyektlərin tikilməsini xahiş etmişdi. Aradan çox qısa zaman keçməsinə baxmayaraq, sakinlərin bu xahişi yerinə yetirildi. Əhalinin böyük sevinc hissi ilə iştirak etdiyi tədbirlərdə bildirildi ki, doqquzillik kənd məktəbi doqquz sinif otağı və bir idman zalından ibarət 140 şagird yerlik yeni korpusun tikilməsi nəticəsində tam orta məktəbə çevrilərək yeni dərs ilindən etibarən məktəblilərin ixtiyarına verildi. Qeyd etmək lazımdır ki, məktəbin yeni görkəmi doğrudan da adamın ürəyini açır və son illər ölkəmizdə təhsilə göstərilən xüsusi diqqət və qayğının hansı səviyyədə olduğunu bir daha sübuta yetirir.
Müasir səviyyəli, hər cür zəruri tibbi avadanlıqlarla təmin edilmiş tibb məntəqəsinin açılışında çıxış edən Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov qeyd etdi ki, Əsgərbəyli kəndində istifadəyə verilən yeni sosial obyektlər eyni zamanda ölkəmizdə aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri barədə əhalidə aydın fikir formalaşdırmaq baxımından da əhəmiyyətli və əlamətdardır. Təsadüfi deyil ki, bu gün ölkəmizin hər bir bölgəsində, ən ucqar, çətin təbii relyefdə yerləşən yaşayış məntəqələrində belə sosial-iqtisadi inkişafın təzahürləri açıq-aydın görünür, dövlət başçısı İlham Əliyev regionların tərəqqisinə xüsusi diqqət ayırır. Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təhsil, səhiyyə və mədəniyyət sahəsinə misilsiz qayğısından da bəhs edən rayon rəhbəri məmnuniyyət hissi ilə vurğuladı ki, məhz bu qayğının nəticəsində bu gün Azərbaycanın səsi-sədası dünyanın müxtəlif ölkələrində eşidilir və xalqımızın malik olduğu müqəddəs və zəngin mədəni irs bütün incəliklərinə qədər dünyaya tanıdılır və düşmənlərimiz tərəfindən formalaşdırılmış xoşagəlməz imic dəyişilir. Bütün bunlar isə, sözsüz ki, Azərbaycan Respublikasının gələcəyini daha düzgün müəyyənləşirmək baxımından müstəsna əhəmiyyət kəsb edir.
Mərkəzi Rayon Xəstəxanasının baş həkim Əlifağa Nadirov məlumat verdi ki, Əsgərbəyli kəndində tikilmiş tibb məntəqəsi su və istilik sistemi ilə təchiz olunub və əhaliyə yüksək səviyyəli səhiyyə xidməti göstərmək baxımından hər cür şəraitə malikdir. Bu cür sosial obyektlərin tikintisinə rayonda xüsusi əhəmiyyət verildiyini deyən baş həkim bildirdi ki, Yaponiya dövlətinin vəsaiti və yapon səfirliyinin "Ot kökləri və insan təhlükəsizliyi" proqrammı çərçivəsində "Tərəqqi" sosial tədqiqatlar ictimai birliyinin tikdiyi Yolçubəyli həkim məntəqəsi də MRX tərəfindən bütün lazımi tibbi ləvazimatlarla təmin olunub və qüsursuz tibbi xidmətə hazırdır.
Həkim məntəqəsi ilə poçt binalarının yaxınlığına işarə edən Milli Məclisin deputatı Ceyhun Osmanov sürət əsrində səhiyyə və rabitə xidmətlərinin inkişafının xüsusilə vacibliyini vurğulayaraq qeyd etdi ki, Sabirabad rayonu bu istiqamətdə də uğurla irəliləyir və bunu Əsgərbəyli kəndinin timsalında daha aydın görmək mümkündür.
Tədbir iştirakçıları məmnunluqla bildirdilər ki, ölkə rəhbərliyinin göstərdiyi diqqət və qayğı şübhəsiz ki, daha böyük nailiyyətlərin qazanılmasıını zəruriləşdirir.
{nl}
Səməd HÜSEYNOĞLU, "Xalq qəzeti"nin bölgə müxbiri
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.