Azərbaycan tədqiqatçısı Vaşinqtonda Cənubi Qafqaz ölkələrinin müstəqilliyinin 20 illiyinə həsr olunmuş konfransda çıxış etmişdir

Sentyabrın 15-də Vaşinqtonun nüfuzlu Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzində "Cənubi Qafqaz ölkələrinin müstəqilliyinin 20 illiyi: nailiyyətlər və çətinliklər" mövzusunda konfrans keçirilmişdir. 
Müzakirələr zamanı ABŞ-ın müxtəlif nazirliklərinin rəsmiləri, eləcə də Cənubi Qafqaz regionu üzrə tanınmış tədqiqatçılar Azərbaycan, Ermənistan və Gürcüstanın müstəqilliklərini qazandıqları vaxtdan indiyədək keçdikləri yola nəzər salmış, bu dövlətlərin keçid mərhələsində ABŞ ilə əməkdaşlığı, Birləşmiş Ştatların dəstəyi və yardımı sayəsində aparılmış bir sıra islahatlar barədə danışmış, Amerikanın bu bölgədə tərəfdaşlığa dair səylərini təhlil etmişlər.
Hər üç Cənubi Qafqaz ölkəsinin müstəqillik illərindən götürdükləri ibrət dərsləri barədə yerli təhlilçilər də çıxış etmişlər. Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin aparıcı tədqiqatçısı Rəşad Kərimov bildirmişdir ki, 70 illik sovet nəzarəti altından çıxan Qafqaz dövlətləri özünəməxsus inkişaf yolu, siyasi, iqtisadi və sosial-mədəni keçid modeli seçmişlər. Azərbaycan müstəqillik yoluna bütün çətinliklərlə yanaşı, Ermənistanın hərbi təcavüzü nəticəsində torpaqlarının 20 faizinin itkisi ilə başlamışdır. Müharibə nəticəsində bir milyona yaxın azərbaycanlının qaçqın və məcburi köçkünə çevrilməsi ölkəmizin qarşılaşdığı böhranı bir qədər də dərinləşdirmişdi. Bu humanitar böhran münaqişənin həlli tapılmadığına görə bu gün də davam edir.
Əhalinin 50 faizindən çoxunun yoxsulluq içində yaşadığı, kriminogen vəziyyətin təhlükəli həddə çatdığı, dövlət təsisatlarının səmərəsizliyi, xaosun baş alıb getdiyi şəraitdə Azərbaycan müstəqilliyini elə ilk illərində yenidən itirmək qorxusu ilə üzləşmişdi. Belə bir ağır vəziyyətdə xalqın əsas seçimi müdrik siyasi və dövlət xadimi Heydər Əliyevi hakimiyyətə gətirmək olmuşdur. 1993-cü ildə ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə gəlməsi Azərbaycanın müstəqillik yolunda dönüş nöqtəsinə çevrilmişdir. Ulu öndər Heydər Əliyevin uzunmüddətli sabitlik və sülhməramlı inkişaf üzərində qurulan uzaqgörən siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və hər seçkidə Azərbaycan seçicisinin dəstəyini qazanır.
Tədqiqatçı qeyd etmişdir ki, Azərbaycan müstəqilliyinin bərpasından ötən 20 ildə cəmiyyətin bütün təbəqələrinin vahid məqsəd ətrafında birləşdirilməsi, iqtisadiyyatın sabitləşdirilməsi, dövlət strukturlarının qurulması kimi vacib məsələlərin həllinə sərf etmişdir. Makroiqtisadi sabitlik üzrə beynəlxalq reytinqlərdə dövlətimiz aparıcı yerlərdən birini tutur. Bu gün biz enerji daşıyıcılarımızı çoxşaxəli marşrutlarla Qərb bazarlarına çatdırmaqla Avropanın enerji təhlükəsizliyini təmin edirik. Cənubi Qafqaz bölgəsi iqtisadiyyatının 75 faizinə malik olan Azərbaycanın yürütdüyü müdrik maliyyə siyasəti nəticəsində ölkəmiz 2009-2011-ci illərdə dünyanı bürümüş qlobal maliyyə böhranından kənarda qalmış, hətta iqtisadiyyatını 9 faiz artırmağa müvəffəq olmuşdur.
Rəşad Kərimov diqqətə çatdırmışdır ki, bu gün ölkədə yoxsulluğun səviyyəsi 9 faizdən, işsizlik isə 6 faizdən aşağıdır. Bu rəqəmlər hətta Birləşmiş Ştatlardakı müvafiq göstəricilərdən də aşağıdır. Tədqiqatçı daha sonra demişdir: "Azərbaycan xarici yardımdan asılı olmayan ölkəyə çevrilmişdir. Biz öz enerji təhlükəsizliyimizi təmin etmişik və hazırda ərzaq təhlükəsizliyinin də təmin edilməsi üzərində işləyirik".
R. Kərimov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini Cənubi Qafqaz bölgəsinin sabitliyinə və təhlükəsizliyinə ən böyük maneə kimi dəyərləndirmişdir. Bildirmişdir ki, ölkəmizin iqtisadi uğurları son illər ərzində güclü ordu yaradılmasına imkan versə də, rəsmi Bakı münaqişənin hələ də dinc yolla, beynəlxalq hüquq normalarına əsaslanaraq həllinin tərəfdarıdır. Dağlıq Qarabağ düyününün çözüləcəyi təqdirdə Ermənistan da Azərbaycanın təşəbbüskarı olduğu əhəmiyyətli geosiyasi layihələrdən faydalana bilər və qonşu dövlətlərlə münasibətlərini Gürcüstan-Azərbaycan arasında yaranan sıx dostluq və tərəfdaşlıq səviyyəsinə qaldıra bilər.
ABŞ-Azərbaycan strateji tərəfdaşlığından söhbət açan Azərbaycan tədqiqatçısı Barak Obama hakimiyyətini Cənubi Qafqaz bölgəsindəki dostlarını unutmamağa çağırmışdır.

{nl}

Şəfəq AKİFQIZI AzərTAc-ın xüsusi müxbiri 
Vaşinqton


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında