Səhiyyəmizin uğurlarından qonaqların razı qalması sevindirici haldır

Dünya Səhiyyə Təşkilatının Avropa Regional Komitəsinin Bakıda keçirilən 61-ci sessiyasının işi, burada aparılan ciddi müzakirələrin nəticələri ölkə ictimaiyyətində, xüsusilə də tibb işçiləri arasında böyük maraq doğurur. Əməkdaşımız bu məsələ ilə bağlı Bakının Səbail rayonundakı 3 saylı təcili yardım stansiyasının səyyar həkimi Cəfər Yəhyayev ilə görüşmüş, ondan sessiya ilə bağlı fikir və mülahizələrini bildirməsini xahiş etmişdir. Təcrübəli həkim bu təklifə məmnunluq hissi ilə razı olmuş, bu mötəbər tədbirlə bağlı şəxsi düşüncələrini bölüşərkən demişdir:
- Əminəm ki, Dünya Səhiyyə Təşkilatı kimi nüfuzlu beynəlxalq qurumun Avropa qitəsi üzrə məhəlli komitəsinin 61-ci sessiyasının Azərbaycan pytaxtında keçirilməsi müstəqil Azərbaycan dövlətinə və ölkəmizin səhiyyə sisteminə olan inam və hörmətin bariz təcəssümüdür. Bu hadisə Azərbaycan səhiyyəsində çalışan, xalqımızın sağlamlığı naminə öz bilik və bacarığını bir an belə əsirgəməyən hər bir tibb işçisi kimi, məni də, təbii ki, çox sevindirir.
Mən sessiyanın materiallarını qəzet və televiziya kanalları vasitəsilə diqqətlə izləyirəm. Dərin razılıq hissi ilə qeyd etmək istəyirəm ki, Azərbaycan Prezidenti, cənab İlham Əliyev sessiyanın açılışı günü dərin məzmunlu, geniş nitq söylədi. Dövlət başçımız Azərbaycanın səhiyyə sisteminin müstəqillik illərində əldə etdiyi böyük uğurlar, bu sahədə nəzərdə tutulan təbirlər barədə məlumat verdi. Sessiya iştirakçıları Azərbaycan səhiyyəsi barədə daha aydın təsəvvürə malik oldular. Tədbir iştirakçılarının mətbuatda səsləndirdikləri fikirlərinə görə, Azərbaycan liderinin parlaq nitqi sessiyanın uğurlu işi üçün zəmin və xoş ovqat yaratdı.
Dünya Səhiyyə Təşkilatının baş direktoru Marqaret Çenin ölkəmizin səhiyyə sistemi ilə bağlı yüksək fikri də mənim üçün çox maraqlı oldu. Xanım M. Çen jurnalistlərə açıqlama verərkən dedi ki, "Dünya Səhiyyə Təşkilatının (DST) belə bir mühüm tədbirinə ev sahibiliyi edən Azərbaycanda səhiyyə son 5 ildə nəzərəçarpan dərəcədə irəli getmişdir. Burada həyatın, o cümlədən səhiyyənin müxtəlif istiqamətlərində fəal sərmayə qoyulmuşdur. Azərbaycan dövləti öz səhiyyə sistemində əldə olunan üstünlüklərin hər bir vətəndaş üçün əlçatan olmasını istəyir və mükəmməl səhiyyə sistemi yaratmaq niyyətindədir. Bunu yalnız alqışlamaq olar".
DST-nin baş direktoru həmçinin bildirmişdir ki, Bakıda keçirilən sessiyada Avropa qitəsinin bütün dövlətlərində əhalinin sağlamlığı vəziyyətinin yaxşılaşdırılması istiqamətində olduqca vacib problemlər müzakirə olunur və bu sahədə taleyüklü qərarlar qəbul olunacaq. Qitədə səhiyyə sisteminin maliyyələşdirilməsi, ayrılan vəsaitlərin səmərəli istifadəsi, müalicə proseslərinin yaxşılaşdırılması, infeksion xəstəliklərin profilaktikası və sair məsələlərlə bağlı effektli müzakirələr aparılıb ki, bu da Bakı sessiyasının çox əhəmiyyətli olduğuna bir daha dəlalət edir.
Sessiyada səslənən bir sıra fikir və rəqəmlər də bir peşəkar həkim olaraq mənim diqqətimi çəkdi. Öyrəndim ki, yaxın 20 il ərzində Avropada infeksion xəstəliklərə qarşı mübarizə məqsədi ilə 20 milyard dollardan çox vəsait ayrılacaq. Bu rəqəm dünya dövlətlərinin hazırkı ümumi daxili məhsullarının pulla ifadəsinin 48 faizinə bərabərdir, yəni böyük rəqəmdir. Gələcəkdə sivil dövlətlərdə səhiyyəyə ayrılan vəsaitlər nəzərəçarpacaq dərəcədə artacaqdır. Başqa cür də ola bilməz. Zəngin dövlətlərin liderləri başa düşürlər ki, mükəmməl səhiyyə sistemi olmadan nə iqtisadiyyatı, nə də mədəniyyəti yüksək dərəcədə inkişaf etdirmək olar.
Sessiyada səslənən başqa bir fikir də məndə dərin razılıq hissi doğurdu. Bu fikir də odur ki, indi dünyadakı ağır infeksion xəstəliklərin təsirli profilaktikasını təşkil etməyin ən yaxşı yolu sağlam həyat tərzinin təbliğ edilməsidir. Əhalinin bütün təbəqələri üçün keyfiyyətli səhiyyə təminatı yaradılmalıdır. Qabaqcıl dövlətlərin səhiyyə sahəsində təcrübəsindən hər bir xalq, hər bir millət mümkün qədər çox faydalanmağa çalışmalıdır. Səhiyyə elə bir humanist sahədir ki, o, sərhədlər tanımamalıdır. Dünyanın ən ucqar bir nöqtəsində belə insan sağlamlığına təhlükə törədən heç bir fakta biganə qalmaq olmaz. Bu mənada Türkiyənin səhiyyə naziri Rəcəb Ardağın sessiyadakı çıxışı da çox dəyərli idi. Türkiyəli qonaq dedi ki, Azərbaycanın qardaş Türkiyə və başqa qabaqcıl Avropa ölkələri ilə səhiyyə sahəsindəki uğurlu əməkdaşlığı yaxşı bəhrə verir. Belə faydalı münasibətlər qurmağı hər bir dövlət bacarmalıdır.
Həqiqətən Azərbaycan səhiyyəsi son 10-15 il ərzində başqa ölkələrdə bəlkə də bir neçə onillik ərzində keçilən inkişaf yolu keçibdir. Hər şey göz qabağındadır. Məsələn, son illər MDB-nin heç bir ölkəsində Azərbaycanda olduğu qədər yeni, hər cür müasir tibb avadanlıqları ilə təchiz olunmuş səhiyyə ocaqları tikilib istifadəyə verilməyib. Əlamətdar haldır ki, yeni xəstəxana və müalicə ocaqları təkcə Azərbaycan paytaxtında və böyük şəhərlərdə deyil, ölkəmizin bütün bölgələrində inşa edilmiş və edilməkdədir.
Mən orta məktəbi Quba rayonunun İkinci Nügədi kəndində bitirmişəm. Macal tapanda ailəmlə kiçik vətənə, doğma kəndimə gedirəm. Hər dəfə Quba şəhərinin girəcəyindəki Quba Diaqnostika Mərkəzinin olduqca yaraşıqlı binasını görəndə ürəyim sevincimdən dağa dönür. Rayonda ünsiyyətdə olduğum köhnə dost və tanışlarım mərkəzin fəaliyyətindən ağızdolusu söz açırlar. Belə diaqonostika mərkəzləri ölkəmizin artıq əksər böyük bölgələrində uğurla fəaliyyət göstərir. Buna necə sevinməyə bilərsən!
Azərbaycan dövlətinin öz vətəndaşlarının sağlamlığına göstərdiyi sonsuz diqqətin parlaq nümunələri barədə çox faktlar gətirə bilərəm. Necə deyərlər, heç uzağa getmək lazım deyil. Uzun illər çalışdığım Səbail rayon təcili yardım stansiyasının son bir neçə ildə tibbi avadanlıq, maşın və texnika ilə təchizatı, heç bir mübaliğəsiz deyirəm, indi ən yüksək Avropa standartları səviyyəsindədir. Təkcə bizim rayonun təcili yardım xidməti deyil, Bakının bütün rayonlarında bu stansiyaların fəaliyyəti yüksək səviyyədə tamamilə yenidən qurulmuşdur. Siz paytaxtımızın küçələrində ən müasir təcili yardım maşınları görürsünüz və dediklərimin canlı şahidisiniz.
Bəli, belə gözəl şəraiti bizim üçün Azərbaycan dövləti, şəxsən hörmətli dövlət başçımız İlham Əliyev cənabları yaratmışdır. Dərin minnətdarlıq hissi ilə bildirmək istəyirəm ki, təcili yardım stansiyalarında çalışanların əmək haqları da indi kifayət qədər yüksəkdir. İnanıram ki, dövlətimiz iqtisadi cəhətdən zənginləşdikcə, hər bir ziyalının, eləcə də tibb işçilərinin güzəranı daha da yaxşılaşacaqdır.
Mən şübhə etmirəm ki, Dünya Səhiyyə Təşkilatının Avropa Regional Komitəsinin 61-ci sessiyasının iştirakçıları Bakıda səhiyyə sahəsində çox mühüm qərarlar qəbul edəcəklər və Azərbaycan paytaxtından, onun mehriban, qonaqpərvər sakinlərindən ən xoş duyğularla ayrılacaqlar. Biz həkimlər ölkəmizin hər bir vətəndaşının sağlamlığının keşiyində daha məsuliyyətlə durmağa çalışacağıq. Bunu müstəqil Azərbaycan dövlətinin mənafeyi tələb edir, bunu hər bir həkimin vicdanı tələb edir.

{nl}

Söhbəti yazdı: 
M. HACIXANLI, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında