Beynəlxalq səhiyyə sessiyasının Bakıda keçirilməsi Azərbaycana bəslənilən inam və etibardan irəli gəlir

Sentyabrın 12-dən Bakıdakı "Gülüstan" sarayında Dünya Səhiyyə Təşkilatı Avropa Regional Komitəsinin 61-ci sessiyası keçirilir. Tədbir sentyabrın 15-dək davam edəcək.
Qeyd edək ki, son illərdə Azərbaycanın ev sahibliyi ilə keçirilən çoxsaylı beynəlxalq tədbirlərdən biri olan bu beynəlxalq səhiyyə sessiyasında dünyanın 53 ölkəsindən 400 nümayəndə iştirak edir. İştirakçılar, demək olar ki, bütün Avropanı və Müstəqil Dövlətlər Birliyini əhatə edən ölkələrin səhiyyə nazirləri və onların müavinləridir. Azərbaycan səhiyyə sisteminin bir çox nüfuzlu nümayəndələri də tədbirdə iştirak edirlər. Tədbir haqqında Mərkəzi Klinik Xəstəxananın baş həkimi Kamran Musayevin rəyini oxucuların diqqətinə təqdim edirik.
- Azərbaycan indiyədək bir çox beynəlxalq tədbirlərə ev sahibliyi edib, Bakıda və respublikanın ayrı-ayrı rayonlarında çoxlu ölkələrin və nüfuzlu beynəlxalq təşkilatların nümayəndələri toplaşaraq qlobal əhəmiyyətli problemləri müzakirə ediblər. Dünya Səhiyyə Təşkilatı Avropa Regional Komitəsinin 61-ci sessiyası da belə qlobal əhəmiyyətli beynəlxalq tədbirlərdəndir. Dünyanı narahat edən insan sağlamlığı kimi bir məsələnin Bakıda aparıcı Avropa dövlətlərinin iştirakı ilə müzakirəyə çıxarılması Azərbaycanın istər qoca qitədə, istər MDB məkanında, istərsə də bütün dünyada böyük nüfuz və etibar sahibi olmasından xəbər verir. Bu isə bütün xalqımız, dövlətimiz, o cümlədən, biz tibb işçiləri üçün böyük əhəmiyyət kəsb edən bir məsələ, tarixi hadisədir. Belə bir dünya miqyaslı tədbirin Bakıda, Azərbaycanın paytaxtında keçirilməsi bir tərəfdən dünyanın Azərbaycana diqqətini nümayiş etdirirsə, digər tərəfdən, Azərbaycan səhiyyəsinin artıq Avropa, dünya səhiyyəsi ilə ayaqlaşmasını göstərir. Artıq fəxrlə demək olar ki, Azərbaycan səhiyyəsi Avropa səhiyyə sisteminə uğurla inteqrasiya edir. Bu da qürurverici bir faktdır.
Heç şübhəsiz ki, tədbirdə iştirak edən xarici qonaqlar (onlar əsasən tibb mütəxəssisləridir) son illərdə Azərbaycan səhiyyəsində aparılan islahatlarla yaxından tanışdırlar və vətəndaşların sağlamlığı məsələlərinin Azərbaycan dövləti üçün böyük önəm daşıdığını yaxşı bilirlər. Bu istiqamətdə Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkədə atılan addımlar da yəqin ki, dünyanın görkəmli mütəxəssislərinin diqqətindən yayınmayıb. Əslində bu fikirlər Dünya Səhiyyə Təşkilatının rəhbəri Marqaret Çanın və digərlərinin məruzələrində aydın səslənirdi.
DST Avropa Regional Komitəsinin 61-ci sessiyasının Bakıda yüksək səviyyədə təşkil edildiyinə görə Azərbaycan Prezidentinə minnətdarlığını bildirən baş direktor M.Çan öz çıxışında vurğuladı ki, Azərbaycan dövləti səhiyyənin inkişafına xüsusi diqqət göstərir. Məhz baş direktorun dilindən səsləndi ki, Azərbaycan səhiyyəsi son beş ildə böyük nailiyyətlər əldə edib. Azərbaycan hökuməti səhiyyə sahəsində ciddi tədbirlər həyata keçirib və bu sahə ilə bağlı bir sıra layihələrin icrası davam etdirilir. DST rəhbərinin fikrincə, Azərbaycan hökumətinin səhiyyə sahəsində həyata keçirdiyi siyasət, bu sahəyə davamlı olaraq vəsait ayırması çox müsbət haldır. Artıq təkcə Azərbaycan ictimaiyyəti deyil, bütün dünyanın səhiyyə üzrə mütəxəssisləri bilirlər ki, Azərbaycan bir sıra digər sahələrlə yanaşı, səhiyyə sahəsində də böyük investisiya layihələri həyata keçirir, yeni xəstəxana binaları inşa edir, uzun zamandan bəri fəaliyyət göstərən köhnə xəstəxanalarda isə əsaslı təmir və yenidənqurma işləri görülür. Bu sahədə Heydər Əliyev Fondunun da müstəsna xidmətlərini qeyd etmək lazımdır.
Səhiyyə nazirimiz Oqtay Şirəliyevin sessiyada qeyd etdiyi kimi, Azərbaycanda səhiyyənin qazandığı uğurlar ölkə rəhbərliyinin, Heydər Əliyev Fondunun əhalinin sağlamlığı məsələlərinə böyük diqqət yetirməsi nəticəsində mümkün olmuşdur. Nazir haqlı olaraq bildirdi ki, əvvəllər bizim xəstələr daha yaxşı müalicə olunmaq üçün qonşu ölkələrə üz tuturdularsa, indi Azərbaycanın tibb ocaqlarında elə yüksək şərait yaradılıb ki, başqa ölkələrin vətəndaşları müalicə üçün Azərbaycana gəlirlər. Bakıda və respublikanın regionlarında yaradılmış çoxsaylı müalicə-dianostika mərkəzləri, ixtisaslaşmış xəstəxanalar, eyni zamanda, özəl klinikalar bu gün dünyadakı ən müasir standartlara cavab verir. Tibbin bütün sahələri üzrə yüksək ixtisaslı kadrlarımız da mövcuddur. Bu isə bizə xəstələrin yüksək səviyyədə müalicəsi işini təşkil etməyə imkan verir.
Hazırda Bakıda keçirilən beynəlxalq səhiyyə tədbirində dünyanı narahat edən qeyri-yoluxucu xəstəliklərin, eləcə də şəkərli diabet, vərəm və s. kimi xəstəliklərin artması və onlarla mübarizə məsələsi geniş müzakirə olunur. Məhz bu və digər xəstəliklərlə mübarizə məqsədilə "Sağlamlıq-2020" Fəaliyyət Proqramı müzakirəyə çıxarılıb. Xanım Çanın çıxışından məlum oldu ki, artıq bütün dünyada böyük aktuallıq kəsb edən qeyri-yoluxucu xəstəliklərlə mübarizəyə yaxın 20 il ərzində 30 trilyon dollardan çox vəsait tələb olunur. Bunun üçün dünya dövlətləri özlərinin maliyyə imkanlarını səfərbər etməlidirdər. İnanırıq ki, insan sağlamlığı məsələsini daim diqqət mərkəzində saxlayan Azərbaycan dövləti də bu problemlə mübarizəyə öz layiqli töhfələrini verəcək.

{nl}

Söhbəti yazdı: Paşa ƏMİRCANOV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında