Gəncədə daha bir iri layihə reallaşır

Söhbət şəhərin su və kanalizasiya sisteminin yenidən qurulmasından gedir

{nl}

Gəncə sakinləri, ictimaiyyətin nümayəndələri artıq adət ediblər ki, hər görüşdə, toplantıda təzə bir xəbər, xoş müjdə eşidəcəklər. Şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyev bu dəfə də gəncəliləri yeni bir xəbərlə sevindirdi. Yeni su anbarının təməlqoyma mərasimində çıxış edən şəhər rəhbəri qeyd etdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev regionların sosial-iqtisadi inkişafı üçün böyük diqqət və qayğı göstərir.
Bunun təzahürünü Gəncə şəhərinin timsalında da görmək mümkündür. Bu gün şəhər geniş tikinti meydançasını xatırladır. İri miqyaslı layihələrdən biri də şəhərin su və kanalizasiya sisteminin yenidən qurulması ilə bağlıdır. Möhtəşəm layihənin reallaşması gəncəliləri uzun illərdən bəri davam edən problemlərdən birdəfəlik xilas edəcəkdir. Layihənin icrası başa çatdırıldıqdan sonra Gəncə sakinləri 24 saat ərzində fasiləsiz su ilə təchiz olunacaqlar. Yenidənqurma işləri başa çatdıqdan sonra şəhər Göygöldən özüaxınlı olmaqla saniyədə 200 litr, Gəncəçayın Qızılqaya yatağından saniyədə 78 litr, Şəmkir su anbarından isə saniyədə 1141 litr su alacaqdır.
Mərasim iştirakçıları başçının bu sözlərini alqışlarla qarşıladılar.
Su anbarının təməlqoyma mərasimində İsveçrənin ölkəmizdəki səlahiyyətli səfiri xanım Sabina Şaban, Almaniya İqtisadi Əməkdaşlıq Nazirliyinin Qafqaz üzrə nümayəndəsi xanım Silka Klüvert, "KF" bankının meneceri cənab David Betoloza, "Azərsu" Səhmdar Cəmiyyətinin sədr müavini Seymur Seyidov və başqaları çıxış etdilər.
Qeyd edək ki, Gəncə şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması üçün hələ 2003-cü ildə Almaniya hökumətinin yardımı hesabına texniki-iqtisadi əsaslandırma hazırlanmışdı. 2006-cı ildə tərtib olunan maliyyələşdirmə müqavilələrinə əsasən bu mühüm işin Almaniya hökumətinin "KF" Bankı vasitəsilə ayrılan 33,59 milyon avro kredit, İsveçrə İqtisadi Əməkdaşlıq təşkilatının xətti ilə buraxılan 331 milyon avro məbləğində qrant və Azərbaycan hökumətinin 4,67 milyon avro məbləğində payı hesabına reallaşması nəzərdə tutulurdu. Lakin mütəxəssislər bu məsələyə yenidən baxdıqdan sonra bu qərara gəldilər ki, ayrılan vəsaitlə şəhərin su və kanalizasiya sistemini tamamilə yenidən qurmaq mümkün olmayacaq və bu, sistemin yalnız 54 faizinin yeniləşməsinə kömək edə biləcəkdir. Məhz Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Gəncəyə və gəncəlilərə olan diqqət və qayğısı sayəsində bu məsələyə yenidən baxıldı, su təchizatı və kanalizasiya xətlərinin, habelə çirkab suların təmizləmə qurğuları sisteminin 100 faiz əhatə olunmaqla tikintinin genişləndirilməsi barədə qərar qəbul edildi. Başqa sözlə, layihənin tam reallaşması və icrası üçün 212,5 milyon ABŞ dolları məbləğində vəsaitin lazım olması müəyyənləşdi.
Bu iş şəhərin həyatında görülməmiş iri bir layihədir. O, üç mərhələdə həyata keçiriləcəkdir.
Birinci mərhələdə Göygöl suötürücü qurğular sahəsi bərpa olunacaq, Göygöl-Gəncə magistral boru xətti inşa ediləcək, ümumi həcmi dörd min kubmetr olan yeni su anbarı tikiləcəkdir ki, Gəncə ictimaiyyətinin nümayəndələri artıq onun təməlqoyma mərasimində iştirak etdilər.
İkinci mərhələdə Qızılqayadan gələn qurğular bərpa ediləcək, yeni su anbarı inşa olunacaq və şəbəkənin bir hissəsi yenidən qurulacaqdır.
Üçüncü mərhələdə isə Şəmkir su anbarından təzə xətt çəkiləcək və kanalizasiya sistemində bütün işlər başa çatdırılacaqdır. Yuxarıda qeyd etdiyimiz kimi, hər üç mərhələdə işlər yekunlaşdırıldıqdan sonra Gəncə şəhərinə saniyədə 1419 litr su veriləcəkdir ki, bu da şəhərin su ilə tam təmin olunması deməkdir.
Mərasim iştirakçıları bildirdilər ki, artıq layihənin birinci mərhələsi üçün işlərə start verildi. İş tenderin qalibi olmuş Türkiyənin "Haselsan" tikinti şirkəti tərəfindən həyata keçiriləcəkdir. Şirkət "Azərsu" ASC ilə müqavilə bağlamışdır.
Təməlqoyma mərasimində AMEA-nın müxbir üzvü, Gəncə Regional Elmi Mərkəzin direktoru Fuad Əliyev çıxış edərək yeni layihənin reallaşmasını şəhərin həyatında mühüm hadisə kimi qiymətləndirdi və bunun üçün gəncəlilər adından ölkə Prezidenti İlham Əliyevə dərin minnətdarlığını bildirdi.
Mərasimdən sonra Elmar Vəliyev, Sabina Şaban və Silka Klüvert betontökən qurğunu işə salan pultun düyməsini basdılar.
Bəli, Gəncədə daha bir iri layihə reallaşmağa başladı. Gəncə sakinləri artıq hiss edirlər ki, şəhər tezliklə dünyanın ən inkişaf etmiş şəhərlərindən birinə çevriləcəkdir. Bunu şəhərdə aparılan geniş abadlıq, quruculuq və yenidənqurma işləri bir daha sübut edir. Şəhərdə tezliklə yeni iri sənaye müəssisələri işə düşəcək. Heydər Əliyev mərkəzi, Nizami mərkəzi, gənclər üçün yeni saray və digər işlər həyata keçirilir. Yollar, prospektlər genişləndirilir, binaların dam örtükləri, fasadları yenidən qurulur, təzə park və xiyabanlar salınır, kommunikasiya xətləri yenilənir, müasir şəhərsalma qaydalarına uyğun aparılır. Son 6-7 ay ərzində şəhərdə az qala 15-20 ilin işi görülüb. Bir faktı hamı etiraf edir ki, şəhərdə əvvəllər də müəyyən abadlıq, tikinti-quraşdırma işləri görülüb. Amma Gəncənin tarixində heç vaxt bu qədər, özü də eyni vaxtda iri miqyaslı işlər həyata keçirilməyib. İlk vaxtlar bir qədər tərəddüd edən sakinlər də artıq şəhər icra hakimiyyətinin başçısı haqqında belə deyirlər: "İşləyən, Gəncəni hədsiz sevən adamdır, halal olsun".

{nl}

Hamlet QASIMOV, "Xalq qəzeti"nin bölgə müxbiri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında