Qərəzli dairələrin məkrli "informasiyalar"ı "WikiLeaks"ı sarı mətbuat səviyyəsinə endirib
{nl}
Azərbaycanın hələ XX əsrin əvvəllərində öz dövlət müstəqilliyinə qovuşması, üstəlik müsəlman Şərqində ilk demokratik dövlət formalaşdırması nəinki regionda, hətta, daha geniş bir məkanda böyük qısqanclıqla qəbul edilmişdi. Bu qısqanclığın nəticəsi hamıya məlumdur. Çox təəssüf ki, əsrin sonunda öz dövlət müstəqilliyimizi bərpa edəndən sonra da həmin tendensiyanın, üstəlik, daha geniş şəkildə davam etdiyinin şahidinə çevirildik.
Ulu öndər Heydər Əliyev Naxçıvandan Bakıya dəvət edilməsəydi, bəlkə də ikinci dövlət müstəqilliyimiz əsrin əvvəlindəki müstəqilliyimizdən də az yaşayacaqdı. Amma böyük öndərin siyasi iradəsindən bəhrələnən Azərbaycan öz dövlət müstəqilliyini əbədiləşdirə bildi. Bu isə dünyanın bəzi ölkələrindəki bədxahlarımızı nəinki qıcıqlandırır, hətta, çox ciddi şəkildə narahat edir. Məhz həmin narahatlıqların nəticəsidir ki, özü görünməyən dirijorların sehrli çubuğu müxtəlif kütləvi informasiya vasitələrinə köhnə bayatıları yeni adda səsləndirmək işarəsi verir.
Gündən-günə inkişaf edən, bir neçə istiqamətdə ən müasir nümunələr formalaşdıran, əsas insan hüquq və azadlıqlarının qorunmasında əksər Avropa ölkələrini üstələyən, vətəndaş cəmiyyətinin formalaşdırılmasında dünya təcrübəsi səviyyəsində uğurlara imza atan, işsizliyin və yoxsulluğun iti sürətlə azalmasına nail olan, ölkə əhalisinin sosial-rifah halını nəinki ildən-ilə, hətta, aydan-aya yaxşılaşdıran Azərbaycan Avrasiyanın ən sürətlə inkişaf edən ölkələrindən birinə çevrilir. Dünyanın haqqı, ədaləti, obyektivliyi, halallığı üstün tutan dövlətləri və güc mərkəzləri bu həqiqəti alqışlayır və gənc müstəqil Azərbaycanın daha da qüdrətlənməsi istiqamətində rəsmi Bakını dəstəkləyirlər. Ancaq çox təəssüf ki, tarixin bütün dönəmlərində olduğu kimi bu gün də qara qüvvələr, qaragüruhçu təşkilatlar, bədxahlar və sağlam rəqabət hissindən məhrum olan siyasətçilər var və onlar öz çirkin əməllərindən əl çəkə bilmirlər. Bir zamanlar dünyanın aparıcı kütləvi elektron informasiya vasitələrindən olan "WikiLeaks" internet saytının hörmətsiz sarı mətbuat səviyyəsinə düşməsinin səbəbi də məhz həmin təşkilatların və şəxslərin sayta ötürdüyü, qərəzli, məkrli, çirkin, xüsusən də əsası olmayan, uydurma "informasiyalardır".
Bir müddət əvvəl adıçəkilən saytın səhifələrində dünyanın az qala bütün dövlət başçıları haqqında cəfəng və uydurma materiallar verilmişdi. Özü də həmin materialların böyük əksəriyyəti guya müxtəlif ölkələrdəki diplomatlara istinadən verilirdi. O zaman ABŞ, Çin, Rusiya, Britaniya, Fransa, Türkiyə və başqa ölkələrin diplomatları həmin cəfəngiyyata qarşı ciddi etiraz etmiş, onların adından verilən məlumatların əsassız olduğunu söyləmişdilər. Həmin materiallar yayılanda da adıçəkilən ölkələrin rəsmiləri bəyan etmişdilər ki, bu, çirkin məqsədli qüvvələrin məkrli əməlindən başqa bir şey deyildir.
Məhz həmin çirkin məqsədli qüvvələrin məkrli əməlləri bu gün də davam edir. Azərbaycanın sürətli tərəqqisindən yuxusu qaçan qüvvələr indi rəsmi Bakıya qarşı ağlasığmaz iddialarla çıxış edirlər. Adını "Azərbaycan həqiqətləri" qoyduqları materiallarda ölkəmizin istənilən sosial sahəsində və istənilən guşəsində əldə olunmuş nailiyyətlərdən qətiyyən söz açılmır. Əksinə, müəyyən dövlət məmurları haqqında ağlasığmaz uydurmalar səsləndirirlər. Məsələn, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev haqqında yazırlar ki, guya onun nəzarətin də bir neçə şirkət var və həmin şirkətlər geniş tikinti işləri ilə məşğul olurlar. Həmin cəfəng materiala münasibət bildirən akademik Ramiz Mehdiyev bu qəbildən olan "informasiyaların" ölkəmizin dostu və tərəfdaşı olan Amerika Birləşmiş Ştatlarının nüfuzuna xələl gətirəcəyini söyləyib: "Əgər doğrudan da dünyanın nəhəng dövləti bütün ölkələrlə siyasətini öz səfirlərindən aldığı subyektiv mülahizələr, yalan və uydurma məlumatlar əsasında quracaqsa, onda onun dünya xalqları arasındakı gələcək nüfuzunu təsəvvür etmək heç də çətin olmayacaq. Başqa cür düşünmək çox çətindir, çünki belə əcaib hallar son zamanlar tez-tez təkrarlanır".
Yaxud başqa bir məqama diqqət yetirək. "WikiLeaks" yazır ki, guya Azərbaycan Prezidenti GUAM tədbirindən sonrakı ziyafətdə qonaqlara onları heyrətləndirəcək bir iqamətgah, villa göstərib. Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov mətbuata verdiyi müsahibədə bildirib ki, adı çəkilən tədbir Zuğulba dövlət iqamətgahının qonaq evində keçirilib və orada nə "informasiya" müəlliflərinin qeyd etdiyi sauna var, nə də qonaqları heyrətləndirəcək hansısa təsvir.
Azərbaycanın qonşu dövlətlərlə münasibətlərinə aid səsləndirilən fikirlər də tamamilə göydəndüşmə və əsassız iddialardır. Xüsusən, Azərbaycan Prezidentinin guya İranla bağlı söylədiyi fikirlər absurd və gülüncdür. Qərb uydurmalarının dövrəyə atdığı həmin ifadələr nə Bakıda, nə də Tehranda qəbul edilir. Hamı o məzmunlu cəfəngiyyatın hansı məqsədə xidmət etdiyini çox yaxşı bilir.
Prezident Administrasiyasının daha bir rəsmisi - beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədovun "WikiLeaks"ın uydurmalarına münasibəti bir qədər fərqlidir: "Təəssüf ki, XXI əsrin ikinci onilliyində belə hadisələr baş verir, özü də çox tez-tez. Hər gün, hər həftə müəyyən bir məlumat kampaniyası müşahidə olunur. Dominik-Stross-Kanla bağlı prosesi izlədiniz. Belə misallar nə qədər istəsəniz, gətirə bilərəm. Bir şeyi sizə əmin edirəm, demək olar ki, bütün ölkələrdə siyasətlə məşğul olanlar bu məlumatlara məhəl qoymur, onların hansı xarakter daşıdığını, hansı məqsədə xidmət etdiyini yaxşı anlayırlar".
Yəni, bu addımlar təkcə bizə qarşı deyil, kiminsə qısqanclıqla qarşıladığı istənilən dövlətə və istənilən adama qarşı atılır. Onun da bircə adı var - qara qüvvələrin qarayaxması. Vəssalam.
{nl}
İttifaq MİRZƏBƏYLİ, "Xalq qəzeti"
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.